vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
14:27 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 31 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlham Əliyev Ermənistandan nə istəyir?

Nərimanov Zəngəzuru verməsydi...

Elbəyi HƏSƏNLİ. Sürix

Məşhur rus yazıçısı Antоn Pavloviç Çeхоv dramaturq kimi 4 mükəmməl əsər yazıb. Həmin əsərlər indi də dünyanın müxtəlif teatrlarının repertuarında yer alır. Çexov səhnəni və teatrı mükəmməl bilən bir qələm sahibi idi. Onun məşhur bir fikri var: "Birinci pərdədə bir tapançanı divardan asmısınızsa, sonrakı pərdədə o tapançadan atəş açılmalıdır. Əks təqdirdə onu oraya asmayın”. Dramaturq bu fikri müxtəlif illərdə yazdığı 3 məktubda fərqli formada ifadə edib.

Bəli, əgər səhnədə silah varsa, deməli, tamaşada atəş açılacaq. Bu, qaçılmazdır...

İlham Əliyev Nikol Paşinyana deyir ki, səhnənin ortasından silah asılıb. Bu silahdan nə vaxtsa atəş açılacaq. Bu təhlükəni aradan qaldırmaq üçün gəl o silahı ortadan götürək. Maraqlıdır ki, nə Nikol Paşinayn, nə də “sülhsevər” erməni xalqı buna razılıq vermir.

Söhbət ondan gedir ki, 1990-cı ilin avqustun 23-də Ermənistanda Müstəqillik Bəyannaməsi qəbul olunub. Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb, Ermənistan Konstitusiyasında isə bu müddəaya istinad var.

Azərbaycan bu istinaddan narazıdır və bunu Ermənistanın Azərbaycana ərazi iddia kimi qəbul edir. Haqlı olaraq deyir ki, bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına maneədir.

Bəs ermənilər nə deyir? Deyirlər ki, Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarında açıq şəkildə qeyd olunub ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Başqa bir arqumentləri də var: Ermənistan konstitusiyasının 5-ci maddəsində “Ermənistan Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilələrin normaları ilə yerli qanunların normaları arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələrin normalarına üstünlük verilir”, yəni Ermənistan Konstitusiyası sülh sazişinin imzalanmasına maneə kimi göstərilə bilməz. Əksinə, sülh sazişinin imzalanması Ermənistan konstitusiyasının dəyişdirilməsini də sürətləndirə bilər.

Nəzəri baxımdan düz deyirlər. Ancaq o da bəri başdan bəllidir ki, revanşistlər iqtidara gəldiyi təqdirdə tamam fərqli arqumentlərə söykənəcəklər. Ona görə də İlham Əliyev revanşistləri indidən tərk-silah etmək istəyir.

İkinci məsələ isə Azərbaycan xalqının nifrət etdiyi ATƏT-in Minsk qrupu ilə bağlıdır. Bəllidir ki,  1 yanvar 1997-ci ildən ATƏT-in Minsk qrupuna həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Hər 3 ölkədə erməni lobbisi xüsusi nüfuza sahibdir.

Ermənistan Minsk qrupunun da ləğv olunmasını istəmirlər. Təsəvvür edin ki, Ermənistanda keçirilən növbəti seçkidə revanşistlər iqtidara gəldi. Heç şübhəsiz ki, onlar Ermənistanda Müstəqillik Bəyannaməsinə və konstitusiyasına istinadən ATƏT-in Minsk qrupunun yenidən fəaliyyətə başlamasını tələb edəcəklər. Zatən elə indinin özündə də daşnaklar da daxil olmaqla Qarabağ klanını təmsil edən partiyalar bu fikirdə olduqlarını heç gizlətmirlər də.

Bir anlığa təsəvvür edin ki, bu və ya digər səbəbdən Azərbaycanda müəyyən problem yaranıb. Kim əminliklə deyə bilər ki, ermənilər bu fürsətdən yararlanmağa çalışmayacaq? Belə bir əminlik yoxdur.

Əslində erməni xalqı özü tələb etməlidir ki, konstitusiya dəyişməlidir, Minsk qrupu da buraxılmalıdır. Niyə? Çünki hər iki məsələ səhnədən asılmış silah kimidir, nə vaxtsa o silahdan atəş açılacaq. Sən istəməsən belə səni buna təhrik edəcəklər. Təəssüf ki, erməni xalqı bu təhlükənin nə qədər real olduğunun fərqində deyil. Fərqində deyil ki, Azərbaycanın bu haqlı tələbləri yerinə yetirilməsə gələcəkdə hansısa avantürist lider onu yenidən türklərlə müharibə meydanına sürükləyəcək.

Azərbaycan, konkret desək, İlham Əliyev erməni revanşistlərinin gələcəkdə ortaya çıxa biləcək bu kimi təhlükələrdən Azərbaycanı sığortalamaq istəyir. Yəni fürsət varkən qalıcı barış üçün sahəni minalardan indi təmizləmək daha məntiqli deyilmi?

Bəs bu məsələ ilə bağlı ermənilərin arqumenti nədir? Deyirlər ki, Ermənistan ən yüksək səviyyədə ATƏT Minsk Qrupunun buraxılması məsələsinə baxmağa hazır olduğunu bəyan edib. Ermənistan sadəcə əmin olmaq istəyir ki, bu, münaqişənin "Qərbi Azərbaycan" şüarı altında Ermənistan Respublikasının ərazisinə keçməsi yox, Ermənistan-Azərbaycan münaqişəsinin de fakto və de jure başa çatması demək olacaq.

Azərbaycanla Naxçıvan arasındakı Zəngəzur bölgəsi bolşeviklər tərəfindən Ermənistana verilib. Hələ 2021-ci ildə çıxışı zamanı İlham Əliyev bu barədə belə demişdi:  “...Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi...”

Tarixdən yaxşı məlumdur ki, Nəriman Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində Zəngəzurun Ermənistana güzəştə gedildiyini bildirdi. Bəyanatda yazılıb: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur... qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; ...Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır”.

Bolşeviklər məhz N. Nərmanovun, yəni sapı özümüzdən olan baltanın əli ilə Zəngəzuru Ermənistana ərməğan etdi.

Bolşeviklər Zəngəzurun Ermənistana verməklə Azərbaycanı və gələcəkdə bir araya gələ biləcəyi ehtimal olunan Türk Dünyasını bəri başdan parçaladılar. Hazırda Zəngəzurun Ermənistanda olması bütün Türk Dünyasını əsir-yesir edib. Düşünün ki, biz Türkiyəyə Gürcüstan üzərindən çıxırıq. Neft və qaz kəmərləri, dəmir yol, digər nəqliyyat vasitələrimiz Gürcüstandan keçmək zorundadır. Halbuki Zəngəzur bizdə olsaydı hər şey başqa cür ola bilərdi.

Əgər Azərbaycan bu gün Ermənistan konstitusiyasında müvafiq dəyişikliyə nail olmasa, ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verdirə bilməsə, heç şübhəsiz ki, bu məsələlər gələcəkdə Zəngəzur itkisi kimi böyük itkilərə yol aça bilər.

Vəziyyət mürəkkəbdir: Həm Ermənistanda bu kimi məsələlərin müsbət həllinə nail olmalıyıq, həm də Nikol Paşinyanın iqtidarda qalmasını təmin etməliyik. Ən azı ona görə ki, o, “real Ermənistan” konsepsiyasından çıxış edir. Revanşistlər isə yenə 3 dəniz arasındakı mifik Ermənistandan dəm vuracaqlar...