

Stanford Universiteti mərkəzli yeni bir araşdırma, su istehlakında qazlı və qazsız (adi) su arasında sağlamlığa təsir baxımından ciddi fərq olmadığını ortaya qoyub. Hansı suyun daha sağlam olduğu sualına cavab şəxsi üstünlüklərə və xüsusilə də mədə həssaslığına bağlıdır.
Araşdırmaya görə, hər iki su növü bədən üçün faydalıdır. Qazlı su – xüsusilə isti havalarda – daha təravətləndirici təsir göstərir, mikrob və bakteriyalara qarşı daha dayanıqlıdır, bu da onun saxlanma müddətini artırır. Ancaq bəzi insanlarda şişkinlik, qaz və həzm pozğunluğu törədə bilər.
Normal su kimlər üçün daha uyğundur?
Körpələr, uşaqlar və mədə-bağırsaq həssaslığı olan böyüklər üçün adi su daha münasibdir. İdmandan sonra və ya susuzluq vəziyyətində adi su daha rahat qəbul edilir.
Qazlı su bəzən susuzluğu tam yatırtmır və bəzi hallarda mədə turşuluğunu artıra bilər.
Mineral tərkibi nə göstərir?
Hər iki növ eyni mineral dəyərlərə malik ola bilər. Əsas fərq suyun çıxarıldığı mənbə ilə bağlıdır. Qabarcıqlı və ya yox olmasından çox, suyun keyfiyyəti əsasdır.
“Suyun qazında deyil, mənbəsində axtarın”
Suyun bədənimizə təsiri, sadəcə susuzluğu yatırtmaqdan ibarət deyil. Bu gün bəşəriyyətin ən böyük sağlamlıq problemlərindən biri olan xroniki susuzluq, əslində su içməməkdən çox uyğun olmayan su seçimi ilə bağlıdır.
Bu gün orta hesabla 7 saatdan az yuxu və gündə 2 litr su içməmək kimi hallar göstərir ki, metabolik stress gündəlik həyatı dərin şəkildə pozur.
Qazlı suyun psixoloji effekti nədir?
İnsan beyni üçün “qazlı” olan hər şey təravət və dinamizm siqnalıdır. Sanki bu, enerji içkisi effekti verir. Lakin bu, bəzi insanlarda “yalançı tokluğa” səbəb ola bilər. Yəni bədən hələ susuzkən beyin toydan çıxmış kimi davranır.
İqlim və su seçimi
Azərbaycan kimi isti iqlimli ölkələrdə, qazsız su – sürətli sorulma və effektiv nəmləndirmə üçün daha uyğundur. Qazlı su isə istidən sonra psixoloji rahatlıq üçün qısa müddətli fayda verə bilər, lakin böyrəklər üçün əlavə qaz təzyiqi yarada bilər.
Yerli bazarda təklif edilən sular arasında seçimi reklam əsasında deyil, etiket oxuyaraq etməliyik. Mənbəyi göstərilməyən su təhlükəli ola bilər. Süni qaz əlavə olunan sular mədə turşuluğunu artırır. “Mineral su” adı ilə satılan bəzi brendlər isə filtrasiya olunmuş kran suyundan ibarət ola bilər.
Bu gün “hansı su daha sağlamdır” sualından çox, “biz ümumiyyətlə bəs qədər su içirikmi?” sualını soruşmaq daha doğrudur.
Cavab isə sadədir: “Əsas suyun tərkibində deyil, vərdişlərimizdədir”. Gündə azı 1,5–2 litr qazsız, təmiz və mənbəyi məlum olan su içilməlidir.