vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
10:46 | 9 mart 2017 | Cümə axşamı Məqaləyə 3174 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yer verin, turist gəlir...

Turistlərin hotellərdə yox, evlərdə qalması hansı problemlər yarada bilər?

Aygün ASİMQIZI, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Turist nə qədər çox gələrsə, ölkə iqtisadiyyatı üçün də o qədər töhfə vermiş olur. Amma gələn turistlərin sayı çoxaldıqca, onların qalmaları üçün yerlərin də artırılması lazımdır. Düzdür, bu istiqamətdə müəyyən işlər görülür. Amma son vaxtlar şəxsi evlərin qapıları da turistlərin üzünə daha çox açılıb.

Bununla bağlı DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi mehmanxanaların təsnifatı ilə bağlı oxu.az saytındakı məqaləsində yazıb. Məqalədə bildirilir ki, son bir neçə il ərzində ölkəyə səfər edən turistlərin sayının artması, ekonomik seqmentdə fəaliyyət göstərən mehmanxanaların isə ümumi nömrə fondunun çatışmazlığı, xüsusən də Bakı şəhərində mənzil fondunun aktivləşməsinə gətirib: «Yəni turistlərə müxtəlif mənzillərin apartamentlər kimi, bəzilərinin isə hostel adı daşıyaraq təklif olunması ortaya çıxıb. Bu fakt həm mehmanxanalara ciddi zərbə vurur və eyni zamanda turizm bazarında keyfiyyətsiz və turistlərin təhlükəsini şübhə altına salan xidmətlərin təklif edilməsi kimi qiymətləndirilir».

 

«...bu sahəyə nəzarət zəifdir»

 

S.Dübəndi qeyd edir ki, digər tərəfdən mənzil sahibləri kütləvi şəkildə vergidən yayınırlar. Bunları tənzimləmək lazımdır, yerli mehmanxanaların maraqları qorunmalıdır: «Əgər kimsə öz mənzilini turistlərə və yaxud ölkəyə səfər edən qonaqlara və eyniliklə yerli turistlərə, ezamiyyətdə olan şəxslərə icarəyə vermək istəyirsə, bu əmlak mütləq müvafiq standartlara cavab verməlidir. Baxmayaraq ki, standartda mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatında «Rezidens (apartment complex; residence) – studio tipli otaqlar və mənzillərdə yerləşmə xidmətini təmin edən yerləşdirmə vasitəsi» izahlı olaraq göstərilib, bu sahəyə nəzarət zəifdir».

«Təsnifat sistemində dəyişikliklərlə və yaxud digər normativ-hüquqi sənədlərlə bu məsələni qaydaya gətirmək olar» – deyə S.Dübəndi məqaləsində qeyd edib. Əvvəllər kənd yerlərində olan evlərin turistlərə verilməsi məsələsi gündəmdə idi. Bu isə bütün dünyada məşhur olan kənd yaşıl turizmi olaraq adlandırılır. İlin əvvəlində Azərbaycanda kənd-yaşıl turizmi ilə məşğul olmaq istəyən ailə kəndli təsərrüfatlarının sertifikasiyadan keçməli olacaqları ilə bağlı məlumat mətbuatda yayıldı. Milli Məclisin məlumatında qeyd olunurdu ki, bu barədə yeni hazırlanan «Turizm haqqında» qanun layihəsində nəzərdə tutulub. Layihəyə görə, kənd-yaşıl turizmi ilə məşğul olmaq istəyən ailə kəndli təsərrüfatının ən azı bir üzvü turizm sahəsi üzrə sertifikasiyadan keçməlidir.

 

«Aşağı qiymət turistlər üçün cəlbedicidir»

 

İndi təkcə kəndlərdə deyil, ümumilikdə turistlərin evlərdə qalmağa üstünlük verməsi məsələsi gündəmdədir. Bu həm dövlət büdcəsinə ziyandır, həm də turistlərin təhlükəsizliklərinin təmin olunması cəhətdən yaxşı deyil. Amma rəsmiləşdirilmə olarsa, həm dövlətə vergi cəlb edilər, həm də turistlərin təhlükəsizlik məsələsi nəzarətə götürülər. Bəs ümumilikdə bu məsələ ilə bağlı rəsmiləşdirilmə nə yerdədir?

Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov «Kaspi»yə açıqlamasında bildirdi ki, turistlərin neçə faizinin evlərdə qalmağa üstünlük verməsi ilə bağlı tədqiqat aparılmasa da, müşahidələr həm xarici, həm yerli turistlərin həm də evlərdə qalmağa meylli olduğunu göstərir: «Bunun isə ən azı iki səbəbini müəyyənləşdirmək olur. Birinci səbəb odur ki, hotellərdə yer yoxdur. Bizdə olan məlumata görə, iyun ayına qədər Bakıdakı hotellərin böyük əksəriyyətində artıq yer yoxdur. İkinci səbəb isə qiymətdir. Bakıda və Abşeron yarımadasında daha çox yuxarı ulduzlu hotellərdir. Yuxarı ulduzlu hotellərlə müqayisədə isə evlərin kirayəsi daha cəlbedicidir. Hotellər həm də vergi ödədikləri üçün turistdən aldığı pulun maya dəyəri də artır. Evdə turisti qəbul edən Bakı sakinlərinin çoxları vergidən yayınır, onların xərci yalnız kommunal xidmətlərlə bağlı olur. Aşağı qiymət isə turistlər üçün cəlbedicidir».

E.Aslanovun sözlərinə görə qiymət cəhətdən münasib yerləşdirmə yerləri olsa, turistlərin evlərə üz tutma sayı azalar: «Aşağı ulduzlu hotellər, pansionatlar olsun ki, hər turist təbəqəsi Bakıda özünə yerləşdirmə yeri tapa bilsin. Bu gün kifayət qədər aşağı ulduzlu hotellərin olduğunu söyləyə bilmirik. Amma bununla bağlı təşviq qanunu çıxdı ki, artıq Sahibkarlığa Kömək Milli Fondu xüsusilə regionlarda aşağı ulduzlu hotellərin tikilməsinə investisiya ayıracaq. Bakıda da tikilənlərə yəqin ki baxılacaq».

 

«Bizdə evləri turistlərə vermək həvəskar bir işdir»

 

E.Aslanov deyir ki, evi turistlərə təqdim edərkən rəsmiləşdirmə prosesinin olmasında yalnız turist, dövlət büdcəsi deyil, evini kirayə verən də düşünülür: «Turist evdə qalırsa, bu zaman evin də təhlükəsizliyinə kim zəmanət verir. Turist orada nə isə etsə, ev sahibini hansı məsuliyyətlər gözləyir? Ona görə insanlara çağırış edirəm ki, hər şeyin ən doğru yolu rəsmiləşdirilməsidir. Gəlirlərindən sadələşdirilmiş şəkildə vergi verməklə həm qanuni vətəndaşlıq borcunu yerinə yetirmiş olarlar, həm də dolayısı ilə kirayə verdikləri üçün kirayə müqaviləsində öz əmlaklarına dəyə biləcək zərərləri sığortalamış olarlar. Həm də vergi ödədikləri üçün sabah dövlətdən hər hansı kredit də ala bilərlər».

E.Aslanov onu da bildirdi ki, bizdə evləri turistlərə vermək həvəskar bir işdir. Zamanla bu sahədə də peşəkarlaşma gedəcək: «Turizm Haqqında yeni qanun layihəsində bununla bağlı müəyyən məsələlər yəqin ki, nəzərə alınacaq. Amma kənd yaşıl turizmi baxımından belə bir qeydiyyat gedir. Qeydiyyatdan keçib, peşəkar şəkildə bu işlə məşğul olanlar var. Bu məsələdə ehtiyatlı yanaşmağın tərəfdarıyıq. Evlərini kirayə verənlərə tələbləri o vaxt qəti olaraq qoya bilərik ki, hotellərimizdə kifayət qədər boş yer qalsın. Turist çox gəlirsə, hotellərdə yer yoxdursa, insanlar öz evlərini kirayə verirlərsə, bu onlar üçün əlavə gəlirdir. Onlara qayda qoymaq, standartlar tələb etmək indiki mərhələdə qanunun tələblərinə riayət etmək kimi görünsə də, turizm cəhətdən əlverişli deyil. Vətəndaş cəmiyyəti işin içindədir. Evlərini kirayə verənlərlə bağlı Kənd Yaşıl Turizminin İnkişafına Dəstək Assosiasiyası fəaliyyət göstərir, onların portalı var. Orada xüsusilə evlərini kirayə verənlər qeydiyyatdan keçirlər. Onlar bir müddət sonra yəqin ki, daha mütəşəkkil olacaqlar. Bəlkə gələcəkdə inkişafın elə bir mərhələsi çatacaq ki, kənd yaşıl turizmi və ya evlərini turistlərə kirayə verənlərin hansısa formada müəyyən akkreditasiyası ilə də məşğul ola bilərik. Bu inkişafın səviyyəsindən asılı olacaq. Amma əgər dövlətin tanımadığı, dövlətin rəsmi yerləşdirmə yeri kimi qeydiyyatdan keçməmiş, yanğın təhlükəsizliyinə, verilən qidalara görə peşəkar təminatı olmayan evdə qalırsınızsa, bu riskləri də gözə almalısınız».

 

«Hamısı qanuni çərçivəyə salınmalıdır»

 

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov «Kaspi»yə bildirdi ki, aşağı qiymətə təklif olunan hotellərin sayı çox olsa, turistlər evlərdə qalmazlar: «Ölkədə bir və iki ulduzlu hotellər, ucuz hotellər, hostellər inşa olunmalıdır. Əgər bunlar olarsa, rəqabət də yaxşı gedər, 4-5 ulduzlu hotellərdə qiymət də aşağı olar. Bununla əlaqədar gələn turistlər evlərdə qalmazlar».

M.Ağakərimov deyir ki, turistlərə təklif olunan evlər qeydiyyata alınmadıqda, bir sıra çətinliklər yaratmış olur: «Evlərdə qalanda vergidən yayınma var, təhlükəsizlik məsələlərində problem yarada bilər. Bu məsələ çoxdan qaldırılsa da, hələ ki, həll olunmayıb. Həll olunsa, müsbət nəticələrini də görəcəyik. Ölkə büdcəsindən vergidən yayınma halları az olar. Çünki hotellər vergi verirlər, evlərdən isə vergini yığmaq çətindir. Təhlükəsizlik məsələləri həll olunar. Həm də daha çox turist cəlb edə və onların sayını statistikada daha düzgün apara bilərik. Çünki kütləvi surətdə gələn turistlər daha çox aşağı qiymətli hotellərdə qalırlar. Bu, həm aztəminatlı insanlar, həm də tələbə və gənclər üçün yaxşıdır».

M.Ağakərimov dedi ki, evini turistlərə kirayə verib, pul qazanmaq da normal haldır. Amma bunlar hamısı qanuni çərçivəyə salınmalıdır.

 

«Turistləri evlərdə qalmağa yönəltmək düzgün deyil»

 

«Luna Travel» Turizm Agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev deyir ki, turistlərin evlərdə yox, mütləq şəkildə hotellərdə qalmasının tərəfdarı deyil. Amma turistləri evlərdə qalmağa da yönəltmək düzgün deyil: «Turistlərin evlərdə qalması normaldır, amma bunun başqa tərəflərini də fikirləşmək lazımdır. Vergidən yayınma, turistin təhlükəsizliyi, antisanitariya şəraitli olması və s. mənfi məqamlar da ola bilər. Turistlərin məcbur olub evlərdə qaldığını deyirlər. Amma turist məcbur qalıb evlərə üst tutmur, çox vaxt onlara evlərdə qalmağı təklif edirlər. Bizdə hotellərdə yer ola-ola niyə turist evlərdə qalmalıdır? Onlara bunu təklif edirlər. Amma birinci hoteli təklif etmək lazımdır. Kiminsə evi varsa, deyir ki, 150 manat hotelə verincə, 100 manata gəlib mənim evimdə qalsın. Məsələyə bu cür yanaşmaq doğru deyil».

R.Quliyev deyir ki, turistlərin evlərdə qalması məsələsi rayonlar üçün təklif edilirdi: «Rayonlarda əhalinin sosial durumunun yaxşılaşdırılması üçün turistlərin evlərdə də qalmasını təklif edirdik. Yoxsa, biz nəzərdə tutmamışdıq ki turist gəlib «kubinka»da, hardasa həyət evində qalsın. Ev turist saxlamaq üçün qeydiyyata düşmədikdə, turisti müqaviləsiz evdə saxladıqda göstərilən xidmətin səviyyəsinin də yüksək olma ehtimalı azdır».

 

«Bəzən turist özü də hoteldə deyil, evdə qalmaq istəyir»

 

Hüquqşünas bildirdi ki, əgər hər hansı şəxs evini turistə vermək istəyirsə, qeydiyyatdan keçməlidir: «Evlərdə turist saxlamağın o vaxt tərəfdarı olaram ki, həmin evin sahibi Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib evini turistlərə təqdim etmək istədiyini bildirsin, vergidə qeydiyyatdan keçib, VÖEN alsın. Hər gələn turist neçə gün qalsa, turistlə müqavilə bağlasın, təqdim edəcəyi evin kvadratını, oradakı xidməti göstərsinlər. Turist evdə qalırsa, yemək məsələsini özü həll etməlidir. Əlavə servis olaraq yemək xidməti göstərilməməlidir. Evinin şəkillərini, ünvanını aidiyyəti orqanlara bildirməlidir. Nazirliyin bu işə nəzarət edən şöbələri var. Bu işi qanuniləşdirmək lazımdır. Turist gələcək, bu qədər pul alacaq, nə qədər vergi verəcək, nə qədər gəliri olacaq və s.  Bunları göstərməlidir».

R.Quliyev onu da bildirdi ki, bəzən turist özü də hoteldə deyil, evdə qalmaq istəyir: «Elə turist olur ki, ailəvi gələndə yaşayış evi axtarır, hotel şəraitində qalmaq istəmir. Bu turistin istəyindən asılıdır. Amma hər şey normal qayda-qanun ilə olmalıdır».

 

«Kifayət qədər hotellərimiz yoxdur»

 

Millət vəkili Azər Badamov deyir ki, turizm sahəsində son illər görülən işlər sayəsində ölkəmizə gələn turistlərin sayı xeyli artıb: «Xüsusilə də bayram ərəfələrində gələn turistlərin sayında artım müşahidə olunur. Amma Azərbaycanda turizm infrastrukturu tam şəkildə inkişaf etməyib. Biz istəyirik hotellərin sayı daha da çoxalsın, turist qəbul etmək üçün imkanlarımız genişlənsin. Ölkəmizin turistlər üçün cəlbedici olması üçün qanunlarda dəyişikliklər etmişik, Viza məsələsində işlər görülüb, bunun nəticəsi də var. Amma gələn turistlərin hamısını qəbul etmək üçün bizim kifayət qədər hotellərimiz yoxdur. Məndə olan məlumata görə, hazırda bayram günləri üçün bütün hotellərdə boş yer yoxdur. Turistlər də məcburdurlar ki, evlərdə qalsınlar».

A.Badamov deyir ki, turist qəbul etmək imkanında olan ev sahibləri turizm şirkətləri ilə əlaqə saxlayıb, bu xidməti göstərirlər: «Hotellərin sayı çoxaldıqca, turistlərin hotellərdə yerləşdirilməsi həyata keçiriləcək. Turistlər özləri ev axtarıb tapırlarsa, bu zaman turist saxlamaq üçün qeydiyyata durmayan evdə də qala bilərlər. Amma turizm şirkətləri tərəfindən təqdim olunan evlər qeydiyyata alınır və hesabatı verilir».