Deputat oğlunun cinayəti ört-basdır edilir
Hüquq-mühafizə orqanları İsmayıl Orucovun qadınlara atəş açması barədə danışmaq belə istəmirlər
E.MƏMMƏDƏLİYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qudurğanlığın son həddi
İki qadına səkkiz atəş açıb, zərərçəkənlərdən birini pulla «alıb», digəri isə...
-
Deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun «Mersedes Galenvagen» markalı, AZ 10 BB 111 nömrə nişanlı maşınından Ramilə Süleymanovanın idarə etdiyi «Nissan Juke» markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açması haqda manşetdən yazı dərc etmişdik. Hadisə zamanı maşında olan digər qadın Aynurə Cəfərova «Yeni Müsavat»a onlara qarşı törədilmiş cinayət barədə ətraflı danışaraq 4 ay əvvəl törədilmiş olayın araşdırılmamış qaldığını söyləyib. Onun atası Novruz Cəfərov isə prezidentə müraciət edərək əlisilahlı deputat oğlu barəsində ölçü götürülməsini istəyib.
Axar.az zərərçəkən tərəfin şikayət etdiyi polis bölmələrinə olayla bağlı sorğu ilə müraciət edib. Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən sahə rəisi Əzənqulu Ağayev bu haqda məlumatının olmadığını söyləyib. Polis bölməsinin növbətçi hissəsindən isə əvvəlcə bu haqda bölməyə şikayət daxil olmadığını desələr də, əlavə sualları dinləmədən dərhal telefonu bağladılar. Zərərçəkən tərəfin müraciət etdiyi digər - Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin növbətçi hissəsindən də bu haqda məlumatsız olduqlarını dedilər. DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məsələ ilə əlaqədar Baş Prokurorluğa müraciət etməyimizi tövsiyə etdi. O.Mansurzadə şikayət barədə nazirliyə konkret olaraq məlumat daxil olub-olmaması haqda açıqlama vermədi: «Gün ərzində DİN-ə yüzlərlə məlumat daxil olur. Şikayət edən və qarşı tərəf də bu barədə açıqlama verib. Əgər zərərçəkən Baş Prokurorluğa müraciət edibsə, onların özü ilə əlaqə saxlayın».
Deputatın köməkçisi anspress-ə açıqlamasında yayılan xəbərlərin əsassız olduğunu söyləyib. Onun sözlərinə görə, deputat məsələ ilə bağlı bir həftə öncə açıqlama verib: «Ayaz Orucov özü yayılan xəbərlərlə bağlı açıqlama verib. O, bu xəbərlərin əsassız və yalan olduğunu söyləyib. Yayılan xəbərlər böhtandır».
Qeyd edək ki, martın 1-də «Bizim Yol» qəzeti A.Orucovun oğlunun bir maşını gülləyə tutması haqda yazı dərc etmişdi. Bundan sonra deputat bu xəbəri «müxalifətyönlü qəzetin növbəti uydurması» adlandırmışdı. «Yeni Müsavat»ın araşdırması isə yazılanların uydurma olmadığını ortaya qoyub.
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı baş vermiş olaya öz facebook səhifəsində belə münasibət sərgiləyib: «Burada deyilənlər doğrudursa, deputatın oğlu və bu cinayətdə iştirak etmiş yanındakı başqa şəxslər cəzalanmalıdır. Bunlarla yanaşı, o deputat deyilən şəxs cinayəti ört-basdır etməyə çalışıb, ədalət mühakiməsi əleyhinə cinayət törədib. O da, onun danışıqlara göndərdiyi şəxslər də məsuliyyət daşıyır.
Bu danışıqlarda iştirak etmiş, bundan açıq-aşkar xəbəri olsa da cinayətin ört-basdır edilməsində iştirak etmiş polis işçiləri və müstəntiq, əgər prokuror da bu işdə varsa, prokuror da məsuliyyət daşıyırlar».
Qeyd edək ki, ötən il noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, «Mersedes Galenvagen» markalı, AZ 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, «Nissan Juke» markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Xoşbəxtlikdən güllələr «Nissan Juke» olan iki qadına - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərovaya dəyməyib. Maşının arxa şüşəsi sınıb. A.Cəfərova hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının cinayət yerinə gəldiklərini qeyd edib. Bildirib ki, olay müvafiq dövlət qurumlarına müraciət etmələrinə baxmayaraq, araşdırılmamış qalıb.