vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
11:56 | 6 iyul 2017 | Cümə axşamı Məqaləyə 2959 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əfqan problemi» regional müstəvidə müzakirəyə çıxarılır

Bu dəfə danışıqların hərəkətverici qüvvəsi Çindir

AZƏR, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Düşənbədə region dövlətlərinin iştirakı ilə irimiqyaslı danışıqlara start verilib. Danışıqların keçirildiyi məkana ilk gələn Pakistanın baş naziri Navaz Şərif artıq Tacikistan prezidenti Emomali Rahmonla görüşüb regional layihələr və təhlükəsizlik məsələlərini müzakirə edib. Dünən isə Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani və Qırğızıstan baş naziri Sooronbay Jeenbekov da onlara qoşulub. Gündəlikdə olan əsas məsələlər təhlükəsizlik, regionda sülh və sabitliyin təmin olunması mexanizmlərinin müəyyən olunmasıdır. Əfqanıstan prezidenti Əşrəf Qani bundan əvvəl Aşqabadda olub və türkmən lider Qurbanqulu Berdiməhəmmədovla regional layihələri müzakirə edib. Söhbət Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri, eləcə də, Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolu layihələrindən gedir.

Bu barədə Türkmənistanın TDX informasiya agentliyi məlumat yayıb. Düşənbədə dövlət və hökumət başçılarının görüşündə diqqət həm də, Tacikistan və Qırğızıstandan Əfqanıstan və Pakistana uzanacaq CASA-1000 elektrik enerjisi daşınması layihəsinə yönələcək. Tacikistan Daxili İşlər Nazirliyinin vətəndaşları Düşənbə-Çanak trası ilə hərəkət etməmək xahişini nəzərə alsaq, belə görünür ki, yüksək rütbəlilər CASA-1000 layihəsinin inşasının həyata keçiriləcəyi ərazi ilə şəxsən tanış olmaq istəyiblər. Elektrik enerjisinin Pakistana ilkin axını 2020-ci ilə nəzərdə tutulub. Lakin məsələ ondadır ki, elektrik enerjisi xətlərinin böyük bir qismi, eləcə də TAPİ qaz layihəsinin bir hissəsi vəziyyətin günbəgün pisləşdiyi Əfqanıstan ərazisindən keçməlidir. 2014-cü ildən taliblərin nəzarəti altında olan ərazilərdə isə vəziyyət gərginləşib. Həm əfqan hərbçiləri, həm də dinc sakinlər arasında ölənlərin sayı günbəgün artır. «Bu səbəbdən də regionun təhlükəsizlik məsələsi Düşənbədə keçirilən görüşdə diqqət mərkəzində olacaq». Bunu Müasir Əfqanıstanın Tədqiqi Mərkəzinin direktoru Ömər Nessar bildirib. Onun fikrincə, təhlükəsizlik məsələləri daha çox Türkmənistan üçün əhəmiyyət kəsb edir. Sentyabr ayında bu ölkədə V Asiya Oyunları keçiriləcək. Hakimiyyət orqanları üçün həm daxili, həm də sərhəd ərazilərdə təhlükəsizliyi təmin etmək zəruri məsələdir. Təhlükəsizlik məsələləri həlini tapmayınca, enerji layihələrinin reallaşdırılmasını müzakirə etməyin heç bir əhəmiyyəti yoxdur. Onun qənaətincə, rəsmi bəyanatlar reallıqla uzlaşmır. Nessar hesab edir ki, bu cür xəbərlər Əşrəf Qaniyə də sərf edir. «Qani üçün hansısa bir istiqamətdə uğur əldə etdiyini nümayiş etdirmək gərəkdir. Və bu, tək əfqan ictimaiyyəti üçün deyil, həm də Vaşinqtondakı dostları üçün zəruridir. Məsələn, göstərməlidir ki, TAPİ layihəsi yerində addımlamır. O, qonşularla razılaşır, hansısa sənədlərə qol çəkir. Evdə hər şey qaydasında olmasa da, regional səviyyədə işlər normaldır», - deyə Nessar vurğulayıb. Bütün bunlarla yanaşı, Əfqanıstanın şimal əyalətləri Cauzcana və Faryabadan həyəcanlı xəbərlər gəlir. Ötən həftənin sonu İŞİD yaraqlıları Derzap rayon mərkəzinə hücum ediblər. Burada Əfqanıstan hərbçiləri ilə İŞİD hərbçiləri arasında döyüşlər gedir. Rayon mərkəzinin polis rəisi Rahmatulla Turkustaninin sözlərinə görə, İŞİD rayon mərkəzini ələ keçirə bilməyib. Hazırda yaşayış məntəqələri yaraqlıların, hərbi obyektlər isə əfqan qüvvələrinin nəzarəti altındadır. Hərbi əməliyyatlar nəticəsində mindən çox ailə öz ev-eşiklərini atıb getməli olublar. Bir faktı da qeyd edək ki, Cauzcana vilayətinin 10 rayonundan 3-ü Türkmənistanla sərhəddir. Buranın əhalisinin 70 faizini etnik türkmənlər təşkil edir.

Bütün bunlarla yanaşı, Əfqanıstan və Pakistanı təhlükəsizlik məsələlərini həll etməyə başqa bir regional aspekt də yaxınlaşdırır. Bu, Çindir. «Əfqanıstanda qeyri-sabit vəziyyət Çinə layihələrini reallaşdırmağa mane olur. Çinin ABŞ-ın Əfqanıstanda vəziyyəti nizamlayacağına ümidi qalmayıb. Bu səbəbdən də Pekin müstəqil şəkildə vəziyyətin sabitləşdirməsinə girişib və konkret addımlar atır. Bununla yanaşı, Çin Vaşinqtonla mübahisəyə girməmək üçün danışıqlar prosesində iştirakını reklam etmir. Lakin aydın olan odur ki, Çin Əfqanıstan və Pakistanın, eləcə də, Türkmənistan və Tacikistanın iştirakı ilə alyans yaratmağa çalışır», - deyə Nessar vurğulayıb. Mərkəzi Asiya və yaxın Şərq üzrə ekspert Aleksandr Knyazyev hesab edir ki, yarımifik və başıbəlalı TAPİ və CASA layihələri ilə bağlı diskussiyaların canlanması çətin ki, regional proseslərdə keyfiyyət və dəyişikliyə gətirib çıxarsın. «Düşənbədəki danışıqları, bundan əvvəl də Vaşinqtonda Çin-ABŞ dialoqu çərçivəsində görüşləri sadəcə region ölkələrinin növbəti imitasiyası hesab etmək olar. Düşənbə-İslamabad-Kabul formatında regional təhlükəsizlik məsələlərinin müzakirəsi heç bir praktik nəticəyə gətirib çıxarmayacaq», - deyə A.Knyazyev bildirib. Onun sözlərinə görə, Çinin təşəbbüsünün zəif halqası Kabul administrasiyasıdır. Bu ölkə daha çox Hindistana tərəf meyl göstərir. O, əlavə edib ki, regional layihələrlə bağlı ola bilsin hansısa bir imitasiya xarakterli uğur əldə olunsun. Ancaq təhlükəsizliyin təmini reallaşmayacaq.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Düşənbədə Əfqanıstanda sabitliyin əldə olunması ilə bağlı keçirilən danışıqlar nəticəsiz başa çatacaq. Bu isə öz növbəsində regional layihələrin reallaşmasını hələ uzun müddət arxivə atmış olacaq. Səbəb də Əfqanıstanda vəziyyətin nizamlanmasında fövqəldövlətlərin marağının olmamasıdır. Xüsusən də Birləşmiş Ştatların yaratdığı əfqan probleminin həllində maraqlı olmadığı göz önündədir.