vaxtlı-vaxtında oxuyun! Bazar, 17 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:48 | 22 fevral 2019 | Cümə Məqaləyə 587 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moldova yolayrıcında

Avrointeqrasiyaya davam, yoxsa geriyə dönüş?

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Moldova Respublikası Avropa Birliyi ilə assosiativ saziş imzalamış 3 postsovet ölkəsindən biridir. Saziş bu ölkələrin hər üçü tərəfindən eyni vaxtda – 2014-cü ilin iyununda imzalansa da, Moldova AB ilə vizasız rejimə Ukrayna və Gürcüstandan daha tez keçib: Gürcüstan vətəndaşları 2017-ci ilin martında, Ukrayna vətəndaşları 2017-ci ilin iyununda bu hüququ əldə etdikləri halda, AB öz qapılarını Moldova vətəndaşları üçün 2014-cü ilin aprelində açıb. Yəni moldovalılar Şengen zonasına ukraynalılar və gürcüstanlılardan daha öncə maneəsiz giriş imkanı qazanıblar. Lakin 5 ilə yaxın vaxt keçdikdən sonra bu gün Ukrayna və Gürcüstandan fərqli olaraq, Moldovanın avrointeqrasiya siyasətinin davamlılığı məsələsində bu yazının başlığında oxuduğunuz sual yaranıb. Fevralın 24-də keçiriləcək parlament seçkiləri həmin suala cavab verəcəyi üçün Moldovanın müasir tarixində ən vacib səsvermə kimi qiymətləndirilir.


İkihakimiyyətlilik və bölünmüş cəmiyyət 

 

2016-cı ilin payızında keçirilən prezident seçkilərində Moldova Respublikası Sosialistlər Partiyasının (PSRM) namizədi İqor Dodonun qələbəsindən sonra ölkədə ikibaşlı idarəçilik konfiqurasiyası formalaşıb: bir tərəfdə qərbyönümlü parlament və hökumət, digər yanda rusiyayönümlü prezident. Tamamilə əks baxışlar, antoqonist dünyagörüş, bir-birinə zidd siyasi fəlsəfə… İ.Dodonun seçilməsində ölkənin yaxın tarixində baş verən qalmaqallar, iqtisadi-maliyyə böhranı və bütün bunların nəticəsində iqtidardakı liberal siyasi qüvvələrdən məyusluq mühüm rol oynamışdı. Qalmaqal deyərkən 2013-2014-cü illərdə ölkənin 3 bankından (“Banca de Economii”, “Unibank” və “Banca Sociala”) 1 milyard dollar vəsaitin çıxarılaraq ofşorlara köçürülməsi olayını xüsusi qeyd etmək lazımdır. “Əsrin oğurluğu” adlandırılan bu cinayət ölkədə onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırdı, adları çəkilən bankların çökməsi bütövlükdə ölkənin maliyyə-bank sistemini sarsıtdı, milli valyuta dəyərini itirdi və insanlar daha da yoxsullaşdı. Siyasi institutlara etimad azaldı. Oğurlanan məbləğ Moldovanın Ümumi Daxili Məhsulunun 12%-ni təşkil edirdi. Fırıldaqla əlaqədar həmin illər baş nazir vəzifəsini tutmuş Moldova Liberal Demokrat Partiyasının lideri Vladimir Filat həbs edilərək 9 il azadlıqdan məhrum olundu. Bu olayın əks-sədası hələ də davam edir, ən azı ona görə ki, oğurlanmış pullar ölkəyə qaytarılmayıb. İqor Dodonun ulduzu bu problemlərin fonunda parladı və o, prezident seçkilərində qələbə çaldı.

Moldova parlament üsul-idarəsinə malik ölkədir və məhdud səlahiyyətli prezident qərarların qəbulunda iştirak etmir. Buna baxmayaraq, İ.Dodon vəzifəsinin icrasına başladıqdan bu yana sübut edib ki, dar konstitusion çərçivə heç də onun aktiv və dinamik fəaliyyətinə əngəl deyil. O, tez-tez xarici səfərlərdə olur, ölkəsi adından siyasi bəyanatlar verir, hətta səlahiyyət çərçivəsini aşan qərarlar da qəbul edir. Belə qərarlardan biri də 2018-ci ilin mayında İ.Dodonun müraciəti əsasında Moldovanın Avrasiya İqtisadi İttifaqına müşahidəçi qismində qəbul edilməsidir. Parlamentin sədri Adrian Kandu bildirib ki, İ.Dodon qərarın qəbul olunduğu Avrasiya Ali İqtisadi Şurasının iclasında fiziki şəxs qismində iştirak edib, orada verilən qərar Moldovada hüquqi qüvvəyə malik deyil və qanunverici orqanda ratifikasiya olunmayacaq. Baş nazir Pavel Filip isə ölkənin Avrasiya İqtisadi İttifaqında müşahidəçi kimi fəaliyyətinə maliyyə ayırmayacaqlarını bəyan edib. Bu hadisə Moldovada yaranmış siyasi antinomiyanı və qarşıdakı seçkilərin önəmini anlamaq baxımından ibrətamizdir. Qərbyönümlü hökumətlərin qurulduğu 2009-cu ildən sonra seçilən strateji inkişaf kursunun yanlış olduğunu vurğulayan prezident ölkəni geriyə qaytarmağa və Moskvanın patronajlığındakı inteqrasiya layihəsinə daxil etməyə çalışır. Bu baxımdan 24 fevral seçkilərinə Moldovanın lokal daxili məsələsi kimi deyil, onun sərhədlərini aşan geosiyasi əhəmiyyətli hadisə kimi yanaşmaq yanlış olmaz.

Onu da qeyd etmək lazımdır ki, dövlət idarəçiliyində yaranmış bu ikitirəlik, hökumət-prezident gərginliyi həm də Moldova cəmiyyətindəki dualizmin nəticəsi və siyasətə proyeksiyasıdır. Yəni əhali də ikiyə bölünüb, bir hissə Qərblə, digər hissə Rusiya ilə inteqrasiyanın tərəfdarıdır. Moldova əhalisinin böyük əksəriyyəti pravoslav (ortodoks) xristianlardır və müstəqillikdən sonra Rumıniya kilsəsinin müdaxilə cəhdlərinə baxmayaraq, Rus Pravoslav Kilsəsi burada öz gücünü qoruyur. Teoloji terminologiya ilə ifadə etsək, Moldova bu gün Moskva Patriarxlığının kanonik ərazisi sayılır. Bu amilin əhalinin mövqeyinə, əhval-ruhiyyəsinə təsiri şübhəsizdir, xüsusən nəzərə alsaq ki, Moldovada kilsə ən çox etibar edilən institutdur. Ukrayna nümunəsində olduğu kimi, avtokefaliya ideyası, yəni dini müstəqillik, burada hələ ki populyar deyil. Rusiyada 600 minə yaxın moldovalı miqrantın çalışması da önəmli faktordur. Bu qədər miqrant 3,5 milyon nəfər əhalisi olan ölkə üçün yüksək rəqəmdir, eyni zamanda onların il ərzində vətənə göndərdiyi təxminən 1 milyard dollarlıq pul baratı da ciddi məbləğdir. Hələ ki avrointeqrasiya insanların rifahının artmasına gətirib çıxarmadığından, toplumda son illər müəyyən avroskeptisizm də yaranıb və bu narazılıq fonunda alternativ mərkəz kimi Rusiya önə çıxır.

 

Yeni seçki sistemi və favoritlər

 

24 fevral seçkiləri qarışıq sistemlə keçiriləcək və 50 deputat proporsional, 51 deputat isə majoritar sistem üzrə seçiləcək. İndiyədək Moldovada tam proporsional sistem mövcud idi, 2017-ci ildə sistem dəyişdirildi.

Seçkilərdə 15 siyasi partiya və blok qeydiyyatdan keçib, amma rəy sorğuları onlardan cəmi 4-nün proporsional seçkidə 6%-lik minimal baryeri aşa biləcəyini göstərir: Sosialistlər Partiyası (PSRM), Demokrat Partiyası (PDM), Həmrəylik və Hərəkət Partiyası (PAS), Ləyaqət və Həqiqət Platforması Partiyası (DA). Sonuncu iki partiya “ACUM Platforma DA PAS” adlı blok yaradıblar.

Sosialistlər Partiyası yarışın əsas favoritidir və proporsional sistem üzrə birinci olacaqları heç kimdə şübhə doğurmur. Bu partiyanın gücü hazırda daha çox prezident İqor Dodonun şəxsi nüfuzu ilə izah olunur. Sosialistlər müstəqilliyin ilk illərində siyasi spektrin solunda dominantlıq edən kommunistləri son illər sıxışdırmağa nail olaraq bu elektoral meydançanı nəzarətə götürə biliblər. Kommunistlər marginallaşıb və reabilitasiyaya ehtiyacları var. Rusiyayönümlü seçicilər, eləcə də ideoloji qütbləşmədən uzaq duran narazı elektoratın bir qismi hazırda sosialistlərin ətrafında birləşib.

Moldova Demokrat Partiyası hazırda iqtidar koalisiyasının lideridir, həm baş nazir Pavel Filip, həm də parlamentin sədri Adrian Kandu bu partiyanın nümayəndələridir. Lakin demokratların lideri nə Filipdir, nə də Kandu. Partiyanı (və əslində ölkəni) məşhur oliqarx Vladimir Plaxotnyuk idarə edir. Moldovanın “boz kardinalı” adlandırılan V.Plaxotnyukun bütün hakimiyyət qolları, o cümlədən məhkəmə sistemi üzərində ciddi təsirə malik olduğu və qərarların qəbulunda son sözü məhz onun söylədiyi iddiaları geniş yayılıb. Onun adı “əsrin oğurluğu”nda da hallanır. Bu durum, yəni Moldovanın hər hansı rəsmi vəzifə tutmayan, şübhəli reputasiyaya malik oliqarx tərəfindən idarə olunması Qərbdə narahatlıq doğurur, baxmayaraq ki, Plaxotnyuk qərbyönlüdür və ölkəni Rusiyadan uzaqlaşdırmaq üçün var gücü ilə çalışır. (Rusiyada V.Plaxotnyuk barəsində cinayət işləri var.) Avropa Şurasının baş katibi Torbyorn Yaqland 2015-ci ildə “The New York Times”da dərc olunan məqaləsində Moldovanı “oliqarxlar tərəfindən ələ keçirilmiş, uçurumun kənarında olan dövlət” kimi xarkterizə edib və korrupsiyanı əsas problem kimi qeyd edərək, dövləti vətəndaşlara qaytarmağın zəruriliyini vurğulayıb.  Şübhə yoxdur ki, T.Yaqland oliqarxlar dedikdə ilk növbədə ölkənin 1 saylı oliqarxı V.Plaxotnyuku nəzərdə tutur. Seçki sisteminin dəyişdirilməsi və Venesiya Komissiyasının tövsiyələrinə əməl olunmaması da Qərbi məmnun etməmişdi.  2018-ci ilin iyununda Kişinyov meri vəzifəsinə keçirilən seçkilərin nəticələrinin məhkəmə tərəfindən ləğv olunması isə Brüsseldə və Vaşinqtonda qəzəblə qarşılandı, nəticədə AB Moldovaya 100 milyon avro məbləğində makromaliyyə yardımı ayrılması barədə qərarını təxirə saldı. Faktiki olaraq, avrointeqrasiya istiqamətində irəliləməyə çalışan bir ölkəyə sanksiya tətbiq edildi. Mer seçkilərində digər qərbyönlü siyasi qüvvə olan “Ləyaqət və Həqiqət Platforması”nın lideri Andrey Nestase qalib gəlmişdi. AB məhkəmə qərarının arxasında siyasi iradənin dayandığını və Plaxotnyukun müdaxiləsi nəticəsində nəticələrin ləğv olunduğunu düşünür. 2018-ci ilin oktyabrında Avropa Parlamentinin qəbul etdiyi qətnamədə açıq bildirilir ki, Moldova oliqarxik maraqların məngənəsindədir və kiçik bir qrup siyasi-iqtisadi hakimiyyəti öz əlində cəmləşdirərək parlamenti, hökuməti, siyasi partiyaları, polisi, məhkəməni və medianı yönləndirir. Qətnamədə qeyd olunur ki, parlament seçkiləri tam demokratik qaydada keçirildikdən sonra maliyyə yardımının ayrılması məsələsinə baxıla bilər.

“ACUM Platforma DA PAS” bloku hakimiyyətə iddialıdır və rəy sorğularında sosialistlərdən sonra ikinci sırada görünür. Bloka daxil olan partiyaların rəhbərləri – PAS lideri Maya Sandu və DA lideri Andrey Nestase prezident Dodondan sonra ölkənin ən reytinqli siyasətçiləridir. A.Nestase haqqında yuxarıda qısaca bəhs etdik. O, cəmi yarım il əvvəl paytaxtda 52,57% səslə seçki qazanmış siyasətçidir. M.Sandu isə 2016-cı il prezident seçkilərində İ.Dodonun əsas rəqibi olub və 2-ci turda 47,89% səs alıb. M.Sandu Dünya Bankında çalışıb və Qərb dairələrində yaxşı tanınır. O, 2012-2015-ci illərdə Moldovanın təhsil naziri vəzifəsini tutub və bu sahədə bir sıra islahatlarla yadda qalıb.

Seçki ərəfəsində əsas rəqabət məhz demokratlar və ACUM arasında gedir. Tərəflər arasında sərt qarşılıqlı ittihamlar, hətta kompromat savaşı müşahidə olunur. Səbəb məlumdur: hər iki siyasi qüvvə eyni elektoral meydançada oynayır və ölkə seçicilərinin təxminən yarısını təşkil edən qərbyönümlü “hovuz”dan mümkün qədər daha çox səs cəlb etmək istəyir. A.Nestase də məhz bu sərt mübarizənin qurbanı oldu, çünki onun Kişinyov meri olması partiyasının gücünü artıracaqdı və əksinə, V.Plaxotnyukun paytaxtdakı təsirini məhdudlaşdıracaqdı. Kişinyovda 11 birmandatlı dairə var və bu dairələrdə əldə olunacaq nəticənin ölkə üzrə yekun nəticələrə ciddi təsiri olacaq.

Proporsional sistem üzrə parlamentdə təmsil olunmaq üçün 6%-lik minimal baryerə ən çox yaxınlaşan yeganə partiyadan da qısaca bəhs edək. Bu, iş adamı İlan Şorun liderlik etdiyi və onun soyadı ilə adlandıdırılan Şor Partiyasıdır. İ.Şor maraqlı personadır. O, iri bank fırıldağında adı keçən şəxslərdən biridir və “Banca de Economii”nin İdarə Heyətinin sədri olub. İ.Şor “əsrin oğurluğu” ilə əlaqədar istintaq çərçivəsində 2016-cı ilin iyununda saxlanılıb və məhkəmə tərəfindən 7,5 il müddətinə azadlıdan məhrum edilib. İş adamı qərardan apellyasiya verib və baxış yekunlaşmadığı üçün indi azadlıqdadır. Çünki 1 il həbsdə qaldığı üçün qanun məhkəmə hökmü qüvvəyə minmədən onun yenidən təcridinə yol vermir. İ.Şor istintaq altında ola-ola 2015-ci ilin mayında 61,97% səslə kiçik Orhei şəhərinin meri seçilib və hazırda bu vəzifədə çalışmağa davam edir. Müxalifət, xüsusən də sosialistlər İ.Şor haqqında apellyasiya instansiyasının qərarının gecikməsində V.Plaxotnyuku ittiham edir. İddia olunur ki, V.Plaxotnyuk seçkilər başa çatmadan qərar çıxarılmasını istəmir, çünki əvvəla, sosialist şüarlarla çıxış edən Şor Partiyası Sosialistlər Partiyasından az da olsa səs qoparır, ikncisi, bu partiya 6%-lik baryeri keçə bilməsə belə, bəzi birmandatlı dairələrdə qələbə şansı var (məsələn, İ.Şorun özü), bu isə yeni parlamentdə çoxluq formalaşdırılarkən köməyə çata bilər. Seçkidən sonra parlamentdə qüvvələr nisbətinin çox yaxın olacağı proqnozlaşdırılır, elə bir tablo əmələ gələ bilər ki, 1 mandata da ehtiyac yaranar. Belə hallar Moldovanın yaxın tarixində dəfələrlə müşahidə olunub.  Yəni 7,5 il həbs cəzası almış siyasətçi mer vəzifəsini tutur, partiya lideri olur, parlament seçkilərinə qatılır. Bu da Moldova siyasətinin və toplumunun ziddiyyətlərindən biridir.

ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun ötən ilin 5 dekabrından bu ilin 16 yanvar tarixinə qədər keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən sosialistlər 39% səslə seçki kampaniyasının açıq lideridir.  ACUM blokuna daxil olan partiyaların ümumilikdə 22% səsi var: PAS-13%, DA-9%. Respondentlərin 14%-i demokratları dəstəklədiyini bildirib. Şor Partiyası isə uzağı 5% səsə ümid edə bilər. Qərarsızların miqdarı 9%-dir. Bu mənzərə göstərir ki, seçkilərin taleyi birmandatlı dairələrdə həll olunacaq. Aralarındakı kəskin rəqabətə baxmayaraq, ACUM və Demokrat Partiyasının əldə edəcəyi mandatların sayı çoxluq formalaşdırmağa imkan verərsə, bu iki siyasi qüvvə arasında koalisiya danışıqlarının başlayacağı gözləniləndir. Bunu parlamentin sədri Adrian Kandu da açıqlayıb. O, seçkidən sonra ACUM ilə əməkdaşlığı mümkün sayaraq avropayönümlü çoxluq və qərbyönümlü hökumət formalaşdırmağa çalışacaqlarını söyləyib. Şübhə yoxdur ki, Avropa Birliyi və ABŞ “Plaxotnyuk problemi”nin həll olunması şərti ilə bu cür koalisiyanın yaranmasına dəstək verəcəklər. Moskva isə təbii ki, prezident Dodonu dəstəkləyən qüvvələrin qələbəsində, sosialist hökumətin qurulmasında maraqlıdır və son həftələr bunu gizlətməyə ehtyac da görmür.

 

Rusiyanın seçkiqabağı gedişləri və riskli yolayrıcı

 

Kreml seçki ərəfəsində bəzi qərarlar qəbul edib və Moldova paramentinin sədri bunu seçicilərin iradəsinə təsir göstərmək cəhdi kimi qiymətləndirib. Məsələn, Rusiyanın miqrasiya qanunvericiliyini pozmuş moldovalı miqrantlar üçün 2019-cu il 1 yanvar – 24 fevral tarixləri arasında amnistiya elan edilib. Onlar bu müddətdə ölkələrinə gedib, səs verib, təkrar Rusiyaya qayıda biləcəklər və hər hansı inzibati məsuliyyətə cəlb olunmayacaqlar. Bu qərar prezident Dodonun yanvarın sonunda Rusiyaya səfəri zamanı onun xahişi əsasında qəbul olunub.  İkinci mühüm qərar Moldovadan idxal olunan bəzi mallar üçün gömrük rüsumlarının ləğvidir. Putin-Dodon görüşündə əldə olunan razılığa əsasən Rusiya Moldovadan meyvə-tərəvəz, üzüm, şərab və meyvə-tərəvəz konservlərinin idxalına tətbiq olunmuş rüsumları yarım il müddətinə ləğv edəcək.  Yarım illik müddət diqqəti cəlb edir, aydındır ki, Rusiya seçkilərdən sonra Moldovanın xarici siyasətində və ikitərəfli münasibətlərdə yaranacaq dəyişikliklərə əsasən bu qərarı ya dayandıracaq, ya da müddətini uzadacaq. Tərəflər Moldovanın Rusiyadan aldığı təbii qazın qiymətinin aşağı salınmasını da müzakirə ediblər. İ.Dodon deyib ki, seçkilərdə onun partiyası çoxluq qazanarsa və Avrasiya İqtisadi İttifaqına müşahidəçi kimi qoşulmaqla bağlı qərar qanunverici orqanda ratifikasiya olunarsa, Moskva Moldova üçün təbii qazın qiymətini 25-30% aşağı salacaq. Bu qərarların Moldova xalqının iradəsinə nə dərəcədə təsir edəcəyini 24 fevral axşamı görəcəyik.

Sosialistlər parlamentdə çoxluq əldə edərsə, Moldovanın Avrasiya İttifaqına inteqrasiyası başlayacaq, bu isə ölkədə yeni siyasi kataklizmlərin baş verməsi deməkdir. Avrointeqrasiya tərəfdarları – hansı ki, onların əksəriyyətini gənclər təşkil edir – bu reqresi qəbul etməyəcəklər. Qərbyönümlü qüvvələrin qələbəsi, yəni hazırkı siyasi kursun davam etməsi də bir sıra risklər ehtiva edir. Bu halda Moskva yuxarıda qeyd etdiyimiz pozitiv yanaşmasından vaz keçəcək və Moldovaya qarşı təzyiq siyasətini bərpa edəcək. Bu da öz növbəsində Dnestryanı ərazinin reinteqrasiyasını, yəni problemin həllini çətinləşdirəcək, hətta qaqauz separatizminə rəvac verəcək, çünki avrointeqrasiya ilə paralel həm də Moldovanın Rumıniyaya inteqrasiyası prosesi gedir. Artıq 600 mindən çox (bəzi məlumatlara görə 800 min) moldovalı Rumıniya vətəndaşlığına keçib və bu rəqəm hər il artır. Qaqauz Yeri muxtariyyətinin liderləri dəfələrlə bildiriblər ki, Moldova rəhbərliyi Rumıniya ilə birləşməyə qərar verərsə, onlar bu prosesə qatılmayacaqlar və ərazinin müstəqilliyini elan edəcəklər.

Bir sözlə, Moldova xalqı çətin seçim qarşısındadır. Hər iki yol da hamar deyil və risklər vəd edir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)