vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
SƏHİYYƏ, ORDU  
10:44 | 6 noyabr 2013 | Çərşənbə Məqaləyə 6728 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ginekoloq zirzəmidə, cərrah qarajda

Adil Qeybulla: «Klinikaların statusu haqqında əsasnamə qəbul olunmalıdır»

Naibə QURBANOVA, teleqraf.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Qanunsuz orqan transplantasiyası, səhv diaqnozlar, firma dərmanların təyinatı, bahalı qiymətlər və sair - bütün bu sadalananlara Azərbaycanda fəaliyyət göstərən özəl klinikalarda tez-tez rast gəlinir. Əslində özəl klinikalarda belə halların mövcudluğu əhalinin geniş kütləsinə də məlumdur. Lakin həmin klinikalarda qurulan iş mexanizmi pasiyentlərin bundan qaçmasına imkan vermir. Çünki həmin klinikaların həkimlərinin əksəriyyəti elə dövlət xəstəxanalarında çalışır.

Məsələ burasındadır ki, həkimlər bəzən onlara müraciət edən xəstələri dövlət xəstəxanalarında yox, özəl klinikalarda müayinə və müalicə etməyə üstünlük verirlər. Həm də xəstələri guya özəl klinikalarda texniki avadanlığın və həkim personalının yüksək səviyyədə olmasına inandıra bilirlər. Üstəlik, özəl müalicə müəssisələri telekanallarda xarici ölkələrdən gətirilmiş son tibbi avadanlıqları və əcnəbi həkimləri yaxşıca reklam etdirə bilirlər. Bəs, görəsən, bu reklam özünü doğruldurmu? Xəstələr getdikləri özəl tibb müəssisəsində reklamdakı yüksək xidməti görə bilirlərmi? 
Əvvəla ondan başlayaq ki, parlaq reklamlara baxmayaraq, özünü klinika, tibb mərkəzi, yaxud  xəstəxana adlandıran əksər tibb müəssisələri ya binaların birinci mərtəbəsinin çoxotaqlı mənzillərində, ya zirzəmilərdə, ya da ümumiyyətlə profilə uyğun olmayan fərdi binalarda yerləşir. Üzərinə insanlara şəfa vermək öhdəliyi götürmüş müəssisələrin yalnız qazanc əldə etmək niyyəti ciddi məsələ olsa da, buna əhəmiyyət verən azdır. 
Baxmayaraq ki, əksər tibb mütəxəssisləri şəraitsiz yerlərdə ünvan tutmuş özəl tibb müəssisələrinin fəaliyyətinə qarşı çıxan fikirlər səsləndirirlər. Onların nə dərəcədə haqlı olduğunu aydınlaşdırmaq və suallarımıza cavab tapmaq üçün yolumuzu bir neçə özəl klinikadan saldıq.
Həkimsiz həkimxanalar
Baş çəkdiyimiz ilk ünvan Ziya Bünyadov prospektində yerləşən «Şəfa yolu» klinikası oldu. 4 otaqdan ibarət «klinika»nın baş həkimi ilə görüşmək istədik, bəlli oldu ki, müəssisənin baş həkimi də yoxdur. Buraya sadəcə bəzi həkimlərin öz pasiyentlərini qəbul etməsi üçün mərkəz demək olar. 
«Medical Plaza» klinikası populyar tibb müəssisələrindən sayılsa da, klinika profili üzrə tikilmiş binada yerləşmir. Yeni tikilinin birinci mərtəbəsində yerləşən klinikaya daxil oluruq. Çirkli ayaqqabılarla içəri keçməyək deyə, gözlərimiz baxil qutusunu axtarsa da, tapa bilmirik. Manipulyasiya otağı ilə üzbəüz yerə tökülmüş təmir avadanlıqları, zibil vedrəsi gözümüzdən yayınmır. 
İki-üç kvadratmetrlik manipulyasiya otağındakı darısqallıq isə tibb bacısını da hövsələdən çıxarmış kimi görünür.
«Atlas»ın zirzəmidəki «Atlas»ı
Növbəti ünvanımız Məhəmməd Xiyabani küçəsindəki «Yeni Yasamal» tibb mərkəzidir. Hələ tikilib qurtarmamış ikimərtəbəli binanın ala-yarımçıq otaqlarında fəaliyyət göstərən mərkəzdə xəstə azlığı diqqət çəkir. Birinci mərtəbənin küçə hissəsində avtomobil avadanlıqları satılan mağaza və qəssabxana var. Buraya da «Şəfa yolu» klinikasında olduğu kimi, bəzi həkimlərin pasiyentlərini çöldə-bayırda yox, sadəcə qapalı yerdə qəbul etməsi məqsədi güdən mərkəz demək olar. Müşahidə apardığımız zaman ikinci mərtəbədən həkimin səsi gəlir:
- Ay balam, kanalizasiya iyindən burada oturmaq olmur. Hələ usta çağırmamısız?
Qəbul şöbəsindəki xanım:
- Düzələcək, doktor, narahat olmayın. Otaqların hamısından iy gəlir, bir-iki günə düzəldəcəklər.
Qeyd edək ki, şəraitsiz və üfunət iyi verən tibb mərkəzində həkim müayinəsi 30 manat, həkim məsləhəti isə 20 manatdır.
Yolumuzu «Atlas Medical Center»in Vergilər Nazirliyinin yaxınlığında yerləşən ginekoloji və androloji filialından - «Atlas» Tibb Mərkəzindən salırıq. Yaxınlığında yerləşən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun təmirə bağlanması «Atlas Medical Center» rəhbərliyinin ürəyindən olub desək, yanılmarıq. Sözügedən institutun müvəqqəti yoxluğundan istifadə edərək mərkəz rəhbərliyi tez-bazar yaxınlıqda «xruşşovka»nın zirzəmisini ginekologiya mərkəzə çevirib, institutun mütəxəssislərini isə ora cəlb ediblər.
Rütubətli, qaranlıq otaqlarda həkim müayinəsi 30, ultrasəs müayinəsi isə 28 manatdır.
«Vorovski» dairəsi adlanan yerdə «Vimay» klinikasına daxil oluruq. Burada cərrahiyə şöbəsi də var. Klinikadan öyrənə bilirik ki, burada yalnız yüngül əməliyyatlar həyata keçirilir və xəstə bir gündən artıq saxlanmır. Amma yadıma düşür ki, burada mən özüm də ağır əməliyyat keçirmişəm və şəraitsizliyə dözə bilmədiyim üçün elə həmin gün evə yazılmışam. 
Eyvan, yoxsa nevroloji kabinet?
Hacı Məmmədov küçəsində yerləşən «Optimed» Tibb Mərkəzində olduğumuz müddətdə, demək olar ki, bütün xəstələrin yalnız uşaq nevropatoloqu Füzuli Məmmədovun növbəsinə yazıldığını gördük. Qəbul 25 manatdır. Həkimin uşaqları müayinə etdiyi otaq tibb mərkəzinin eyvanıdır. Üçbucaq formalı otaq iki-üç kvadratmetrdən artıq deyil və darısqallıq olmasın deyə, nevroloji uşaqlarla ancaq bir nəfərin otağa daxil olması məsləhət görülür.
Bu arada qeyd edək ki, Bakının yeganə mərkəzləşmiş Uşaq Nevroloji Xəstəxanasının poliklinikası  da zirzəmidə yerləşir. 
Baş çəkdiyimiz «Doktor Vidadi», «Şərq Qərb», «Ultramed», «Unimed» kimi tibb müəssisələrinin binası, tibbi avadanlıqları barədə yüksək fikirlər söyləyə bilməsək də, araşdırma zamanı üstün xidmətləri ilə rastlaşdığımız mərkəzlər də oldu. Sırf tibb mərkəzi profili üzrə fəaliyyət göstərəcəyi nəzərə alınaraq inşa olunan «Modern Hospital», «Tusi», «HP Güven» klinikaları,  »Pendik Şifa» Tibb Mərkəzi buna misal ola bilər. 
«Həmin tibb müəssisələrinə mənfi münasibətim var»
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev də ölkədə fəaliyyət göstərən özəl klinikaların fəaliyyətindən narazıdır. Onun sözlərinə görə, bəzi özəl tibb müəssisələri Səhiyyə Nazirliyinə təqdim etdikləri nizamnamələri kobud şəkildə pozur, qanunsuz hərəkətlərə yol verirlər: «Özəl tibb müəssisələri əhali arasında narazılıq yaradır. Buna görə də həmin tibb müəssisələrinə mənfi münasibətim var».
Baş pediatr deyir ki, tibb biznesi ən çətin və daha çox vaxt tələb edən spesifik sahədir: «Təəssüf ki, bəzi özəl tibb müəssisələri yaradılandan az müddət sonra bir çox sahələrə sponsorluq, baş sponsorluq etməyə başlayır. Həmçinin əsassız reklamlara yol verirlər. Onların bəziləri özünü klinik xəstəxanalar kimi reklam edir və bununla da əhali arasında haqlı narazılıq yaradır». 
Bizə bu qədər klinika lazımdırmı?
Ümumdünya Ürək-Damar və Torakal Cərrahlar Cəmiyyətinin regional nümayəndəsi, Avropa Kardiotorakal Cərrahlar Assosiasiyasının həqiqi üzvü Əli Bağırov ölkədə 500-dən artıq özəl tibb müəssisəsinin fəaliyyət göstərməsini anormal hal sayır: «Ərazisinə və əhalisinin sayına görə bu qədər tibb mərkəzinin mövcudluğu normal deyil. Üstəgəl dövlətin balansında və təsərrüfat hesablı mərkəzlər də fəaliyyətdədir. Siz elə bilirsiniz ki, həmin özəl klinikaların hamısında peşəkar həkimlər çalışır?  Yerində olmayan təkcə o klinikaların binası, tibbi avadanlıqla bağlı kasadlığı deyil. Çatışmayan həm də tibbi personaldır. Nə olsun ki, aparaturalar, avadanlıqlar var. Onu işlədən mütəxəssislər yoxdur, axı». 
Klinika, xəstəxana, yoxsa tibb mərkəzi?
Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, Azərbaycanda özəl klinikaların statusu haqqında əsasnamə yoxdur: «Özəl tibb müəssisələrinin profilinə uyğun fəaliyyət göstərməsi haqqında fikir söyləmək çətindir. Bu kimi məsələlər əsasnamədə göstərilməlidir. «Medikal senter" ingiliscə tibb mərkəzi deməkdir və poliklinika statusunda olmalıdır. Klinika isə stasionarı, təcrübə keçmək üçün şəraiti olan çoxprofilli tibb mərkəzlərinə deyilir. Həm məhdud profilli, həm də çoxprofilli olmasına baxmayaraq, bütün klinikaların statusu haqqında əsasnamə olmalıdır və əsasnamədə həmin tibb müəssisəsində hansı kateqoriya cərrahiyyə əməliyyatların aparılması qeyd edilməlidir. Məsələn, doğuş, ürək əməliyyatları hər klinikada aparıla bilməz, bunun üçün xüsusi icazə lazımdır. Hazırda Azərbaycanda bunun fərqinə varan yoxdur".
Ekspert hesab edir ki, zaman-zaman maddi-texniki bazası zəif olan klinikalar rəqabətə tab gətirməyərək sıradan çıxacaq: «Klinikalar çoxmərtəbəli binaların zirzəmisində, yaxud əlverişsiz tikililərdə yerləşməli deyil. Əslində tibb müəssisələri standart profillərə uyğun tikilməli, xəstələr üçün müvafiq liftlə, avadanlıqla təmin olunmalıdır. Bunun da inkişaf etməsi üçün zamana ehtiyac var».
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə dəfələrlə əlaqə saxlamaq istəsək də, nazirlik sözçüsü telefona cavab vermədi.
Gəldiyimiz qənaət isə budur ki, nə qədər yaşayış binalarının zirzəmisini, avtomobil qarajlarını, profilinə uyğun tikilməyən binaları klinika edib, əhalinin sağlamlığı üzərində pullar qazanılacaq, ölüm faktları da olacaq, insan itkisi də...