vaxtlı-vaxtında oxuyun! Şənbə, 15 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SƏHİYYƏ, ORDU  
14:30 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3377 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həkim terroru» ifadəsi

Bəzi millət vəkillərinin də qoşulduğu «səlib yürüşü» durdurulmalıdır!

Adil QEYBULLA, Tibb elmləri doktoru, professor

MÖVZU İLƏ ƏLAQƏLİ

Diqqətinizi getdikcə aktuallıq kəsb edən mühüm bir məsələyə yönəltmək istərdim.

Bu bir sıra dövlət rəsmilərinin, millət vəkillərinin həkimlərə qarşı aşırı dərəcədə qərəz elementləri ilə qatqılı subyektiv münasibətindən qaynaqlanan pressinqlər və təhdidlər tendensiyasının artmasından narahatlıq duyuram. Təəssüflər olsun ki, bəzi həkim ixtisaslı millət vəkilləri bu prosesi getdikcə körükləməkdədir. Mənəvi-psixoloji basqıların əsasında dayanan bir amil də indiyə qədər vətəndaşın sosial müdafiəsinin mühüm bir elementi olan icbari tibb sığortasının olmamasıdır. Mən dördüncü hakimiyyətin təmsilçiləri sayılan dəyərli jurnalistlərimizi özümə həmkar sayıram, çünki onlarla daim sıx əməkdaşlıqdayam. Təəssüf ki, artıq mətbuatda həkimlərə «karikatura yaradan» yeni termin və ifadələrin peyda olması diqqətdən yayınmır. Məsələn, götürək mətbuatda tez-tez təkrar olunan «həkim terroru» ifadəsini. Beynəlxalq terminologiyada belə ifadə, sözün hər mənasında belə düzəltmə ifadəyə rast gəlməzsiniz. Terror dedikdə, əvvəlcədən planlaşdırılmış qaydada, qəsdən kütləvi qırğın, adam oğurluğu, diversiyalar, siyasi və digər rəqiblərinin ölüm və digər qorxu üsulları ilə təhdid edilməsi nəzərdə tutulur. Belə olan halda, bu ifadə həkimə münasibətdə nə qədər ədalətlidir? Əslində bu həkimlərə qarşı induksiya olunmuş aqressiyanın sözlə ifadəsidir. Niyə buna yol verilir? Çünki bizdə «təqsirsizlik prezumpsiyası» deyilən bir hüquq sadəcə dəfn edilib. Amma bu hüquq bu gün özünü cəzasız və isti qucaqda hiss edənlərin hər birinə səhəri gün gərək ola bilər. Siyasi rəqiblərini, jurnalistləri hər addımda təhqir edən, məhkəmə-hüquq saymayan və bu gün layiq olduğu aqibəti yaşayan bəzi sabiq rəsmilərin hüquqdan, Avropa məhkəməsindən danışmağı Azərbaycansayağı analoqsuz paradoks deyilmi? Bu məsələ durdurulmalıdır! Milli səhiyyəmizin taleyi sarıdan az qala «qəlb krizi keçirən bəzi vətənpərvərlərə» üzümü tutub deyirəm: Vaxtınız olanda öz real gəlirlərinizlə həkimin istehza və sarkazm doğuran maaşını da müqayisə etsəniz pis olmaz. Bəlkə yaxşı nümunələrə də imza ataq... Bu məsələni nişangaha çevirmək mərəzi bəlkə içdiyimiz rəngli boya çayları, keyfiyyətsiz dərmanlarla ilgilidir? Nə isə, deyiləsi sözlər və düşünüləsi məsələlər yetərincədir...

Bu günlərdə yeni bir gündəmin ehtirası ilə üz-üzəyik. «Elmed» klinikasının cərrah-həkimi, tibb elmləri namizədi Elman Əzimovun müğənni «Faytonçu» ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyarinin öd kisəsinin xəstəliyinə bağlı cərrahi əməliyyat etməsi və ondan sonrakı yaşantılarla bağlıdır.

İlk növbədə qeyd edim ki, qara ciyər və öd yolları üzərində aparılan cərrahi əməliyyatlarda bütün dünya üzrə ağırlaşmaların sayı 30 faizə qədər yüksəlir. Bu həmin zonanın anomaliyaları, gec müraciətlərə bağlı iltihabi-destruktiv prosesin yaratdığı texniki çətinliklər, Mirizzi sindromunun olması, xoş xassəli (polip, adenomioz) və bəd xassəli (xərçəng, sarkoma) törəmələrin olması və s. bağlıdır. Postoperasion ağırlaşmaların bir qismi insan (həkim) amili ilə deyil, xəstəliyin yaratdığı real situasiya ilə ilgilidir.

Mən detallar üzərində dayanmaq istəmirəm, çünki bu barədə mətbuat və sosial şəbəkələrdə xeyli danışılıb. Sadəcə, diqqəti araşdırılması vacib olan bir neçə diskusion müddəalara yönəltmək istərdim:


1. Xəstənin cərrahi əməliyyat üçün müraciəti xeyli-gecikmiş olub və infiltrativ-iltihabi-destruktiv prosesin pikində olub (öd kisəsinin divarları qalınlaşmış, bərkləşmiş, ətraf toxumalara bitişik olub), əməliyyat daxili texniki çətinliklər və qanama da buna bağlı olub.

2. Xaric edilən makropreparatın (öd kisəsinin) Milli Onkologiya Mərkəzində aparılan patomorfoloji tədqiqi xəstədə öd kisəsinin adenokarsinoması (xərçəng) olduğunu göstərib (bu rəylə təsdiq olunub). İddialara görə, xəstəyə getdiyi ölkələrdə xərçəng deyil, fon xəstəliyi olan öd kisəsinin adenomiozu qoyulub, yəni verifikasiya fərqi ortaya çıxıb. Bu fakt cərrahın məsuliyyəti deyil, onu histoloqlar öz aralarında müzakirə etməlidirlər.

3. Xəstədə xəstəliyin gedişinə risk yaradan və onu ağırlaşdıran yanaşı patologiya şəkərli diabet olub (Comorbidity – iki xroniki xəstəliyin və situasiyanın bir xəstədə rast gəlməsi).


Hal-hazırda tanınmış müğənni qardaş Türkiyədə təkrar əməliyyat olunub. Ona Allahdan şəfa diləyirəm. Bizim həkimlərin böyük əksəriyyəti də məhz Türkiyənin nüfuzlu tibb məktəblərində yetişib. Əvvəlki əməliyyatı icra edən şəxs – Elman Əzimov da bu məktəbdə təcrübə keçmiş, xeyli sayda bu qəbildən olan əməliyyatları uğurla həyata keçirmiş cərrahdır. Gəlin məsələnin həllini peşəkarların – yüksək ixtisaslı tibbi komissiyanın ixtiyarına buraxaq. Bu daha ədalətli yanaşma olardı.