vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
Tayfa davası 09:44 | 9 iyul 2025 | Çərşənbə Məqaləyə 27 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tayfa davası

Bərzanilər və Təlabanilər arasında rəqabət meydanı

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqda kürdlər arasında qarşıdurmalar yenidən alovlanıb. Silahlı toqquşmalar bölgənin şimalında baş verərək Kürdüstan Regional Hökumətinə (KRH) qarşı yönəlib. Bu dəfə üsyan edən Hərki tayfasıdır. Onlar Bərzani nəslinin rəhbərlik etdiyi İraq Kurdüstanı Muxtariyyətinin rəhbərliyinə qarşı qiyam qaldırıblar.

Rəsmi səbəb kimi Hərki tayfasının liderlərindən birinin KRH təhlükəsizlik qüvvələri – “Asayiş” tərəfindən həbs olunmaq cəhdi göstərilir. Hadisələr Ərbil yaxınlığında yerləşən Xabat bölgəsində, Qaraxancir kəndində baş verib. Təhlükəsizlik qüvvələri torpaq mübahisəsi çərçivəsində tayfa üzvünü həbs etməyə çalışsa da, tayfa üzvləri buna müqavimət göstərərək öz liderlərini xilas ediblər və Ərbil istiqamətində hücuma keçiblər. Məqsədləri isə Bərzani ailəsini devirməkdir.

Əslində isə bu qarşıdurmanın arxasında daha ciddi və dərin səbəblər dayanır. Bağdadla İraq Kürdüstanı Muxtariyyəti hökuməti arasında neft və qaz yataqlarının işlənməsi və mənimsənilməsi məsələsi uzun illərdir mübahisə mövzusudur. Hərki tayfasının üsyanı fonunda Bağdad fürsətdən istifadə edərək strateji əhəmiyyətə malik qaz yataqlarını öz nəzarətinə keçirmək istəyir. Bu məqsədlə İraqın təhlükəsizlik sisteminə daxil olan, lakin İran tərəfindən yaradılan,dəstəklənən və idarə olunan “Xalq Səfərbərlik Qüvvələri” (“Əş Həşdi Şabi”) Xor-Mor qaz yatağına doğru irəliləyiblər.

Üsyanın yerli səbəbləri də var: KRH-nin həyata keçirdiyi torpaq islahatı hərkilərin yaşadığı ərazilərə təsir edib, rəsmi kürd ordusu – “Peşmərgə”nin əsgərlərinə maaşların gecikməsi isə vəziyyəti daha da gərginləşdirib. Bu maaşlar, prinsipcə, Bağdad tərəfindən ödənilməlidir.

Hərki tayfası tarixi olaraq Bağdadla sıx əlaqələrə malik olub. Səddam Hüseyn dövründə onlar 150 min nəfərlik “Milli Müdafiə Batalyonları”nın əsas hissəsini təşkil edirdilər və İranla müharibədə İraq tərəfində vuruşurdular. Lakin ABŞ və Böyük Britaniya işğalına yaxın dönəmdə hərkilər Səddamdan üz çevirərək kürd müxalifətinə qoşuldular. Bu gün isə onların liderləri ABŞ-ın dəstəyi ilə qurulan yeni İraq hökuməti ilə əməkdaşlıq edir.

İraq Kürdüstanı Muxtariyyətinin rəhbərliyi isə uzun illər ABŞ və Qərb dəstəyi ilə İraqda ən sabit və inkişaf etmiş bölgə olmağı bacarıb. Lakin burada da korrupsiya, işsizlik, sosial bərabərsizlik və qiymət artımı ciddi problemlərdir.

İraq Kürdüstanı daima iki əsas tayfa – Barzanilər və Təlabanilər arasında rəqabət meydanı olub. Barzanilər sağ mərkəzçi “Demokratik Kürdüstan Partiyası”na rəhbərlik edir və ABŞ, İsrail və Türkiyənin dəstəyinə arxalanırlar. Təlabanilər isə sol-mərkəzçi “Kürdüstan Vətənpərvərlər İttifaqı”na rəhbərlik edir və əsasən İran və Britaniyadan dəstək alırlar. Bu iki tayfa 1994–1997-ci illərdə bir-biri ilə müharibə aparıb, yalnız ABŞ-ın müdaxiləsi ilə ortaq düşmən olan Bağdada qarşı birləşə biliblər.

Hazırda bölgədə faktiki olaraq ikipartiyalı siyasi sistem formalaşıb. Barzani klanı bütün region üzrə hakimiyyəti əlində saxlayır, Təlabanilər isə əsasən Süleymaniyyə şəhərinə nəzarət edir və İraq prezidentliyi ənənəvi olaraq onların nümayəndəsinə verilir. 2005-ci ildən bu yana İraq prezidenti yalnız kürdlərdən seçilir.

İraq Kürdüstanın daha bir özünəməxsus bölgəsi – Hələbcədir. Bura kürd islamizminin mərkəzi sayılır. Bu bölgədə “Kürdüstan İslam Qrupu” partiyası aktivdir, 2000-ci illərin əvvəlində isə burada “Ənsar əl-İslam” adlı, “Əl-Qaidə” ilə əlaqəli radikal islamçı təşkilat fəaliyyət göstərirdi. 2001-ci ildə “Taliban” modelinə uyğun “İslam Əmirliyi” qurmağa cəhd etdilər, lakin bu cəhd tezliklə yatırıldı.

Qeyd edim ki, İraq Kürdüstanı Muxtariyyətində vahid təhlükəsizlik strukturu mövcud deyil. “Peşmərgə” qüvvələrinin bir hissəsi Bərzani klanına, digər hissəsi isə Talabani klanına tabedir. Formal olaraq birgə komandanlıq olsa da, faktiki olaraq bu iki qüvvə bir-birinə düşməndir.

Hərki tayfası artıq KRH-yə məxsus “Peşmərgə”nin zirehli texnikasının məhv edildiyi görüntüləri yayıb. Bərzani klanı isə özünə sadiq tayfaları və müttəfiq qüvvələri səfərbər edib. Hərkilər də öz tərəfdarlarını silahlandırırlar. Bu arada, paytaxt Ərbildə toqquşmalar getdikcə güclənir və şəhər əhalisi digər bölgələrə qaçmağa başlayıb. Döyüşlər Ərbil vilayətinin ümumi ərazisini əhatə edir.

İraq Kürdüstanı Muxtariyyətinin baş naziri Məsrur Barzani Bağdadı tayfa üsyanlarına dəstək verməkdə ittiham edib və bildirib ki, İraq ordusunun Kürdüstan Muxtariyyətinin ərazisinə daxil olmasına və neft-qaz yataqlarını nəzarətə götürməsinə imkan verməyəcək.

Əslində isə baş verənlər Bağdad üçün böyük fürsət yaradır: mövcud xaosu bəhanə edərək İraq Kürdüstanı Muxtariyyətinə ordu yeridə və özünə daha sadiq hökumət qura bilər. Hətta bu vasitə ilə region üzərində hərbi nəzarəti də bərpa etmək istəyir.

İraq Konstitusiyasına əsasən, 2005-ci ildən sonra - Səddam Hüseyn devrildikdən sonra - İraq ordusunun İraq Kürdüstanı Muxtariyyəti ərazisində yerləşməsinə icazə verilmir. Bu bölgəyə Ərbil, Süleymaniyyə, Duhok və Hələbcə daxildir. Müdafiə və təhlükəsizlik funksiyalarını isə “Peşmərgə” və “Asayiş” yerinə yetirir.

Nəhayət, İraqda ərəb əhalisinin əhəmiyyətli hissəsi Kürdüstan bölgəsinin rəsmi Bağdad tərəfindən tam nəzarətə götürülməməsini olduqca ağrılı qəbul edir. Bu, ölkədə bir növ “Veymar sindromu” yaradıb - yəni öz suverenliyini itirmiş bir dövlətin kompleksini...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)