Çingizin son anları...
... gördükləri və görmədikləri
Yağış yağmağa başlayanda mən səssiz-səmirsiz, dişlərimi qıcıyaraq Sumqayıt küçələri ilə hərəkət edirdim. Azərbaycanı ələk-vələk edən 10 günlük səfərimin son günü idi və mən Allaha yalvarırdım ki, ailəm qarşısında mənim üzümü qara etməsin. Yağış isti idi, sanki mən gedə-gedə duş qəbul edirdim. Diqqətlə binaların üzərində yazılan küçə adı və ev nömrələrini oxuyaraq çəkmələrimin su gölməçələrinə batmağını yalnız spesifik şappıltı səsindən anlayırdım. Bütün su idim… Amma bədənimdə dolaşan endorfinlərə baxmayaraq, panik atak hiss etməyə başladım. Sumqayıta çatmaq üçün etdiyim hər şeyi, Çingizin şəxsi tapançasını axtarmağa sərf etdiyim bütün vaxtı və sabah onun 40 mərasimi gününədək anama verdiyim sözü düşünərkən, qabırğalarım ciyərlərimi kəmər kimi sıxırdı.
Mən, Çingizin, 1992-ci il 15 iyunda, Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə ciddi yaralanaraq itirdiyi, daha doğrusu oğurlandığı şəxsi tapançasını axtarırdım. Amma həqiqətdə axtardığım o tapança deyildi. Axtardığım soyuq polad və eyni zamanda odlu silahın simasında təsəlli idi, Çingizin özü idi, onun haqqında danışa biləcəyim hekayə idi.
Ləyaqətini qorumaq naminə ağrıdan zırıldayan, minomyot qəlpəsindən sağ baldır nahiyəsində şah damarı cırılan Çingiz bir an bundan öncə lentə aldığı həyatın son və dəhşətli kadrlarını müşahidə edirdi. Düşmənin minomyot atəşi davam edir. Yaralı Çingizi döyüş meydanından çıxartmağa çalışan uca boylu əsgər qəlpə yarası alır. Hər yanı tüstü bürüyür – bu, açıq pozisiyada durmuş və Çingizi döyüş meydanından çıxarmağa çalışan BMP-ni tuşlayan növbəti minomyot mərmisinin yerə çırpılaraq yaratdığı qəlpə toranlığı, alov tüstüsü və toz-torpaq içində aradan çıxmaq istəyən zirehli maşının ardaşırı mühərrikə qaz verərək yaratdığı işlənmiş qazların dumanında ibarət cəhənnəmdir.
“Pozisiyalara qayıdın, atın məni burda” tələbini Çingiz beynində formalaşdırsada, artıq ifadə edə bilmir… ağzında dəmir tamı verən ağır maddə sanki dilinin tərpənməyinə imkan vermir. Çingizi bu cəhənnəmdən çıxarmağa çalışan daha bir uca boylu əsgər yaralanır və… ya BMP-nin qapısı bağlanır ya da Çingizin gözləri… Qaranlıq hökmranlıq etməyə başlayır və Çingiz uzaqda heç bir işıq görməyərək gedir.
Bu Çingizin gördüyü son təsvirlər idi.
Şükür Allaha ki, Çingizin son gördükləri yalnız döyüş və qəhrəmanlıq təsvirləri oldu. Əsl igidin sonu!
Şükür Allaha ki, Çingiz, onun cibindən düşən şəxsi tapançasını oğurlayan alçaq boylu əsgəri görmür. O adam o qədər alçaq idi ki, BMP-nin döşəməsində uzanaraq Çingiz onu görə bilmirdi…
Lakin mən onu gördüm… Düz 10 gün axtarandan sonra tapdım və gözünə baxaraq gizlədə bilmədiyi acizliyini və qorxunu gördüm. Sonralar “Məndə yoxdur ” son ifadəsi ilə yadımda qalan bu bədbəxt dezertir narkomanı onunla yaşayan qara və hələ insanlığını itirməyən qız xilas etdi. Qız vəziyəti və mənim danışmasam da, ciddi məramlı olduğumu anlayaraq nakam sevgilisini kişi ifadələri ilə söyərək, hələ də üstü yığışdırılmayan yatağın döşəyini qaldıraraq altından ağ əskiyə bürünmüş tapançanı mənə tərəf uzatdı. Tapancanın üzərində həkk olunmuş nömrəni yoxladım… Çingizin tapançası idi! Qız tərəfindən söyülən canlı o qədər hallı idi ki, baş verənlərə artıq reaksiya vermirdi və qorxu ilə narkotikin sintezindən şüşələnmiş gözləri ilə mənimlə birlikdə otaqdan çıxan tapançaya baxırdı.
O gün Sumqayıtdakı həmin o mənzildə mən bir söz də demədim. Qusardan tutmuş Lənkərana, oradan Şəkiyə və sonra Gəncəyə etdiyim ezamiyyətlərdə sorğu-suala aldığım onlarla əsgər sonda bu Sumqayıtdakı mənzilin ünvanını mənə verdilər. Məsələnin belə rahat həlində iştirak edən mənim yorğun və qardaşımın tapançasını ailəmə qaytarmaq naminə hər bir ssenariyə hazır olduğumu nümayiş edən baxışım və bütün müharibəni mənimlə keçən sadiq və soyuqqanlı dostum “Makarov” əsas rol oynadı. Sonralar eşitdim ki, həmən canlını kimsə elə bu mənzildə tapança ilə güllələyib… Çətin vaxtlar idi.
Çingizin həlak olduğundan 39 gün keçib gedirdi. Anama və ümumiyyətlə bütün ailəmizə heç kim Çingizi qaytara bilməzdi. Buna inanmaq belə çətin idi, amma sırtıq həqiqət günbəgün bizi buna öyrəşdirir və bizi təsəllilər toruna salaraq zaman hörümçəyi qanımızı içib Çingizsiz varlığımızı asılmış vəziyyətdə saxlayırdı və biz buna heç bir müqavimət göstərmirdik.
24 İyun, axşam saat 21.30 (Qırx mərasimi günündən 2 saat 30 dəqiqə əvvəl)
Anama ağ parçaya bürünmüş Çingizin şəxsi tapançasını təqdim etdim… sonuncu təsəllini…