vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 19 may 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ƏDƏBİYYAT  
18:22 | 21 aprel 2022 | Cümə axşamı Məqaləyə 692 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həyat heç bir proqnoza sığmır

Sabiq nazirin xatirələri ...

Vilayət QULİYEV

Ilk iş həyatıma 14 yaşında başlamışdım. Kəndimizin günbatan səmtində camaatın OOS dediyi bir küçəli qəsəbə vardı. Yalnız sonralar öyrəndim ki, OOS yox, əslində UOOS-dur. Yəni «Управление Орджонкидзевской Оросительной Системы» - Orconikidze adına Suvarma Sistemləri İdarəsi. Kəndin kənarından keçən kanal da Orconikidzenin adını daşıyırdı.

Yaşıllıq içində itib-batan qəsəbənin yeganə küçəsi tozlu-palçıqlı kənd yollarından fərqli olaraq asfaltlanmışdı. Əslində bura qala kimi  yer idi. Axşamlar darvazası bağlanırdı. Qəsəbədə kiçik kino-teatr, zəngin kitab fondu olan kitabxana, mağaza vardı. Lap başda rəisin evi, onunla üzbəüz idarə binası yerləşirdi. Səliqə-sahmana, təmizliyə xüsusi fikir verilirdi.

Yay aylarında UOOS-da mövsümi işə düzəlmək olurdu. Bir neçə həmyaşıdımla birlikdə hər səhər qəsəbəyə gəlirdik. Buradan idarənin yük maşınında  rayonun kolxozlarndan birinə yollanırdıq. Bütün günü əsasən pambıq sahələrində texnikin göstərdiyi yerlərdə əlimizdəki dəmir burlarla torpağı qazıb 30, 60, 90 sm.-dən süxur nümunəsi götürür, kiçik kağız torbalara qoyur və axşam qəsəbədəki laboratoriyaya təhvil verirdik. Həmin nümunələr əsasında ərazilərin şoranlaşma dərəcəsi müəyyən edilirdi. Torpağın yuyulması və yeni drenaj şəbəkəsi  ilə bağlı işlər həyata keçirilirdi. Ayın sonunda 70-80 manat maaş almağa və məktəb “ekipirovka”sını təmin etməyə imkan yaradan bu iş  həm də xoş macəra idi. Hər gün adi vaxtlarda gedib çıxa bilmədiyimiz müxtəlif kəndləri gəzir, bəzən briqadirlərin bizim texnikə verdiyi qonaqlıqların iştirakçısı olur, bütün günü danışıb gülürdük. Üstüaçıq maşında səyahətin  də ayrı zövqü vardı.

İş bölgüsünü – kimin hara getməsini, nə iş görməsini A. adlı cavan bir mühəndis müəyyən edirdi. Bizim - qara-qura, nimdaş geyimli kənd uşaqlarının fonunda ağayana  görkəmi  vardı. Ağbəniz, yaraşıqlı adam idi. Çox səliqəli geyinirdi. O vaxtlar hələ dezodorant yox idi. Amma yaxınlığında duranda adamı həmişə odekolon iyi vururdu. Bizimlə bir qədər saymazyana davranırdı.

Bir səhər iş bölgüsü zamanı kuzova qalxmaq  istəyəndə məni saxladı.

– Sən burada qalacaqsan, – dedi. – Rəisin həyətini süpürəcəksən. Toyuq hinini təmizləyib peyini ağacların dibinə tökərsən. Dirriyin alağını eləyərsən. Vaxt qalsa, küçə qapısının ağzını da süpürüb su çiləyərsən.

Rəisin qardaşı, ya da bacısı qızı hansısa qonşu rayondan gəlib onların evində qalırdı. Bizim məktəbdə, məndən bir sinif yuxarı oxuyurdu. Ağıllı, tərbiyəli qız idi.  Yəqin mənim həyət süpürməyimə də nökərçilik kimi yox, adi iş kimi baxardı. Hər hansı “love history”dən də söhbət gedə bilməzdi. Amma istənilən halda onun gözünün qabağında süpürgəçilik eləməyi, toyuq hini təmizləməyi özümə sığışdıra bilmədim. Odur ki, cəsarətimi toplayıb:

-– Mən ora getmək istəmirəm, - dedim.

Sözündən çıxmağım A.-nı əsəbiləşdirdi:

– İstəmirsən, rədd ol get! Burda gözümü mazol eləmə. Sabahdan da  gəlmə. Deyəcəm əmrini versinlər. Sizin nazınızla oynamağa vaxtım yoxdur, – dedi.

Kənara çəkilib çirkli əllərimlə gözümü ova-ova səssizcə ağlamağa başladım. 14 yaşım vardı. Bəlkə də ilk dəfə idi ki, belə çətin sınaqla üzləşirdim.

Sürücü motoru işə salanda A. fikrini dəyişdi. Tərs-tərs baxıb:

– Min maşına, – dedi. – Amma öz aramışdır, çox yazıq adamsan. Bu gedişlə səndən heç nə olmayacaq. Vallah, tiyan dibində acından öləcəksən. 

Fikrimdən keçdi ki, eyni sözləri qaytarıb özünə deyim. Sonra dönüb arxaya baxmadan uzaqlaşım. Amma etmədim. Edə bilmədim. İki ay ərzində buradan alacağım maaşa özümün, ailəmizin  çox ehtiyacı vardı...

Hadisə 1967-ci ildə olmuşdu.

Üstündən düz 30 il keçəndən sonra A. ilə yenidən rastlaşdıq. 1997-ci ildə Milli Məclisin üzvü kimi rayona getmişdim. Bir neçə yeni tanışın dəvəti ilə rayon mərkəzindən kənarda, ağaclıq ərazidəki  restoranda nahar edirdik. Həyətdə əl-ayaq işlərinə baxan ağsaçlı, nurani görkəmli ağbəniz bir qoca vardı. Nədənsə, mühəndis A.-nı xatırladım. Amma dərhal da fikri özümdən uzaqlaşdırdım.  Elə bu zaman restoranın bizimlə bir masada oturan sahibi  bildiyim adla ona müraciət edib əmr tonu ilə:

– Apar müəllimin (yəni mənim) maşınını təmiz-təmiz yu!-dedi. Sonra mənə tərəf çevrilib izahat verməyə başladı:

– Bunun da bir vaxtları vardı! Deyirlər, çox kəlləli “injener” imiş. Amma yazığın bəxti gətirmədi. Ailəsi dağıldı. Uşaqları sahib çıxmadılar. İndi gətirmişəm, həyət-bacada fırlanır. Yemək-içməyi də burdandır. Həm də gözətçidir.

Təbii ki, A. məni tanıya bilməzdi. Yəqin heç xatırlamazdı da! Həmin anda onun 30 il əvvəlki proqnozunun tam tərsinə çıxması haqda fikirləşmirdim. Sadəcə düşünürdüm ki, həyat çox amansızdır. Və heç bir proqnoza sığmır...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Commentics

Sorry, there is a database problem.

Please check back shortly. Thanks.