vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
PROBLEM  
12:45 | 24 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 5357 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dərmanların zəhərli «dili»

«Əmin olun ki, mütəmadi həkim ilə əlaqə saxlayırsınız»

Sevinc FƏDAİ, «Aydın yol» qəzeti

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkədə istifadə olunan dərman və dərman preparatlarının əksəriyyəti xaricdən gətirilir. Həmin dərmanlara əlavə olunmuş içliklərin dili nəinki sadə insanlar, çox zaman mütəxəssislər üçün də qaranlıq qalır.

Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zamiq Təhməzov bu barədə danışır.

Zamiq Təhməzovun sözlərinə görə, tibb sahəsində çalışanların Azərbaycan dilinin qayda-qanunlarını bilməməsi problem və anlaşılmazlıq yaradır: «İstehlakçıların mənafeyini nəzərə alan Səhiyyə Nazirliyi həmin preparatların içliyini ana dilimizə tərcümə etdirir. Bu, həmin sahədə irəliyə doğru addımdır. Ancaq aparılan müşahidə və tədqiqatlar sözügedən sənədlərin dilində bir çox çatışmazlıqları, o cümlədən ədəbi dil normalarından yayınmaları üzə çıxarır.

Araşdırmalar göstərir ki, içlik vərəqələrindəki dil qüsurlarının böyük hissəsi sənədləri tərcümə edənlərin qeyri-peşəkarlığı ilə bağlıdır. Bəlkə də həmin tərcüməçilər tibb sahəsini kifayət qədər yaxşı bilirlər, ancaq Azərbaycan dilinin qayda-qanunlarına bələd olmadıqları aydın görünür».

Zamiq Təhməzov araşdırmaya cəlb edilən bir neçə preparatın içlik vərəqindəki çatışmazlıqlardan söz açdı: «Ayrı-ayrı dərman və dərman preparatlarının izahedici hissəsində mətnlərin aydın strukturu yoxdur. Bəzi dərmanlarda (biseptol, metafom, qalazolin və sairə) farmakoloji xüsusiyyətlərdən, istifadə göstərişlərindən, əks-göstərişlərdən danışıldığı halda, başqa qrup preparatlarda həmin hissələr farmakodinamika, farmakokinetika adları altında verilir».

Mütəxəssis bildirir ki, mövcud qaydalara görə, Azərbaycan dilində feilin şərt şəkli sadə cümlələrin müstəqil xəbəri vəzifəsində çıxış edə bilməz. Ancaq bir sıra dərmanların izahedici hissəsində «-sa, -sə» şəkilçisi ilə bitən cümlələrə rast gəlinir: Məsələn, «Siz ürək çatışmazlığı ilə bağlı müalicə almış və ya təzəlikcə ürək tutması keçirmişsinizsə. Qan dövranında ciddi problemləriniz (məsələn: şok) və ya tənəffüs çətinliyiniz varsa».

Mətnlərdə məntiqi cəhətdən düzgün qurulmayan cümlələr də var. Məsələn, «Metafom» dərmanının izah hissəsində yazılıb: «Əmin olun ki, mütəmadi həkim ilə əlaqə saxlayırsınız». Əslində, cümləni «Həkiminizlə mütəmadi əlaqə saxlayın» kimi vermək lazım idi.

Cümlələrin «hansı ki», «hansının ki» bağlayıcısı ilə başlanması doğru deyil. Məsələn, «Hidroxlortiazid – tiazid diuretikdir. Hansının ki, diuretik təsiri nefronun distal hissəsində natrium, xlor, kalium, maqnezium, su ionlarının reabsorbsiyasının pozulması ilə əlaqədardır».

Dərmanların içliyində tez-tez təkrarlara yol verilməsi yəqin ki, söz ehtiyatının kasadlığından irəli gəlir. Məsələn, «Neo-Enterosol» preparatının izahı zamanı 10 dəfədən çox «əgər» bağlayıcısı işlədilib. İçliklərdə ruscadan gəlmə «belə ki» bağlayıcısından da çox istifadə olunur.

Zamiq Təhməzov deyir ki, tez-tez təsadüf edilən uyğunsuzluqlardan biri də bir neçə cümləni birləşdirməkdir. Bu mətnə diqqət edək: «Paylanma həcmi 7-12 litr arasındadır, onun əsas hissəsi toxuma və bədən mayeləri vasitəsilə yayılır, yaxud hər hansı dərman vasitəsinin qəbul edilə biləcəyinə əmin olmaq üçün həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Belə ki, Neo-Enteresol qəbul etməzdən əvvəl diareya əleyhinə preparat qəbul olunmamalıdır».

Mətni təkcə ayrı-ayrı cümlələrin birləşdirilməsi anlaşılmaz etməyib, bütövlükdə naşı tərcümə, terminologiya bolluğu və qrammatik qüsurlar dolaşıq söz yığınının ortaya çıxması ilə nəticələnib.   

Dilçilik İnstitutunun əməkdaşı izahlarda cümlələrin terminlərlə həddindən artıq yüklənməsini məqsədəuyğun saymır: «Məsələn, «Furosemidlə diazoksidin kombinə edilmiş şəkildə istifadəsi hiperqlikemik reaksiya törədir ki, bunun da qarşısını butamid yeritməklə almaq olar». Mütəxəssisin fikrincə, cümləni belə yazmaq daha düzgün olardı: «Qaraciyərdə mikrosomal oksidləşmə stimullaşdırıcıları (fenitoin, etanol, barbituratlar, trisiklik antidepresantlar), etanol və hepatotoksik dərman vasitələri hidroksilləşmiş aktiv metabolitlərin hasilini artırır (sefekon)».