vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
QALMAQAL  
16:15 | 26 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 2918 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İfadə azadlığından aşırı istifadə...»

Vəkil Elçin Sadıqov Xədicə İsmayılova və Qənimət Zahidə sərt cavab yazdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Vəkil Elçin Sadıqov özünün Facebook səhifəsində son vaxtlar sosial şəbəkələrdə və «Azadlıq» qəzetində onun haqqında yazılan tənqid və təhqirlərə sərt cavab yazıb. Virtualaz.org xəbər verir ki, vəkil «Sizin qarayaxmalarınız və mənim haqlarım» adlı cavabında yazır ki, son günlər ona qarşı aparılan qarayaxma kampaniyası ifadə azadlığı çərçivəsinə sığmır və onu gözdən salmağa xidmət edir. E.Sadıqovun yazısını müəyyən ixtisarlarla təqdim edirik:

***

 

Son 15 gündə ciddi qarayaxma kampaniyasına məruz qaldım. İki həftə ərzində ölkədə olmadığımdan, tərslikdən qolumu zədələdim, sarğıda olduğumdan cavab yazmaq imkanında olmadım. Nə yazıq ki, vəkillik karyeramın önəmli hissəsini jurnalistlərin, medianın hüquqlarının müdafiəsinə həsr etsəm də cavab haqqımı soran olmadı. Qərar verdim ki, hamısına bu yazı ilə cavab verim və işimə davam edim.

Hər şey ondan başladı ki, vətəndaş cəmiyyəti qurumlarının hazırladığı siyasi məhbus olduqları güman edilən şəxslərin siyahısı açıqlandı, siyahıya dəstək verən şəxslərin siyahısında həm mənim adım, həm də 2005-ci ildə təsis etdiyim və rəhbəri olduğum, bu günədək heç bir fəaliyyəti olmayan qeyri-hökumət təşkilatının adı da vardı. Mən heç kimə bu siyahıya dəstək razılığı bildirməmişdim, siyahının hazırlanmasında iştirak etməmişəm, heç bir müzakirəyə dəvət edilib, qatılmamışam da.

Mənə hücumların ardıcıllığı belə idi:

- Jurnalist Xədicə İsmayıl vəkil olaraq mənim xidmətimdən imtina etdi. Halbuki, həmin vaxtı ümumiyyətlə mən onun vəkili deyildim. Xədicə xanım başqalarını da buna çağırdı. Onlarla tanınmış ictimai fiqurun bir arada olduğu şəbəkədə mənə böhtan atdı – Xədicə xanım təxminən belə yazdı ki, Elçin Sadıqov yenicə həbs olunmuş hüquq müdafiəçisi Rəsul Cəfərovun əleyhinə ifadə verib...

Bir neçə gün öncə isə güman etməyəcəyim baş verdi, «Azadlıq» qəzeti barəmdə mənə lap yaxşı məlum olan qurama «Azadə» imzası ilə təhqir məzmunlu yazı dərc etdi – guya mən jurnalistləri pulla müdafiə etmişəm, peşə prinsiplərinə xəyanət etmişəm, məqsədim müdafiə yox, məşhurlaşmaq olub, və müqayisəli aşağılamalar, təhqirlər...

Elə «Azadlıq» qəzetindəki yazıdan başlayıram. Təbii ki, barəmdə belə bir yazının yazılmasına görə min dəfə təəssüf edirəm. Mən bu qəzetə qarşı iddialara, şikayətlərə illərimi vermişəm. 2006-cı ildən bu yana «Azadlıq» qəzetinin ən azı 50 məhkəmə işini ən yüksək məhkəmə instansiyasınadək aparmışam. Qəzetin üzərinə təhqirə, böhtana görə qoyulmuş yüz minlərlə manat təzminatın ləğv olunmasına elə öz məhkəmələrimizdə nail olmuşam. Bu qəzetin cinayət təqibinə məruz qalmış baş redaktorundan, baş direktorundan tutmuş sıravi jurnalistinə qədər hamısının müdafiə yükünü MHİ-dəki həmkarlarımla birgə mən çəkmişəm. Davamlı maliyyə böhranı içində olan bu qəzetin məhkəmə işləri üçün dövlət rüsumlarını belə ödəmişik, qəzetə poçtalyonluq etmişik, hazırladığımız şikayət, iddiaları imzalatdırmaq üçün həftələrlə arxalarınca gəzmişik. Azərbaycanın müxalif düşüncə platformalardan biri kimi ifadə olunan bu qəzetin üzləşdiyi bütün hüquq pozuntularını başqa jurnalistlərin, qəzetlərin işlərində olduğu kimi fasilə vermədən ən yüksək səviyyədə, ən yüksək məhkəməyə aparmışıq. Bizi heç bir əsas olmadan «vicdansız hüquqi müdafiədə» ittiham edənlərə deyim ki, Avropa Məhkəməsi hələ ki, həmin işlərdən birinə (Qənimət Zahidin məhkəməyə qədər həbs işi) baxıb - Q.Zahidin hüquqlarının pozulduğu təsdiqlənib və hökumət buna görə jurnalistə 10 000 avro ödəyəcək. Əminəm ki, bütün işlər uduşlu işlər olacaqdır.

Hazırda mənə ittihamların kökündə həm də o dayanır ki, hüquqlarını müdafiə etdiyim şəxslərin obrazını ifadə etməliyəm, onların həyatdakı rolunu oynamalıyam. Məni hüquqlarını müdafiə etdiyim şəxslərin şəxsiyyəti ilə eyniləşdirməyə çalışırlar, ifadə edirlər ki, müxalif düşüncəli insanları, hökuməti tənqid edən jurnalistləri müdafiə etdiyimdən mütləq onların roluna girməli, onların düşüncə və ideyalarını üstlənməliyəm. Bu yolverilməzdir. Vəkilin şəxsiyyəti heç bir halda müdafiə etdiyi şəxsin şəxsiyyəti ilə eyniləşdirilə bilməz. Vəkil olaraq kimsənin məni hüquqlarını müdafiə etdiyim oğru, adam öldürənin şəxsiyyəti ilə eyniləşdirməyə haqqı yoxdur, o cümlədən də yazısına görə həbs olunmuş jurnalistin, şərləndiyi iddia olunan siyasət adamının, hüquq müdafiəçisinin şəxsiyyəti ilə... Heç bir qanun və məntiq heç kəsə belə haqq verməyib. Mən bitərəfəm və siyasətlə heç vaxt məşğul olmamışam, indi də məşğul olmuram, məni peşəkar vəkil edən də müstəqilliyimdir. Bu proseslər məndə belə bir qənaət yaratdı ki, məni qınayanlar vəkillə hüquq müdafiəçisinin, hüquq müdafiəçisi ilə müxalif olmağın fərqini belə bilmirlər. Ömür boyu söz azadlığından danışanlar bir ifadəmə görə az qaldılar məni güllələsinlər. Budurmu sizin fərqli fikrə münasibətiniz?

Budurmu sizin tolerantlığınız?

Son günlərdə həbsdə olan gənclərin mənim vəkilliyimdən imtina etməsi haqqında kampaniya aparıldı. Bildiyim qədəri ilə, ətraf mühitdən təcrid edilmiş gənclər bunu kənardan onlara aparılan təbliğat sonucu ediblər. 2-3 gün öncə, həbsxanada, çöldə baş verənlərdən senzuralı xəbər tutan NİDA üzvü olan gənclərlə görüşdüm. Sualları vardı. Söhbətləşdik. İntellektual gənclər vəkilin statusu, vəkil peşəsi nədir, çox yaxşı anlayırlar, mənim xidmətimdən imtina etmədiklərini bildirdilər, onların hüquqlarının müdafiəsinə davam edəcəyəm. Gənclərdən Rəşadət Axundov xüsusilə Avropa Məhkəməsinə göndərdiyimiz şikayətlə ilgilənməmi istədi.

Vəssalam...

Mənə qarşı kampaniyanın əvvəlində, ortasında, hər yerində hörmətli jurnalist Xədicə İsmayılova var. Xədicə xanımın çevrəsində olan elə bir jurnalist olmadı ki, məni haqsız aşağılamağa hesablanan yazı yazmasın. Avqustun 19-da Xədicə xanım və dostları ilə qəlyanaltı edən Elnur Astanbəyli həmən qələmə sarılıb, məni aşağılamağa çalışdı. Belə nümunələr təəssüf ki, xeyli çoxdur. Xədicə xanım açıqlamamdan dərhal sonra məndən və MHİ-dən imtina etdiyini açıqladı. MHİ imtinadan sonra Xədicə xanımın məhkəmə işləri ilə bağlı bütün sənədləri onun özünə təqdim etdi.

Xədicə xanım bütün beynəlxalq təşkilatlara yazdı ki, MHİ və orda çalışanlar (bəzi məktublarda MHİ ilə əmkdaşlıq edən və etmiş bütün şəxslərin (hətta 2011-ci ildə MHİ ilə əməkdaşlıq etmişlər) adları sadalanır) hökumətə işləyir, onlarla əməkdaşlıq etməyin. Belə məktublar təbii ki, çox zərərli oldu. Azərbaycanda media yeganə sahə idi ki, hüququ pozulanlar müraciət etməyə, kömək istəməyə instansiya tapırdılar. Bu məktublar bu vasitəni sıradan çıxardı.

Mən ictimai maraq, ictimai fayda anlayışlarından xəbərdaram. Əgər Xədicə xanımın yazdıqlarında, yazdırdıqlarında ictimai maraq yükü olsaydı bu məsələlərin üzərinə heç getməzdim. Ancaq əminəm ki, mənə və əməkdaşlıq etdiyim MHİ-yə qarşı qaralamalarının məqsədi şəxsi maraqdır. Bir neçə ay öncə USAİD 2.4 milyon dollar həcmində qrant müsabiqəsi elan edib. Bildiyimə görə, 3 iddiaçı var - İREX və İnternyus təşkilatları. Hər iki təşkilat müsabiqəni udacaqları təqdirdə MHİ ilə əməkdaşlıq edəcəkdilər. 3-cü iddiaçı isə öz çevrəsi ilə hörmətli Xədicə xanım İsmayılovadır, araşdırma jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı layihə təklifi verib. Mən belə bir nəticə çıxarmaqla tamamilə haqlıyam ki, Xədicə xanımın mənim və əməkdaşlıq etdiyim MHİ-nin əleyhinə qaralama kampaniyasının məqsədi qrant müsabiqəsinin əsas iddialıları olan iki təşkilatın tərəfdaşsız qalması görüntüsünü yaratmaqla öz layihəsinə əlavə şans qazandırmaqdır. İzah bu qədər sadədir. Ancaq vicdanlı mübarizədə, rəqabətdə bu ən son yollardandır...

İş orasındadır ki, Xədicə İsmayılovanın təkcə jurnalistlərə qarşı böhtan və təhqirə görə 4-5 iddiası var. Başqa çoxsaylı işləri ilə bərabər bütün bu işlərini də aparmışıq, artıq Avropa Məhkəməsindədir. «Azadlıq» qəzetində olduğu kimi, ona da poçtalyonluq etmişik, hüquqlarının qorunması üçün hüquqçunun edə biləcəyi hər şeyi etmişik. Xədicə xanım böhtanın, təhqirin nə olduğunu Azərbaycanda ən yaxşı anlayanlardan olmalıdır. Ancaq o, mənə böhtan atdı. Yazıb ki, mən Rəsul Cəfərovun əleyhinə ifadə vermişəm. Belə davranış bəlkə də sizin üçün önəmsiz ola bilər, ancaq mənim üçün çox önəmlidir. Əminəm ki, Xədicə xanım belə bir ifadənin olmadığından xəbərdardır, bilə-bilə qara yaxdığını da dəqiq bilir. Odur ki, Xədicə xanım bu yazdıqlarını təkzib etmək, üzr istəmək zorundadır. Özünə hörmət edən, jurnalist azadlığının sərhədlərinin harada başlayıb - harada bitdiyini bilməli olan qələm adamı bunu sübut etməli və ya ən azı bunu təkzib edərək, məndən üzr istəməlidir...

...Yazımın əvvəlində ifadə azadlığının önəmini, demokratiya quruculuğunda rolunu qeyd etdim. Sonda isə vurğulamaq istəyirəm ki, ifadə azadlığı mütləq deyil, bu azadlıqdan aşırı istifadə məhdudiyyətlərə, hətta bəzi hallarda cinayət təqibinə məruz qala bilər. İfadə azadlığı o zaman daha effektiv olur ki, hər kəsin ifadə azadlığına, şəxsi həyatına, nüfuzuna sayğı ilə yanaşılır. Odur ki, mən yalan olduğunu bilə-bilə məni aşağılayan, təhqir edən ifadələri ictimaiyyətə yayan Xədicə İsmayılovadan, «Azadlıq» qəzetindən, adını çəkmədiyim digər dostlardan təkzib, üzrxahlıq gözləyirəm.