vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ÜZBƏÜZ  
18:06 | 18 iyun 2014 | Çərşənbə Məqaləyə 4110 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir-birlərinə «gəda» dedilər

Partiya sədrinin Nobel mükafatına iddiası eksperti özündən çıxardı

MÖVZU İLƏ ƏLAQƏLİ

ADP sədri Sərdar Cəlaloğlunun 60 illik yubleyi ilə bağlı «Hüriyyət» qəzetinə verdiyi müsahibə ətrafında yaranan narazılıqlar artıq pik həddə çatıb. Həmin müsahibədə S.Cəlaloğlu özü haqda bir sızra fikirlər demişdi. ADP sədri özünü Eynşteynlə müqayisə edərək hətta Nobel mükafatına da iddia etdiyini dilə gətirmişdi.


Partiya sədrinin səsləndirdiyi fikirlərlə bağlı mətbuata açıqlama verən təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev onun fikirlərini qeyri-ciddi adlandıraraq, S.Cəlaloğlunu fizika və riyaziyyatdan kənar adam adlandırıb.

«Qafqazinfo» xəbər verir ki, öz növbəsində Sərdar Cəlaloğlu mətbuata açıqlamasında Etibar Əliyevə sərt cavab verərək, onu təhqir etməkdən belə çəkinməyib: «Çox təəssüf edirəm ki, «Yeni Müsavat» qəzeti mənim nəzəriyyəm haqqında məlumatı olmadığı halda başqa adamların şərhlərini verir. Bunu qəzet üçün nöqsan hesab edirəm. Yazı çıxdığı vaxt Naxçıvanda olmuşam. Təəssüf ki, bu yazıya vaxtında cavab verə bilmədim. Etibar Əliyevi tanımıram. Şərhlərini oxuduqda məlum oldu ki, onun ümumiyyətlə, elmdən xəbəri yoxdur. Deyib ki, Sərdar Cəlaloğlu kimdi ki, fizika elmindən çıxış edir. Bir insanın ixtisasından kənar başqa elmlərdən kəşflər etməsi, nəzəriyyələr verməsi normal bir haldır. XIX əsrə qədər hər hansı bir alimin ixtisasını müəyyən etmək olmur.

O, bildirir ki, əgər mən fizikadan nəsə bir nəzəriyyə verirəmsə, mütləq düsturla ifadə etməliyəm. Düstur hər hansı bir qanunun simvolik ifadəsidir. O adamın savadsızlığı burasındadır ki, bir çox elmlərin düsturu var. Hətta son illərdə humanitar elmlərdə belə düstur var. Dediklərimi ən mürəkkəb düsturlarla ifadə etmək qabiliyyətinə malikəm. Demişəm ki, Eynşteynə nisbilik nəzəriyyəsinə görə, Nobel verilməyib. Etibar isə deyir ki, mənim Nobel mükafatından xəbərim olmadığına görə belə demişəm. Sonra deyir ki, Sərdar Cəlaloğlu özünü Eynşteynlə müqayisə edir. Ona deyirəm ki, özümü kiminlə müqayisə etməyimin sənə nə dəxli var? Adam savadsız olar, amma insanlığını itirməz. Elmdən xəbəri olmaya-olmaya başqasının ünvanına mətbuatda bu cür sözlər söyləməz».

S.Cəlaloğlu Etibar Əliyevin ünvanına təhqiramiz ifadələrdə səsləndirib: «Etibar, sən məni haradan tanıyırsan? Haqqımda bu cür ifadələr işlətməyi öz şəxsiyyətinə necə sığışdırırsan? İnsanın mənliyi olar. Fizika üzrə respublika olimpiadasının qalibi olmuşam. Niyə sən elə düşünürsən ki, fizikadan heç nə bilmirəm. Bundan əlavə, mən kimya təmayüllü məktəbi bitirmişəm. Gedib, necə oxumağımla maraqlana bilər. Verdiyim nəzəriyyə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçirilib. Əgər sənin elmdən xəbərin varsa, vicdanın varsa, bir azərbaycanlı kimi fikirlərindən utan. Sən Eynşteyni, iti-qurdu kənara qoy. Gəl mənə de ki, Sərdar bəy, sən nə danışırsan? Hazırda dilçilik nəzəriyyəsi üzərində işləyirəm. Əgər dünyada belə nəzəriyyə olarsa, mən siyasətdən yox, insanlıqdan gedəcəm. Qardaşım, sən məni tanımırsan, savadımın nə yerdə olduğunu bilmirsən. Hər bir fənn üzrə diskussiya apara bilirəm. Sən kimsən ki, qəzetdə ağzına gələni danışırsan? Müasir elmin nə olduğunu anlamayan birisinin haqqımda bu cür sözlər deməsi rüsvayçılıqdır. O adama sual verirəm, sən elmin nə olduğunu bilirsən? Elmi şüur nədir? Hazırkı dövrümüzdə elmə tələb nədir? Bu suallara o, cavab versə, mən deyəcəm ki, səhv etmişəm, Eynşteyn məndən ağıllıdır. Sən adını belə yaza bilmirsən. Əzbərlədikləri sözləri işlətməklə elə zənn edir ki, elmdən xəbəri var. O, kimdir ki, debatda məni üstələsin. Mətbuatın səhvi odur ki, onun kimi gədələrdən müsahibə alıb, yayır. Onun ümumiyyətlə, nəzəriyyəm haqqında xəbəri belə yoxdur. Harada olmasından asılı olmayaraq, onunla debata belə çıxaram».

Barəsində səslənən fikirlərə münasibət öyrənmək üçün Etibar Əliyevlə əlaqə saxladıq. O, Sərdar Cəlaloğlunun fikirlərinə sərt təpki göstərdi: «Sərdar bəyin işlətdiyi küçə ifadələri elm əxlaqına sığmayaraq mövzunu bulandırmaqdan ibarətdir. Halbuki mən öz tənqidlərimdə qətiyyən təhqirə yol verməmişəm. O isə yersiz, arqumentsiz və isterik vəziyyətdə öz fikirlərini təhqiramiz şəkildə ifadə etməyə çalışır.

Bircə faktı deyim, Sərdarın elm tarixindən əsla xəbəri yoxdur. Necə yəni «XIX əsrə qədər hər hansı bir alimin ixtisasını müəyyən etmək olmur». Görünür ki, Sərdar bu böyük alimlərin - Qaliley, Nyuton, Bolsman, Kelvin, Valles, Koşi, Veyyerştras, Lavuazye və başqalarının ixtisasını hələ də müəyyən edə bilməyib. Əslində Sərdarın özünün ixtisası ictimaiyyətə məlum deyil. Nisbilik nəzəriyyəsini qoyaq bir tərəfə, mən onun məşğul olduğu siyasət elminin prezident seçkilərində tətbiqini gördüm. O, nisbilik nəzəriyyəsini yaxşı bilsə idi, seçkidən qabaq  Hafiz Hacıyevdən az, ya çox səs topladığını bilərdi. Çox təəssüflər olsun ki, seçkidən sonra bunu bildi, partiya sədrliyindən istefa verdi. Sonra utanmaz-utanmaz postuna qayıtdı.

Sərdarın son 20 ildə məşğul olduğu sahə siyasətdir. İndi siyasətə, sosiologiyaya və başqa sahələrə ən çox tətbiq olunan terminlər Kvant fizikasının terminləridir. Sərdar Cəlaloğlu yəqin indi adını çəkdiyim bir fiziki - Verner Heyzenberqi tanımaz. Onun çox maraqlı bir fikri yadıma düşdü: «Biz atom daxili prosesləri çox qısa bir vaxtda tədqiq edib, qurtara bilərdik. Ancaq buna elektron imkan vermədi. O günün birinci yarısı özünü zərrəcik, ikinci yarısında isə dalğa kimi aparır». Bu ifadə Sərdara çox uyğundur. O, siyasətdə günün birinci yarısında özünü iqtidar nümayəndəsi, ikinci yarısında isə müxalifət nümayəndəsi kimi aparır. Elmdə də özünü «elektron» kimi aparır. Gah fizik olur, gah həkim olur, gah da sosioloq. Ona görə də bu adamı tanımaq olmur. Elm söyüşü və özündən müştəbehliyi sevmir. Məni debata çağırır.

 Amma özünə qarşı olan tənqidi fikirlərə qarşı Sərdarın isterik, qeyri-əxlaqi və arqumentsiz yanaşması onun debatda da qeyri-ciddi hərəkətlərinə səbəb olacaqdır. Bu səbəblə də Sərdarla debata çıxmaq mənasızdır. Əvvəl dediklərimi yenə də təkrar edirəm. Sərdar riyaziyyat və fizikadan çox uzaq adamdır. Onun çızmaqarasına baxmadan deyirəm ki, Nisbilik nəzəriyyəsində hər hansı bir kəşfə imza atması absurddur. Sərdarın mənə cavabında qoyulan sualları mən tələbə vaxtı oxumuşam. Amma onun indiki psixi durumu imkan vermir ki, mən ona nəyisə izah edim. Onun mənə qarşı işlətdiyi gədə sözünə cavab olaraq bildirirəm ki, gədənin ən yekəsi onun özüdür. Və onu gədə kimi də tanıyırlar».