vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
DÜNYA  
17:08 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 30 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təcavüzkara güzəşt ...

Rusiya – Ukrayna müharibəsi. atəşkəs, yoxsa sülh?

Fuad AĞAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti, digər rəsmi şəxslər, o cümlədən onun milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts öz çıxışlarında Rusiya ilə münaqişənin həlli çərçivəsində Ukraynanın bəzi ərazilərdən imtina etməsi məsələsini qaldırıb. 2025-ci il martın 14-də “Fox News”a verdiyi müsahibədə sonuncu ABŞ-ın hər iki tərəflə – Rusiya və Ukrayna ilə – ərazi məsələlərini də əhatə edə biləcək variantları müzakirə etdiyini və tərəflərin mövqelərini “yaxınlaşdırmağa” çalışdığını qeyd edib. Uolts prezident Trampın “bu müharibəni bitirmək” əzmində olduğunu vurğulayıb ki, bu da sadəcə müvəqqəti atəşkəsdən daha geniş kontekstə işarə edir.

ABŞ rəsmiləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı “uzunmüddətli sülh”dən və prezident Trampın aparıcı rolundan (hətta onun da Obama kimi Nobel sülh mükafatı laureatlığı perspektivindən) bəhs edirlər ki, bu da atəşkəsdən daha çox sülh müqaviləsinə can atıldığını göstərir. Atəşkəs adətən döyüş əməliyyatlarının müvəqqəti dayandırılmasını nəzərdə tutur, ərazi iddiaları kimi mübahisəli məsələlərin həllini sonraya saxlayır. Məsələn, Bişkək protokolu nəticəsində atəşkəs əldə olunmuşdu, bu, sülh müqaviləsi deyildi. Sülh müqaviləsi sərhədlərin dəyişdirilməsi və ya təhlükəsizlik təminatları kimi şərtlərin hüquqi təsbitini ehtiva edir ki, Uoltsun sözləri də bu kontekstdədir.

Ukrayna Respublikasını işğal altında olan ərazilərini Rusiyaya peşkəş verməyə sövq edənlər 1938-ci ilin sentyabrında Çexoslovakiyanın Sudet vilayətini Hitler Almaniyasına peşkəş verən Böyük Britaniya və Fransadan əgər nə ilə fərqlənirlərsə, bu, onların əməllərinin daha ağır nəticələrə, o cümlədən qat-qat ciddi ərazi itkilərinə səbəb ola biləcəyidir.

Xatırladıram ki, Böyük Britanıyanın baş naziri Çemberlen və Fransanın baş naziri Daladyenin xeyir-duasından sonra Hitler Almaniyasının ilhaq etdiyi Sudet vilayətinin ərazisi vur-tut 29.000 km2 olub. Ukraynanın hazırda işğal altında olan ərazisi təxminən 120.710 km2, yəni Sudetdən 4 dəfə böyükdür. Aşkardır ki, Putinin iştahası Hitlerdən, Trampın “səxavəti” Çemberlən və Daladyedən dəfələrlə artıqdır.

Güc tətbiqi nəticəsində əldə edilmiş hər hansı ərazi güzəştləri BMT Nizamnaməsinin (maddə 2, bənd 4) dövlətlərin ərazi bütövlüyünə qarşı güc tətbiqini və ya təhdidini qadağan edən prinsipinə ziddir. Əgər sülh müqaviləsi hərbi vəziyyətin təzyiqi ilə Rusiyaya ərazi verilməsini nəzərdə tutursa, bu, həmin prinsipin pozulması kimi yozula bilər. Lakin Uolts bunun Ukraynanın danışıqlar çərçivəsində könüllü qərarı olub-olmayacağını, yoxsa məcburi addım olacağını dəqiqləşdirmir ki, bu da şərhlərə yer qoyur. Onun ritorikasında diqqət diplomatik prosesə və “tərəflərin yaxınlaşmasına” yönəlib, bu da bunun qarşılıqlı razılaşma kimi təqdim edilməsi cəhdini nəzərdə tuta bilər, nəinki birtərəfli təzyiq.

Beləliklə, Uolts çox güman ki, sadəcə atəşkəsdən deyil, tamhüquqlu sülh müqaviləsindən bəhs edir, çünki onun bəyanatları uzunmüddətli həll və Trampın danışıq aparan kimi rolu ilə bağlıdır. Bununla belə, o, hüquqi və praktiki təfərrüatları açıqlamır ki, bu da bunun beynəlxalq hüquq normaları ilə necə uzlaşacağı sualını açıq qoyur.

Trampın beynəlxalq hüquqla arasının olmaması bəlli faktdır, amma Uolts və xüsusilə də dövlət katibi Rubio beynəlxalq hüquq normalarını bilməmiş deyillər.

1938-ci il Münhen sövdələşməsi nəticəsində Qərb öz müttəfiqini qurban verdi və bu, Almaniyanın daha da güclənməsinə gətirib çıxardı. Hitler 1938-ci ildə ələ keçirdiyi Sudet vilayəti ilə kifayətlənməyərək, Münhen sövdələşməsini ayaqları altına atdı və 1939-cu ildə bütün Çexiyanı işğal etdi, Slovakiyada isə oyuncaq dövlət yaratdı.

Böyük Britaniyanın Baş naziri Nevil Çemberlen 1938-ci ildə Münhendən qayıtdıqdan sonra demişdi: “Mən sizə zəmanəmiz üçün sülh gətirdim” (“Peace for our time”). Lakin bir il keçməmiş, 1 sentyabr 1939-cu il tarixində isə Almaniya Polşaya hücum etdi və II Dünya müharibəsi başlandı.

Münhen sövdələşməsi onu göstərdi ki, təcavüzkara güzəşt onun daha da güclənməsinə, azğınlaşmasına və böyük fəlakətlərə səbəb olur.

P.S. Mən əvvəlki kimi, o fikirdəyəm ki, Trampın ABŞ daxili siyasəti əsasən müsbətdir, ancaq onun xarici siyasətinin əsas istiqamətləri yanlış yolda olduğunu göstərir.