vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
Qəza qığılcımından başlayan yanğın 09:16 | 5 iyul 2025 | Şənbə Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qəza qığılcımından başlayan yanğın

Çıxış yolu imperial təkəbbürdən imtina edib bərabərhüquqlu dialoqa keçməkdir

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyadan – bu dəfə Yekaterinburqdan – ziddiyyətli xəbərlər gəlir. Rəsmi məlumatlarda bunu “istintaq” kimi qələmə versələr də, əsl mənzərə xeyli mürəkkəbdir.

Moskvanın özünün alovlandırdığı və dərinləşən böhran fonunda Yekaterinburq sadəcə Azərbaycan icmasına qarşı repressiv addımlar silsiləsinin növbəti halqasına çevrilib. Formal olaraq Rusiya hakimiyyəti vəziyyəti yumşaltmağa hazır olduğunu göstərməyə çalışır, lakin bu bəyanatların arxasında açıq və məsuliyyətli mövqe görünmür.

Azərbaycan bütün bu gərginlik dövrlərində ardıcıl şəkildə təmkin və praqmatizm nümayiş etdirib. Bakı üçün eskalasiya heç vaxt prioritet olmayıb və bu, dəfələrlə sübut olunub. Ancaq hər bir tərəfdaşlıq modeli qarşılıqlı məsuliyyət tələb edir. Əgər tərəflərdən biri – bu halda Rusiya – seçmə xarakterli repressiyalara yol verib, nifrət ritorikasını qızışdırır və bütöv bir xalqı demonizasiya edən kampaniyalar aparırsa, bu, sabitliyi təmin etmir.

Xüsusilə “Sadovod” və “Food City” bazarları ətrafında yaradılan süni təhlükə imici, “mafiya” və ya “beşinci kolon” damğaları ətrafında gedən ritorika diqqət çəkir. Bu ssenari artıq bir dəfə yaşanıb – Çerkez bazarının məhv edilməsi ilə nəticələnən proses hər kəsin yadındadır. İndi yenə oxşar metodlarla təzyiq göstərilir və bu, yalnız sahibkarlara deyil, bütövlükdə Rusiyadakı sosial mühitə də ağır zərbə vura bilər.

Azərbaycan təyyarəsinin Rusiya HHM tərəfindən vurulması məsələsi də hələ yaddaşlardan silinməyib. Həmin faciəni “balon partlaması” və ya “quşla toqquşma” kimi gülünc izahlarla ört-basdır etmək cəhdləri o qədər absurda çevrildi ki, qalan etimadı da sarsıtdı. Məhz həmin andan etibarən böhranın yeni mərhələsi başladı və Yekaterinburq hadisəsi sadəcə bu prosesin növbəti alovlanması oldu, əsla başlanğıcı deyil.

Əgər Moskva doğrudan da sadəcə, narazılığın qarşısını almaq deyil, həm də sabit və davamlı münasibətlər qurmaq istəyirsə, imperial təkəbbürdən imtina edib açıq, bərabərhüquqlu dialoqa keçməlidir. Azərbaycan icmasının hüquqlarına hörmət göstərilmədən və öz səhvlərini qəbul etmədən Rusiya eyni yanlış dövrə daxil olmaq riskini daşıyır.

Bəli, böhran gec-tez səngiyəcək – istənilən qarşıdurma bir gün tükənir. Fəqət əvvəlki etimad artıq itib və onu bərpa etmək son dərəcə çətin olacaq. Hətta indiyə qədər Moskvanın sağlam düşüncəsinə ümid bəsləyənlər də reallığı daha aydın görməyə məcbur qalırlar. Bu ayıqlıq isə, nə qədər paradoksal olsa da, müsbət nəticədir: illüziyaları dağıdır və gələcək qərarları yalnız real faktlara əsaslandırmağa imkan verir.

Hazırda proses davam edir və yekun nəticə çıxarmaq üçün bir qədər gözləmək lazımdır.

Amma bir həqiqət artıq aydındır: Rusiya əvvəlki şablonlara qayıda bilməyəcək, yəni azərbaycanlıları öz daxili çəkişmələrində rahat hədəf kimi istifadə etmək dövrü bitib.

Dünya dəyişib və Bakıya münasibətdə üslubu dəyişmək - yeni reallığa uyğunlaşmaq deməkdir.

Qalanını isə zaman göstərəcək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)