Adını nə qoysanız da türk dilidir
Düsturların, qanunların, qaydaların izahı erməni-budaq cümləsindəydi
Rəşad BABALI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dilimizin qatları ...
... Yaxud bir batalyon alimin yığışıb “nu poqodi, zayeç!” deməsi
-
Dünyada təmiz dil qalıbmı?
İnsanlarımız təfəkkürlərində bizim ölkənin dünyadakı yerinə bir göz atsınlar
-
«Dil inqilabı»
Sözlərimiz mentalitetimizi formalaşdırır
-
Kəmfürsətcillərin qabaqdangəlmişliyi
Adımıza millətçi, türkçü damğasını vurub …
-
«Azərbaycan türkcəsi üçün itmiş adamlar: necə az etməli?»
Dil və pul
-
«Dil ləyaqət sistemində olmayanda»
İkidillilik haqqında bir düstur
-
«Dilimizdə bu sözləri dəyişmək lazım imiş?»
-
«Bizdəki gənc moltanılar»
Dil və ləyaqət məsələsi
Əcnəbi sözlərin qarşılığının tapılmasına ağız büzənlər oldu. Nəymiş beynəlxalq sözlər (ada bax ha) tərcümə edilməzmiş. Sanki insan haqları bəyannaməsidir və biz də bunu qəbul etmişik.
Dil təkcə ünsiyyət vasitəsi yox, həm də anlamaq üçün vardır. Biz yetkinlərə fərq etməsə də uşaqlar daha yaxşı hiss edirlər.
Uşaq vaxtı texniki fənləri qavramaqda çətinlik çəkirdim. Səbəb zehnimin imkanları yox həmin fənlərin diliydi. Digərləri kimi əzbərləməyə yox qavramağa çalışırdım. Amma düsturların, qanunların, qaydaların izahı erməni-budaq cümləsindəydi. Vahid, izafi, şərti və s kimi sözlərin anlamını bilmirdim lakin filan qanunun izahı bu sözlərlə doluydu. Müəllimlərə deyəndə o saat cavablayırdılar ki, dərslikləri hazırlayanlardan yaxşı biləcəksən?
İllər keçdikcə anladım ki, haqlıymışam. Ana dilində olmayan sözlərin anlamını bilməyən uşaq həmin fənni dərk etməkdə çətinlik çəkəcək. Necə ki, çəkirlər.
İndi gəlim əsas məsələyə. Danışdığımız dilin adını nə qoysanız da türk dilidir. Yəni bu dil qrupundandı. Xəmiri türkcədən yoğurulub. Bu dili müstəqil dil kimi götürmək ya bilgisizlikdəndir, ya da qərəzdən. Məncə ikincidir.
Hər bir dilin sintaksis yuvası var. Dilçilər yaxşı bilirlər bunu. Məsələn bizim üçün kitab, məktəb, katib sözlərinin hər biri ayrı-ayrı sözlərdi. Ancaq ərəb üçün elə deyil. Bu üç söz onlarda KTB kimi qəbul olunur. Bir sözdən ibarətdir (bu sözləri tərcümə edək kimi təklif səsləndirmirəm, özünüzə gəlin). Eləcə də bizdə «su» ilə başlayan xeyli söz var. Onlar da əcnəbilərə ayrı-ayrı sözlər kimi gələcək. Taki sözün kökünü bilənə qədər.
Mustafa Kamal Atatürk 1932-ci ildə Türk Dil Qurumunu quranda xeyli tənqid olundu. Ay əcdadlarımızı oxuya bilməyəcəyik, ay klassikadan ayrı qaldıq, ay dilə süni müdaxilə olmaz falan deyilməyən qalmadı. Lakin zaman sübut etdi ki, Atatürk haqlıdır. Dil zir-zibillərdən təmizləndi, rahat nəfəs aldı. Türk dili qüsurludur, bunda ədəbiyyat yaranmaz deyənləri oturdu yerinə. Dilin təmizlənməsi, yeni sözlərin yaranmasıyla bağlı xeyli yanlış yanaşmalar, çalışmalar da oldu. Amma ümumi xətt doğrudur. Bu gün Türkiyə türkcəsində hansısa fikrin ifadəsinin daha rahat olması fikrini çoxumuz qəbul edir. Bu isə məhz həmin islahatların nəticəsidir.
Dilin təmizlənməsi, yeni sözlərin yaranması ciddi işdir. Bu məsələ həm də geniş ictimaiyyətin qatılımıyla olmalıdır. Təkliflərə açıq olmalıdır qurum. Tez-tez toplumun fikirləri soruşulmalıdır. Amma əcnəbi sözlər, terminlər tərcümə edilməməlidi fikri tamamilə yanlışdır.
Türkiyədə kompüterin qarşılığı kimi «bilgisayar» sözü yaradılıb. Əlinizi vicdanınızın üstünə qoyun və deyin. Kompüter sizi özlüyündə nə deyir? Nə anlamı var onun? Demək olar heç nə. Amma bilgisayar sözü həmin alətin iş mexanizmini anladır-bilgini sayır. Sayma işləmi görür. Ümumiyyətlə Türkiyədə terminlərin qarşılığının tapılması sahəsində xeyli işlər görülüb və onların təcrübəsindən yararlanılmalıdır.