vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜSAHİB  
12:01 | 21 iyun 2016 | Çərşənbə axşamı Məqaləyə 3964 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Baba Pünhana əruzu mən öyrətmişəm»

Arif Buzovnalı: «Seyid Əzimin elə beyti var ki, yanımda desəydi onu güllələyərdim»

Mirmehdi AĞAOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Kulis.az qəzəlxan şair Arif Buzovnalı ilə müsahibəni təqdim edir.

- Arif bəy, bizim saytı izləyirsiz?

- Bəli, sizin sayta baxıram. Məqalələri oxuyuram. Bəzən birbaşa girirəm, bəzən də «Facebook»da paylaşım görəndə girib baxıram. Əsasən bizim sahəyə aid yazılara baxıram.


- Sizin sahə deyəndə nəyi nəzərdə tutursuz?

- Ədəbiyyatı, ədəbi yenilikləri. Elə adam var ədəbiyyata jurnalistlikdən gəlib. Görürsən ki, onun yaradıcılığı jurnalist qələmindən keçib və ya hələ də jurnalist qələmini saxlayıb, amma üstünə bir az bədiiyyat artırıb. Məsələn, Kənan Hacıda bu xüsusiyyət var. Bədii təfəkkürlə ədəbiyyata gələn insanla jurnalistikadan gələn insan arasında fərq var.


- Siz bunu müsbət keyfiyyət kimi dəyərləndirirsiz, amma deyim ki, çoxları müasir yazarları publisistik dillə yazmaqda qınayır.

- Bu zövq məsələsidir. Bizdən asılı olmayan tendensiyalar var ki, dünya onu yeridir, Azərbaycan qəbul eləməli olur. Bugünkü yazıçılarımızdan qərbmeylli olanlar o qədərdir ki.


- Bu, pisdir?

- Yaxşı tərəfi də var, pis tərəfi də.


- Eksperimentləri qəbul etmirsiz?

- Bir dəfə rəhmətlik Vaqif İbrahimoğlu tamaşadan sonra fikrimizi soruşdu. Dedim, Vaqif müəllim, bir gün siz dünyada olmayanda yolunuzu davam etdirən, anladığınızı, həyata keçirmək istədiyinizi bilməyəcək. Və siz əcaib bir teatrın əsasını qoymuş olacaqsız. Çox bəsit dünya görüşünə malik insanlar da o yoldan istifadə edib özlərini rejissor, aktyor kimi qələmə verəcəklər. Siz bunu bilib edirsiz, onlar bilmədən edəcəklər. Alim Qasımovu misal çəkə bilərəm. O, əlnən-qolnan oxuyur, ürəkdən oxuyur, halda oxuyur, başqası da Alimə baxıb onu təqlid edir, amma əslində o deyil. Qərb ədəbiyyatına münasibət də elədir. Məsələn, Rəsul Rza sərbəst şeir yazırdı. Oxuyanda görürsən ki, şeirdə hər şey qaydasındadır, onda belə gəlir, quraşdırmır. Başqa misallar da var. Amma ondan sonra yazan bir çox şair qurub-düzəldib. Yəni, yaradıcılıq adamın içindən gəlməlidir.


- Siz daha çox əruz vəznində yazırsız.

- Daha çox əruza üstünlük verirəm. Niyə? Yaradıcı adam qüdrətini hardasa göstərməlidir. Əruz qüdrət göstərmək üçün əsl meydandır. Çünki əruzda bəlli ölçülər var, o dar meydanda ecaz göstərməlisən. Bir də heca şeiri var, hecada hər cür imkan var. Ya da meyxana olsun, ilk üç qafiyəni düzəlt, təki axırıncı misra düz gəlsin.


- Yazmağa əruzla başlamısız?

- Yox, heca ilə başlamışam. Heca daha yatqındır. Füzulinin sözü var e, deyir, türk dilində əruz yazmaq çətindir. Füzulinin qəzəllərində də türk sözləri ancaq məişət səviyyəsindədir. Mən də əvvəlcə heca ilə başlamışam, qəzələ sonra keçmişəm.


- XXI əsrdə qəzəl yazmaq sizə qəribə gəlmir?

- Mən əruzun formasını götürmüşəm, deyim tərzi tamamilə fərqlidir. Qəzəl, qoşma, təcnis də formadır, əsas onun içini doldurmaqdır.


- Amma aktual olan və olmayan formalar var.

- Mən bununla razı deyiləm. Bu gün ən bahalı maşınların çoxu ən köhnə formada olan maşınlardır.


- Amma işlənmir axı.

- İşlənir, indi elə maşınlar var ki, 1970-ci ilin formasıdır, amma müasirləşdirilib. Qəzəl də bu cürdür. Əvvəlki formanı saxlamışıq, içini dəyişdiririk.


- Siz qəzəldə nəyi dəyişmisiz?

- Əvvəla,  mənim özünəməxsus dünyagörüşüm var. Günlərin bir günü də bununla mən müştərilərin arasına çıxdım, bəyəndilər. Mənə təklif elədilər ki, meyxana yarışında münsif olum, amma razılaşmadım, dedim onlarla bacarmaram. Bir müddət sonra Xırdalan məscidinin axundu Azər Sami yenidən zəng vurdu, dedi, əruzu bu xalqa yenidən çatdırmaq üçün sən lazımsan. Beləliklə, mən razılaşdım. Fikirləşdim ki, gənclərə qəzəli yenidən təqdim edim. Və mən efirdə qəzəl deyəndən sonra, sevilməyə başladım.


- Arif müəllim, əruza meyl ən çox Bakı şairləri içindədir. Başqa regionlardan çıxanlar, misal üçün Quba şairləri demək olar qəzəl yazmırlar.

- Elə sənətlər var ki, hər kəs tərəfindən unudulub. Misal üçün, misgərlik sənəti indi təkcə Lahıcda qalıb. Qabaqlar Qubada şairlər məclisi vardı. XX əsrin əvvəllərinə qədər davam edib. Qubada Abasqulu Ağa Bakıxanov kimi rəhbər olub. Şirvanda Şamaxı şairlərinin məclisi olub. Seyid Əzimin, Bahar Şirvaninin və başqalarının başçılığı ilə məclislər olub. Yəni, XX əsrin əvvəllərinə qədər bu məclislər davam edib. Sovet gəldi, hamısını məhv elədi.


- Sovetlər əruzun qarşısını aldı?

- Əlbəttə. Əruzun canında istər-istəməz islama sevgi var. Sovetlərə bu lazım deyildi, ona görə də əruz sıxışdırılmışdı. Sovetlər təkcə əruza yox, musiqimizə, muğamımıza da müdaxilə eləmişdi.


- Arif müəllim, əruz da muğam kimi saraydan gəlmədir, elədirmi?

- Əruz da muğam kimi şah sarayından gəlmədir. Həmişə yüksək yerdə olub, xalqın yanında olmayıb. Füzuli xalqın yanında oldu nə gün gördü, amma Bahar Şirvanini Nəsrəddin Şah ailəsi ilə birgə saraya dəvət etdi, onun üçün maaş kəsdi. Əruz elitar şeirdir.


- Arif müəllim, müasir qəzəl yazanlardan xalq arasında tanınan çox azdır. Sizin adınızı çəkmək olar, İlqar Fəhminin adını çəkmək olar. İlqar Fəhmi də daha çox nasir kimi tanınır. Ədəbi mühitdə də əruz yazanlar sanki görünmürlər, öz hücrələrinə çəkiliblər.

- Mənə elə gəlir, müasir gənclər iki qola bölünüb. Bir tərəf ifrat dərəcədə Qərbə meyllidir, digər tərəf də Şərqə meyllidir, amma utanır, özünü göstərmək istəmir, gizlənir. Sanki «Bizə ikinci dərəcəli şair kimi baxırsız» deyə onlar da görünmürlər. Sizə deyim ki, eyni şeyi mən də öz üzərimdə hiss eləmişəm, mənə də nə vaxtsa ikinci dərəcəli şair kimi baxıblar. Bu gün o diqqət var, dünənə qədər yox idi. Mən düşünürəm ki, bu münasibət dəyişəcək.


- Yazıçılar Birliyinin üzvüsüz?

- Bəli.


- Elə siz də ədəbi mühitdə aktiv görünmürsüz.

- Mən bilmirəm aktivlik nədir. Allah Hacı Mailə rəhmət eləsin, deyirdi, yaradıcılıq qız övladı kimidir, hansı ata deyər ki, filankəs, gəl mənim qızımı al. Mən də kiməsə gəl mənim şeirimi oxu deməkdən çəkinmişəm. Muğam oxuyanlar özləri axtarıb qəzəlimi tapıblar.


- Bəs qəzəllərinizi oxuyanlar qonorar ödəyirlər?

- Yox, ödəmirlər. Heç mən də güdmürəm. Bax, bu kitabımı mənim üçün buraxıblar (Masanın üstündəki kitabı göstərir – M.A.) Bir dostumuz məndən «Xəzərim» kitabını istədi, dedim yoxdur. Ondan sonra gedib şeirlərimi toplayıb çap elədi.

 Sizə deyim, yaxın on il ərzində Azərbaycanda əruz partlayışı olacaq. Neyçün? Çünki istər-istəməz bütün ədəbi formalarda eniş var, ölgünlük var, mövzu qıtlığı var.


- Qəzəl min ildir eyni mövzuda yazılmırmı: aşiq-məşuq, gül-bülbül.

- Elədir. Amma deyim tərzi fərqlidir. Məndə «Qarabağdan yeni il məktubu» qəzəli var, orda gül-bülbül yoxdur ki. Və ya «Xəzərim» şeirində gül-bülbül yoxdur ki.


- Füzulidən sonra qəzəl yazmaq çətin deyil?

- Ona görə asandır ki, qarşında etalon var. Maşın görüb maşın düzəldirsən də. Çətinlik də bir yerə qədərdir. Yaza-yaza bir yerə gəlib çatdım, gördüm ki, mən Füzuli olmayacam. Amma o müddətə qədər içimdə Füzuli olmaq eşqi vardı. Müəyyən dövr keçəndən sonra anlayırsan, təcrübə kitabdan-elmdən daha üstündür. Füzuli özü də qəzəllərinin yarısını Əlişir Nəvaiyə nəzirə yazıb. Seyid Əzimin külliyyatının yarısı Füzuliyə nəzirədir. O qədər şairlərimiz var, oxuyanda hiss edirsən ki, bu hava Füzulidən gəlir, yoxsa Camidən və ya Hafizdən.


- Arif müəllim, Seyid Əzim çoxlu erotik qəzəl yazıb. Vəfatından sonra Təbrizdə çap olunan kitabına da bu erotik şeirlər daxil edilmişdi. Bəs siz necə, erotik qəzəllər yazmısız?

- Yox. Hansı cəmiyyətdə yaşamağınızdan, hansı ailədə tərbiyə almağınızdan çox şey asılıdır.


- Seyid Əzimin ailəsi...

- Çox şey asılıdır dedim, hər şey asılıdır demədim. Seyid Əzim fenomendir. Onu heç kimlə müqayisə eləmərəm. Seyid Əzimin elə beyti var ki, yanımda desəydi onu tapança ilə güllələyərdim. Adam belə söz deyər?


- Nə barədə?

- Gözəlliyi barədə. O şeiri ilə səni məhv edə bilər. O, qüdrətli sənətkardır, nə Füzuli ilə, nə də başqası ilə müqayisə oluna bilər. Bir yandan da seyiddir. Sən özün də seyidsən, bilərsən, ya da cavansan hələ hiss eləmirsən, seyidlikdə bir qüdrət var. Sənin qanın başqa cür qandır. Seyid Əzim: «Mən də bir peyğəmbəri-namürsəliyəm Şirvanın» deyirdi. Yəni, mən də Şirvanın seçilməyən peyğəmbərlərindənəm. Bu sözü deməyə qüdrəti çatırdı. Məndə Seyid Əzimin heç yanda yayımlanmayan əsərləri var.


- Necə əsərlərdi onlar?

- Həcviyyatdı, söyüşlə olan şeirlərdi.


- Seyid Əzim təzadlı şəxsiyyət idi. Onun həyatı haqqında müxtəlif fikirlər deyilir.

- Yəqin belə təbdə olan insan elə bu cür də olmalı idi. Onun neqativ tərəfləri haqqında çox şey demək olar. Amma Seyid Əzimin Azərbaycan ədəbiyyatına xidmətindən başqa Azərbaycan təhsilinə, mədəniyyətinə xidməti də var. Seyid Əzimin şeirlərində ədəb, əxlaq cızığından çıxmanı dayısına güvənən uşağa bənzədirəm, o da ya öz təbinə, ya da elə öz cəddinə güvənib yazıb (gülür).


- Həyat tərzi mübahisəli olan şairlərdəndir.

- Olsun. Məni «Qəzəlxan» filminin baxışına çağırmışdılar. Orda dedim, bu filmlə razı deyiləm. Vahidi o filmdə məişət adamı kimi təqdim ediblər, halbuki onu şairlik tərəflərini qabartmaq lazım idi. Elə məişət maraqlıdırsa küçədən keçən hər adam haqqında film çəkilsin də.


- Arif müəllim, siz də həcv yazmısız?

- Həcvdən xoşum gəlmir. Qəbul eləmirəm. Həcv, satira milləti tənəzzülə aparır.


- Sabiri də qəbul etmirsiz?

- Satiranı o dövr üçün qəbul edirəm, bu gün qəbul etmirəm. Sabir yazırdı: «Millət necə tarac olur-olsun, nə işim var.» Millət tarac oldu, düzdü, düşmənlərə möhtac oldu, düzdü. Amma milləti tənqid etdikcə o tənqid etdiyin şeylərdən daha bərk yapışar.


- Bəs Baba Pünhan?

- Baba Pünhanla bir yerdə məclislərdə olmuşuq. O, bizim yanımıza gələndə təbi var idi, amma əruzun bəzi bəhrlərini bilmirdi, ona əruzu mən öyrətmişəm. Bir neçə bəhri öyrəndi, ona bəs elədi. Mən sağlığında ona deyirdim ki, satira yazma.


- Arif müəllim, bayaq ədəbi məclislərdən danışdınız. Deyəsən, yenidən bərpa olunur. Youtube-da baxmışam, siz olmusuz, Alim Qasımov olub...

 - Onlar irfani məclislərdir.


- Onda əvvəl irfani məclislərdən danışaq, sonra keçək ədəbi məclislərə.

- İrfani məclislər Azərbaycanda həmişə olub. Bu məclisləri adətən dünya ilə əlaqəsi olan tacirlər, imkanlı adamlar keçiriblər. Çünki həm məclis təşkil etməlidir, həm gələn şairlərə, müğənnilərə müəyyən məbləğ ödəməlidir. Sovet dövründə qarşısı alındığı üçün Qumri məclisləri keçirilirdi. Camaat evlərə yığılıb Qumrinin şeirlərini oxuyurdu. Onun İmam Hüseyn haqqında iki külliyyatı var. Bakıda, Lənkəranda möminlər bu məclisləri təşkil edib Qumrinin mərsiyələrini oxuyurdular. Bu məclislər irfani məclisin oxşarı idi. İndi bəzi yerlərdə irfani məclislər bərpa olunub. Məqsəd nədir? Bir neçə saatlıq dünya və denyada olanlardan azad olub dincəlmək...


- Sizi bu məclislərə dəvət edəndə nəsə ödəyirlər?

- Dəvət edirlər, gedirəm, indi qayıdanda maşının «bardoçok»una nəsə qoyurlarsa sağ olsunlar.


- Ədəbi məclislər necə təşkil olunur?

- Ədəbi məclislər təhsil yeridir. Bəstəkarlar Musiqi Akademiyasında təhsil alırlar, rəssamlar Rəssamlıq Akademiyasında təhsil alırlar, bəs şairlər harda təhsil alsın! Kiminsə istedadı var, amma bunu harda cilalasın? Filologiya fakültəsində? Orda ədəbiyyat öyrətmirlər. Universitet müəllimləri var ki, klassik ədəbiyyatdan dərs deyirlər, amma Füzulinin bir beytini oxuya bilməzlər, vergülü hara qoymaq lazımdır, bilməzlər. Ədəbi məclislər də bu funksiyanı daşıyır. Bu gün də Bakıda, Azərbaycanın bəzi yerlərində ədəbi məclislər fəaliyyət göstərir, ora istedadlı gənclər gəlir. Onlar elə istedadlıdırlar ki, Azərbaycan ədəbiyyatında çevriliş edə bilərlər.


- Sonda nəsə demək istəyirzmi?

- Mən birinci dəfədir Kulisə gəlirəm. Allah eləsin tez-tez görüşək. Dəvətiniz üçün təşəkkür edirəm. Allah sizi müvəffəq eləsin.