«Dil inqilabı»
Sözlərimiz mentalitetimizi formalaşdırır
Cavid AĞA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dilimizin qatları ...
... Yaxud bir batalyon alimin yığışıb “nu poqodi, zayeç!” deməsi
-
Dünyada təmiz dil qalıbmı?
İnsanlarımız təfəkkürlərində bizim ölkənin dünyadakı yerinə bir göz atsınlar
-
Kəmfürsətcillərin qabaqdangəlmişliyi
Adımıza millətçi, türkçü damğasını vurub …
-
Adını nə qoysanız da türk dilidir
Düsturların, qanunların, qaydaların izahı erməni-budaq cümləsindəydi
-
«Azərbaycan türkcəsi üçün itmiş adamlar: necə az etməli?»
Dil və pul
-
«Dil ləyaqət sistemində olmayanda»
İkidillilik haqqında bir düstur
-
«Dilimizdə bu sözləri dəyişmək lazım imiş?»
-
«Bizdəki gənc moltanılar»
Dil və ləyaqət məsələsi
Dilimizdəki bir çox söz və ifadələr bizim həyat tərzimizə dolaylı yolla, bilməsək də təsir edir. Lüdviq Vittqenşteynin dediyi kimi «Dilin hüdudları düşüncənin hüdudlarını təşkil edir».
Dilimizdəki sözlərin gəldiyi əsas dillər - ərəbcə, farsca, latınca və hətta çin dili belə - o sözlərlə bizim həyatımızı və mentalitetimizi formalaşdırır.
Dildə «təmizlik» axtaranların, Azərbaycan dilini daha da «türkləşdirmək» istəyənlərin əsas hədəflərindən biri bu xarici təsirləri azaltmaqdır.
Bu nəzəriyyəyə görə dilimizi tamamilə «Göytürkcə» və ya ona yaxın versiyaya qaytarsaq, onlar kimi düşünə biləcəyik.
Bu çox uzun prosesdir və sözün açığı, yorucudur. «Təhsil» sözünə nəzər yetirək. Bu sözü eşidən kimi intellektuallarımız bir ağızdan qışqırır - «təhsilin vəziyyəti bərbaddır!»
Əslində isə belə deyil, təhsil öz funksiyasını görür. Təhsil ərəbcədən gəlib, «təhsili-elm» ifadəsinin qısaldılmış variantıdır. «Nə isə əldə etmək» mənasına gələn «hsl» kökündəndir.
«Təhsil» və «tədris» bir-birindən etimoloji olaraq kəskin şəkildə fərqlənir. Tədris ərəbcə dərs verməyə deyilirsə, təhsil əksinə bir şeyin hasil olmağına deyilir. İstehsal da bu sözdəndir.
Təhsilin nəticəsi məhsul olur. Kimdənsə dərs almaq nəyisə öyrənmək üçün öyrənmək deməkdirsə, təhsil insanı formaya salan, qablaşdıran və ən nəhayətində dövlət üçün xeyirli məhsul halına salan prosesdir.
Biz hamımız təhsil sisteminin dövlət üçün istehsal etdiyi məhsuluq.
İki əsr əvvəl isə dilimizdə «qiraətxana», «mədrəsə» kimi sözlər vardı. Ruslar öz uşaqlarını Bakıda «şkola»ya göndərəndə, müsəlmanlar «mədrəsə»yə göndərirdi.
Müasir dövrdən fərqli olaraq mədrəsələrdə təkcə din yox, dil, fəlsəfə və riyaziyyat kimi dünyəvi dərslər də verilirdi. «Mədrəsə» və «dərs» sözlərinin mənşəyi eynidir. Ərəb dilindəki bu qarışıq ifadələr təbii ki, türkdilli əhali üçün problematik idi.
İndi isə gəlin bu sözlərə müdaxilədən sonra düşüncə tərzimizin necə dəyişdiyinə baxaq.
Türkiyədəki «dil inqilabı» məhz təhsil sahəsindəki bu ərəb-fars sözlərini silmişdi. «Mədrəsə» olmuşdu «okul», «müəllim, müdərris» olmuşdu «öğretmen» və «eğitmen».
Bəlkə də xalqı sekulyarlaşdıran və cahillikdən uzaqlaşdırmaq istəyən Atatürkün hədəfi yuxarıda izah etdiyim şey idi - mentaliteti dəyişmək.
Etimologiyada qurdalanmaq bir müddət sonra etnik millətçi müzakirələrə də təkan verir.
Azərbaycanda bu yöndən çıxış edən ən alovlu yazarlardan biri Ağalar Məmmədovdur. O hətta «Məhəmməd» adının izini itirmək istədiyi üçün özünə «Qut» soyadı götürüb. Onun Əli Həsənova olan açıq məktubundan sitat gətirirəm:
«Azərbaycan sadə kəndlisi bir yana dursun, hətta oxumuşlarımızın da əksəriyyəti xəbərsizdir ki, onların indi eşidib bildikləri və türkcə saydıqları önəm, özəl, durum, ilginc, toplum, açıqlamaq, açıqcası, kavram, kural, yazar, eyləm və b. kimi minlərlə sözlər - 1932-ci ildə Türkiyə dövlətinin xüsusi fərmanla quraşdırtdığı qondarma sözlərdirlər.
Yeni dil yaratmaq kimi vacib tarixi vəzifəni, məsələn, böyük türkoloq Ə.Hüseynzadəyə və yaxud o vaxt artıq Türkiyədən qovulub çıxarılmış M. Ə. Rəsulzadəyə yox, Beyrutda ermənidilli məktəbin direktoru işləyən və ermənicə məqalələr yazan, sonralarsa İstanbulda ingilis dili müəllimliyi edən Aqop Martayan adlı şəxsə tapşırdılar.»
Üstündən illər keçsə belə «Azərbaycan dili», «Azəricə» yoxsa «Azərbaycan türkcəsi» müzakirəsinin getdiyi bir vaxtda bunları yazan Ağalar Qut yaxşı bir nöqtəyə nəzər yetirir.
Problem türk dilindəki sözlərin bir erməni tərəfindən yaradılmağı deyil. Ermənilərdən bir çox məşhur türkoloq çıxıb və çoxu türk dilinə xidmət ediblər.
Problem həmin bu uydurma sözlərin Azərbaycan dilini də işğal etməsidir. «Rəğmən»lər, «ciddən»lər, «zatən»lər göydə uçuşur.
Azərbaycan dilində keyfiyyətli animasiyalar və cizgi filmləri olmadığı üçün uşaqlar Türkiyə istehsalı və ya dublyajı olan animasiyalara baxır və get-gedə dostları və ailəsi ilə də bu dildə danışırlar.
Xaricdən nümunə götürməyə nə deyirsiniz? Məsələn, island dilinə baxaq. Vikinqlərin davamçıları qohum Skandinav xalqlarından dilləri və tarixləri ilə kəskin fərqlənirlər.
Norveç kralının zülmündən qaçıb İslandiya adasına köçən bu xalq bir neçə əsr respublika şəraitində yaşayıb, öz konstitusiyası olub. Dilləri də izolyasiyada olduğuna görə qədim halda özünü qoruyub.
1967-ci ildə isə dilə «kompüter» sözünü daxil etmək problemi yaranıb. Sovet dövründə «elektron hesablayıcı maşın» ifadəsini işlətdiyimiz sözə onlar qarşılıq olaraq «tölva» sözünü yaradıb.
«Tala» (ədəd) və «völva» (falçı) sözlərinin qarışığı olan bu söz «rəqəm falçısı» mənasına gəlir.
Bu sözü dilə qədim saqaların bilicisi Siqurdur Nordal gətirib. Onlar hətta «video» sözü yerinə «mindband» deyirlər - yəni, «şəkil lenti».
Dilin saflığını qorumaqla onlar İslandiya cəmiyyətindəki dəyərləri də qorumağı hədəfləyirlər - tolerantlıq, azadlıq, açıqfikirlilik.
Hazırda Türkiyədə bu katastrofik «dil inqilabı» artıq əks təsir göstərməyə başlayır.
Digər türk dillərindən və ya göytürkcədən söz götürməkdənsə özündən uyduran Aqop Dilaçar və ona dəstək olan Atatürkün bu səhvi öz nəticələrini göstərir (Yeri gəlmişkən, Mustafa Kamala «Atatürk» soyadının verilməyini Aqop Martayan təklif edib).
Mühafizəkar ailələrin övladları Osmanlı keçmişini araşdırır, ərəb-farsca sözlərə qayıdır, «Əbdülhəmid, Ərtoğrul!» deyib küçələrə tökülür, yenidən İslamın radikal qanadına qayıdır, Vyana qapılarına cihada meyl edirlər.