vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ANALİZ  
23:55 | 30 iyul 2017 | Bazar Məqaləyə 2664 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şimal axını-2» axına qarşı «üzür»

ABŞ-ın yeni sanksiyalarının Rusiya-Avropa alverinə təsiri barədə

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Konqresinin sanksiyalar barədə qanunu qəbul etməsindən sonra Rusiyanın iştirakı ilə həyata keçirilən bəzi enerji layihələri, o cümlədən «Şimal axını 2» və «Türk axını» layihələrinin aqibəti sual altına düşüb. Artıq «Şimal axını 2» layihəsində iştirak edən 5 Avropa şirkətindən biri olan «Engie» (Fransa) bəyan edib ki, qanun qüvvəyə minərsə, layihənin maliyyələşdirilməsini dayandıra bilər. (Gələn həftə ərzində Tramp qanunu imzalayacaq.) Almaniya hökuməti isə «Şimal axını 2» ilə bağlı ölkə daxilində həyata keçiriləcək 5 layihəni hələlik perspektiv inkişaf planlarına daxil etməyərək gözləməyi qərara alıb. (9,5 milyard avroluq layihənin yarısını avropalılar maliyyələşdirməlidir.)

«Şimal axını»nın 2-ci qolunu reallaşdırmaqla Rusiya Avropa enerji bazarında öz dominant rolunu qorumaqla yanaşı, həm də Ukraynanı cəzalandırmaq niyyəti güdür. Ukrayna Rusiya qazının tranzitindən ildə təxminən 2 milyard dollar qazanır, üstəlik Avropanın qaz təminatında açar ölkələrdən biri olması faktı onun strateji əhəmiyyətini artırır. 2019-cu ildə Ukrayna ilə «Qazprom» arasında müqavilə başa çatır və Rusiya həmin vaxta qədər «Şimal axını 2»ni reallaşdırmaq istəyir ki, həm Ukrayna vasitəsilə nəql etdiyi qazın miqdarını kəskin azaltsın, həm də yeni müqavilənin imzalanması üçün Kiyev ilə masaya oturanda şərt diktə edən tərəf olsun. 2016-cı ildə Rusiyanın Avropaya ixrac etdiyi qazın 45 faizi (82 milyard kubmetr) Ukrayna vasitəsilə nəql olunub. «Şimal axını»nın yeni qolu işə düşsə, «Qazprom» Ukrayna vasitəsilə nəql etdiyi qazın miqdarını təxminən 15 milyard kubmetrə salaraq bununla Kiyevi tranzit gəlirlərindən məhrum etmək, onun Avropa üçün önəmini azaltmaq istəyir.

Bu layihə eyni zamanda Avropa (Almaniya, Fransa) tərəfindən dəyərlərin merkantil maraqlara qurban verilməsinin tipik örnəyidir. Avropa Birliyinin 13 üzvü (əksəriyyəti Şərqi Avropa ölkələri) bu layihəyə etiraz edir. Layihənin AB qaz bazarında hər hansı tədarükçünün inhisarçı mövqeyə malik olmasına qadağa qoyan «3-cü enerji paketi»nin təsiri altına düşüb-düşmədiyi ətrafında mübahisələr var, əgər düşürsə, layihə baş tuta bilməz. Etiraz edən ölkələr layihənin hüquqi statusunun Avropa Komissiyası tərəfindən müəyyənləşdirilməsini tələb etdikləri halda, Almaniya, Fransa və Avstriya bunun sıradan bir kommersiya layihəsi olduğunu və Komissiyanın icazəsinə gərək duyulmadığını bildirirlər. Bundan başqa, AB lider dövlətlərini ABŞ-ın bu məsələyə müdaxiləsi də həddən artıq qıcıqlandırır. Biznes maraqları ilə yanaşı, onların ABŞ-dan asılı olmamaq və Avropanın məsələlərinin Avropanın özü tərəfindən həll edildiyini nümayiş etdirmək istəyi də bu məsələdə rol oynayır.

ABŞ-ın marağı isə Rusiyanın Avropa enerji bazarında dominantlığını aradan qaldırmaq, onun geosiyasi və geoiqtisadi mövqelərini sarsıtmaq, yaxın gələcəkdə öz sıxılmış qazının ixracını artıranda buna Avropada da alıcılar tapmaq, eləcə də Ukraynanın və AB daxilindəki səmimi müttəfiqlərinin bu prosesdən zərbə almasını önləməkdən ibarətdir.

P.S. «Türk axını» barədə daha sonra.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)