Qaranlıqlarını dələn işıq...
... Yaxud “Dildə, fikirdə, işdə birlik”dən “Bir millət, iki dövlət” ideologiyasına
Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümündən bizi saatlar ayırır. İstiqlalımızın 104-cü ildönümünü də qardaş Türkiyə Cümhuriyyəti ilə birlikdə qeyd edəcəyik. Liderlərimiz doğmadan da doğma qardaşlar kimi qucaqlaşacaq, ürəklərimiz birlikdə döyünəcək, üzümüz birlikdə güləcək, dəlisov Bakı küləyinin başımız üzərində dalğalandırdığı bayraqlarımız 28 May Günəşinin qoca Şərqin qaranlıqlarını dəlib keçən işığında qolboyun olacaqlar...
28 May növbəti dəfə Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının, iki dövlətin bir millətinin, inşallah, əbədiyyətə qədər davam edəcək həmrəyliyinin yaddaşlara həkk olunacaq, könüllərə yazılacaq tarixinə çevriləcək.
...Bu sətirləri vərəqə köçürməzdən öncə, son 24 il ərzində Azərbaycan-Türkiyə münasibətləri haqqında yazdığım və kompüterimin yaddaşında qalan yazılarımı incələdim. Sayı-hesabı yoxdur. Bir neçə cildlik kitaba sığmaz. Sevgi də var, sayğı da, umu-küsü, narahatlıq, giley-güzar da... Amma bənzərlik yoxdur.
Azərbaycan-Türkiyə münasibətlərinin də dünyada bənzəri yoxdur və heç zaman da olmayacaq. Çünki bu, sadəcə ortaq dil, tarix və mədəniyyət amilindən qaynaqlanan münasibətlər deyil. Uzaq və yaxın tarix, hətta bu günümüz belə ortaq dilin, mədəniyyətin, qohumluğun gerçək dostluq və qardaşlıq üçün yetərli olmadığını təsdiqləyir. Bu baxımdan, mənə görə, Azərbaycan-Türkiyə münasibətlərinin bağları sadəcə daşıdığımız ortaq dəyərlər deyil, bəlkə də daha çox qarşılıqlı sədaqət və etimad, eləcə də bu yüksək mənəvi keyfiyyətlərin özünü hər iki ölkənin liderinin xarakterində, əməllərində büruzə verməsidir.
Dünyada eyni dildə danışan, eyni mədəniyyətin daşıyıcısı olan kifayət qədər xalqların yaşadığı dövlətlər var ki, onların qarşılıqlı münasibətləri ilə Azərbaycan-Türkiyə qardaşlığını müqayisə etmək mümkün deyil. Məsələn, eyni soy-kökə sahib olan slavyan xalqlarının yaratdığı və beynəlxalq birliyin müstəqil subyekti olan 13 dövlət var – Rusiya, Ukrayna, Belorus, Polşa, Çexiya, Slovakiya, Serbiya, Monteneqro, Bosniya və Hersoqovina, Xorvatiya, Sloveniya və Şimali Makedoniya... Amma bu dövlətlərin bir neçəsinin arasında ciddi fikir ayrılıqlarının, hətta müharibə və münaqişələrin olduğu hər kəsə bəllidir.
Yaxud dünyada ispan dilində danışan 22-dən çox ölkə var və bu ölkələr arasında Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətinə qismən də olsa uyğun gələ biləcək iki ölkə tapmaq mümkün deyil. Eyni fikirləri fransızdilli və qismən fransızdilli 43 ölkə haqqında da söyləmək olar. Bu siyahını davam etdirmək də mümkündür, lakin məqsədim müqayisədən daha çox, Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəyə gəlib çatmasında rol oynayan məqamlara diqqət çəkməkdən ibarətdir. Yəni ortaq dil, mədəniyyət, tarix və digər bu kimi amillər dövlətlərarası münasibətlərdə daha əlverişli mühitin formalaşmasına, maneələrin tez bir zamanda aşılmasına, qarşılıqlı təmasların intensivləşməsinə imkan yaratsa da, həlledici deyil. Həlledici olan isə əlverişli amillərdən doğru istifadə etməyi, ortaq dil, mədəniyyət kimi mühüm təməlləri, tarixi bağları qarşılıqlı faydalı əməkdaşlıqla gücləndirməyi, milli iradəyə söykənən siyasət yürütməyi, xalqların və dövlətlərin birgə strateji hədəflərini müəyyənləşdirməyi bacaran qətiyyətli, uzaqgörən liderlərin olmasıdır. Kəsəsi, ortaq dəyərləri ortaq maraqlara çevirmək məharətidir. Məhz bu baxımdan, Azərbaycan-Türkiyə münasibətlərinin son 28 illik tarixinə diqqət yetirsək, XIX yüzilin sonlarından və XX əsrin əvvəllərindən ideoloji əsasları qoyulan və türk xalqlarının yaşadığı nəhəng bir coğrafiyaya Azərbaycandan boy atan Türk Dünyasının Birliyi məfkurəsinin Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində sözdən, fikirdən əmələ keçdiyini söyləyə bilərik. İsmayıl Bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarı Heydər Əliyevin “Bir millət, iki dövlət” ideoloji təməli üzərindən inkişaf etdirilərək, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində özünün real məcrasına qədəm qoyub və türk xalqlarının min illik arzularının gerçəkləşməsinə zəmin yaradıb.
Bir millətin, xalqın vahid dəyərlərə söykənərək toparlanmaq, milli iradəsini ifadə etmək, torpağına, dilinə, mədəniyyətinə sahiblənmək bacarığı nə qədər mühümdürsə, bu milli iradəni ifadə edə biləcək qətiyyətli liderlərinin olması bir o qədər əhəmiyyətlidir. Bu xüsusda, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın eyni və həm də həlledici tarixi əhəmiyyətə malik zaman çərçivəsində dövlətlərimizə rəhbərlik etmələri, qarşılıqlı etimad və güvən üzərində qurulan dostluq, qardaşlıq münasibətləri, milli maraqları hər şeydən üstün tutmaları və qətiyyətlə qorumaq iradəsinə sahib olmaları, qənaətimə görə, Azərbaycan-Türkiyə xalqının – iki dövlətin bir millətinin ən böyük qazancıdır.