Möcüzənin qiyməti
(Olmuş əhvalat)
Valideynlərinin onun kiçik qardaşı Oliver haqqında danışdıqlarını eşidəndə Lizanın səkkiz yaşı var idi. Qızcığazın bildiyi tək bir şey o idi ki, qardaşı çox ağır xəstədir və ata-anasının onun müalicəsi üçün pulu yoxdur.
Yalnız çox bahalı bir əməliyyat Oliveri xilas edə bilərdi. Onlara borc verə biləcək bir kimsə də yox idi. Liza atasının pıçıltı ilə gözüyaşlı anasına çarəsizcəsinə “indi onu ancaq möcüzə xilas edə bilər”, dediyini eşitdi.
Qız yataq otağına girib şkafın gizli yerində saxladığı şüşə qabını çıxardı. Qabın içindəki bütün pulları yerə tökərək diqqətlə saydı. Hətta bunu bir necə dəfə etdi. Sayıb qurtardıqdan sonra sikkələri ehtiyatla qaba qoyub qapağını bağladı və arxa qapıdan çıxaraq əczaxanaya tərəf yollandı.
Əczaxanaya gələr-gəlməz içəriyə daxil oldu və səbrlə əczaçının ona diqqət yetirməsini gözləməyə başladı. Əczaçı məşğul idi, başı söhbətə qarışmışdı. Liza müxtəlif hərəkətlər və səslərlə onun diqqətini çəkmək istədisə də, adam səssiz qaldı. Nəhayət, qızcığaz pulunun bir qismini qabdan çıxararaq şüşə piştaxtaya çırpdı. Əczaçı diksindi:
- Qızım, sən nə istəyirsən? – deyə əsəbi halda soruşdu. Sualının cavabını gözləmədən də “bu dəqiqə mən uzun müddətdir görmədiyim qardaşımla söhbət edirəm”, deyə narazılığını bildirdi.
- Mən sizinlə qardaşım haqqında danışmaq istəyirəm, deyə Liza da eyni əsəbiliklə cavab verdi. O xəstədir... Onu sağaltmaq üçün mənə möcüzə lazımdır.
- Nə? Möcüzə istəyirsən?” deyə əczaçı daha da qıcıqlandı.
- Onun adı Oliverdir və beynində bəd bir şey böyüməkdədir. Valideynlərim deyir ki, indi onu yalnız möcüzə xilas edə bilər. Deyin, bir möcüzənin qiyməti necəyədir?
- Biz burada möcüzə satmırıq, qızım. Bağışla, amma sənə kömək edə bilməyəcəyəm, deyə əczaçı bir az daha yumşaq səslə dilləndi.
- Baxın, mənim pulum var. Yetərli olmasa, qalanını da tapıb gətirəcəyəm. Sadəcə mənə möcüzənin qiymətini söyləyin.
Əczaçının bu ana qədər söhbəti kənardan izləyən zövqlə geyinmiş qardaşı əyilib Lizadan soruşdu:
- Sənin qardaşına necə bir möcüzə lazımdır?
- Bilmirəm, deyə Liza cavab verdi. Mən sadəcə onu bilirəm ki, o, həqiqətən də xəstədir və atam-anam onun əməliyyata ehtiyacı olduğunu deyirlər. Valideynlərimin əməliyyatın haqqını ödəmək üçün pulları olmadığına görə mən öz pulumu xərcləməyə qərar vermişəm.
- Nə qədər pulun var? deyə adam soruşdu.
- Bir dollar on bir sent, deyə Liza ağır-ağır cavab verdi və “bu, mənim bütün pulumdur, amma lazım olsa, bir az da artıra bilərəm”, deyə əlavə etdi.
- Bir dollar on bir sent. Nə gözəl təsadüf, deyə adam gülümsədi... Bu, elə tam olaraq sənin kiçik qardaşına lazım olan möcüzənin qiymətidir.
Adam qızdan pulu aldı və əlindən tutub dedi:
- Məni evinə apar. Sənin qardaşını görmək, valideynlərinlə danışmaq istəyirəm. Baxaq görək məndə qardaşına lazım olan möcüzə varmı-yoxmu.
Bu gözəl geyimli adam tanınmış neyrocərrah Dr. Carlton Armstrong idi.
Əməliyyat pulsuz başa çatdı və çox keçmədən Oliver yenidən evinə döndü. Ana və ata çox məsud idilər. Ana pıçıltıyla atasına:
- Bu əsil bir möcüzə oldu, dedi. Görəsən əməliyyat necəyə başa gələcəkdi?
Lizanın dodaqları qaçdı və özündən razı halda gülümsədi. Çünki o, bu möcüzənin neçəyə başa gəldiyini dəqiq bilirdi...
Bir dollar on bir sent və əlbəttə ki, bir də qızcığazın qardaşını sağalda biləcək möcüzənin mövcudluğuna inamı. İnam böyük bir qüvvədir.