vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ASİYA  
Təhsilin gizli üsyanı 07:44 | 7 avqust 2025 | Cümə axşamı Məqaləyə 99 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təhsilin gizli üsyanı

Əfqan qadınlar “Taliban” qadağalarına meydan oxuyur

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

“Taliban” hərəkatının qadınlara ibtidai sinifdən sonrakı təhsili qadağan etməsindən sonra bir çox əfqan qadın, öyrənməyə davam edə bilmək üçün yeni və inqilabi üsullar axtarıb tapır. Onlar üçün indi bilik internetdədir, sinif otağı isə virtualdır.

2021-ci ildə yenidən hakimiyyəti ələ keçirən “Taliban”, qadınların parklar, idman zalları, restoranlar və bir çox ictimai məkana girişini qadağan etməklə yanaşı, onların əksər peşələrlə məşğul olmasına da məhdudiyyətlər qoyub. Lakin ən sərt qərarlardan biri, qadınların ibtidai məktəbdən sonra təhsil almasının yasaqlanması olub.

 

Ümidlər internetdə doğulur

 

24 yaşlı farmakologiya tələbəsi Sodaba, yasaqlara qarşı alternativ yollar axtararkən ümidini internetdə tapıb. Hazırda Yunanıstanda yaşayan əfqan mühacir tərəfindən dari dilində təşkil olunan pulsuz proqramlaşdırma kursları sayəsində kompüter bilikləri, proqramlaşdırma və veb dizayn öyrənməyə başlayıb.

“Şərait insanı əyməməlidir. Əksinə, insan arzularına çatmaq üçün hər yolu sınamalıdır,” – deyə Sodaba bildirir. Yeni bacarıqları ona özünə inamı geri qaytarıb.

 

Bir mühacirdən təhsil təşəbbüsçüsünə

 

“The Independent” nəşrinin məlumatına görə, bu kursları təşkil edən şəxs isə 25 yaşlı Murtəza Cəfəridir. Yeniyetmə ikən Yunanıstana mühacirət edən Cəfəri, bir sığınacaq evində müəllimin dəstəyi ilə proqramlaşdırma öyrənməyə başlayıb. Nə ingilis dili bilir, nə də kompüter işlədə bilirdi.

Aylarla davam edən mübarizədən sonra sertifikat alan Murtəza “Afghan Geeks” adlı təşəbbüs yaradaraq dekabr ayında əfqan qadınlar üçün onlayn kurslara start verib. O, bir vaxtlar özünə göstərilən qayğını indi ölkəsindəki qadınlara qaytarmaq istəyir: “Biliyin paylaşılması nəyisə həqiqətən dəyişir. Paylaşıldıqca yayılır və daha çox insan öyrənir,” – deyə Cəfəri vurğulayır. Hazırda o, üç səviyyə üzrə ümumilikdə 28 qadına tədris verir.

 

Kamera açmaq olmaz, amma öyrənmək olar

 

“Taliban” rejimi altında qadınların üzlərini göstərməsi qadağandır. Bu səbəbdən tələbələr dərslərə kameralarını açmadan qatılır. Cəfəri tələbələrinin görüntüsünü tələb etmir.

Məhdudiyyətlərə baxmayaraq, oxşar təşəbbüslər ölkədə artmaqdadır. Onlardan biri də “Vision Online University” layihəsidir. Universitet arzusu yarımçıq qalan 20 yaşlı Zuhal, bir akademiklə əməkdaşlıq edərək qadınlara yönəlmiş onlayn akademiya qurub.

Cəmi 5 nəfərlə başlayan təşəbbüs bu gün 150 könüllü müəllim və idarəçi ilə 4 min tələbəyə çatıb. Tədris proqramına psixologiya, xarici dillər, tibb bacılığı və natiqlik sənəti kimi sahələr daxildir.

Təhdidlərə görə təxəllüsdən istifadə edən Zuhal bildirir ki, layihə tamamilə könüllülük əsasında həyata keçirilir və heç bir maliyyə dəstəyi almırlar.

“İnternet haqqını ödəməkdə çətinlik çəkirəm, amma dayanmayacağam. Əgər mən dayanarsam, minlərlə qız yenidən ümidsizliyə qapılacaq. Mənim məqsədim onları dəstəkləməkdir”, – deyə Zuhal vurğulayır.