Aşağılamaq mərəzi...
... Yaxud kim deyir ki, qəhrəmanları hamı sevir
Sosial şəbəkələrdə yazılanlardan yalnız ənənəvi mediaya sızanlardan xəbər tuturam. Beş-on manat qazanmaq üçün o qədər yazmaq lazım gəlir ki, durub «şəbəkə fəalı» da olmağa nə həvəs qalır, nə də vaxt...
Əksər hallarda heç mediaya sızan və «gündəmi zəbt edən mövzular» da mənə maraqlı görünmür, çünki düzgün anlaşılmayan məsələlərdən biri də «gündəmi zəbt etmək»dir...
Bir kimsə demir ki, bunun başqa tərəfi də «gündəmi necə zəbt etmək» söhbətidir. Elə şey yazmaq olar ki, onu lap bir gündə bir milyon adam oxuyar, çünki biz həm də xoruz döyüşdürən, it qapışdıran xalqıq!..
Amma buna dəyərmi? Düzdür, amerikalıların bir sözü var ki, haqqımda nə yazırsınızsa yazın, amma familiyamı düz yazın!..
Üstəlik, hər yazı-pozu adamının iki dərdi var: biri yaxşı qonorar almaq və digəri də yaxşı oxunmaq. Amma biri var, «yaxşı oxunan şeylər» haqda yazasan, biri də var ki, yazdıqlarının yaxşı oxunmasını istəyəsən. İnanın, bunlar fərqli məsələlərdir.
Yaşım əllini keçdiyindən və neçə illərdir, yazı-pozu ilə məşğul olduğumdan nəsə yazanda yalnız özümlə olur və bəzi fikirlərimi deyim, ya münasibətimi, - qərəz, bunları insanlara çatdırmaq haqda baş sındırıram. Şəxsən mənim üçün üç intellektual oxucu yetərlidir, qoy, bu üç oxucu yazımı oxusun və bəyənsin - inanın, mən artıq xoşbəxtəm...
Amma böyük əksəriyyətin dərdi-səri başqadır, böyük əksəriyyət, yazılarını, fikirlərini çatdırmaq əvəzinə familiyalarını çatdırmağa və bu yolla məşhurlaşmağa çalışırlar. Bir də görürsən ki, bu yolla böyük, hətta sürəkli mübahisələr yaranır, kimlərinsə adları medianın ön səhifələrindən düşmür. Doğrusu, onların da 95 faizi mənə bayağı görünür, ona görə də mənim üçün mövcud deyillər. Yalnız bircə dövrdə, 90-cı illərin ortalarında liberal dəyərləri müdafiə etmək, yaymaq və o dövrdə hazırladığımız liberal proqramların məğzini insanlara çatdırmaq üçün mübahisələrə qatılırdım.
Amma tez də gördüm ki, səviyyəli mübahisə aparan çox azdır, çoxunu əvvəldə ərz etdiyim məsələ maraqlandırırdı - mətbuat səhifələrində görünmək,- səmimi söhbət məqamında deyildiyi kimi, «xal toplamaq»...
Hələ onda gördüm ki, bu proseslərdə kimin adını çəkmək məsələsi də siyasi məsələdir, məsələn, filankəsin adını çəkmək olmaz, ona görə ki, məşhurlaşar və yaxud da siyasi düşərgədə tanınar...
Qərəz, tez zamandaca bundan da iyrəndik və başladıq cəmiyyətə üz tutaraq liberal dəyərləri təbliğ etməyə. Hətta indinin özündə də məqamı düşəndə bunu edirik...
Bəli, bir daha heç bir mübahisəyə qatılmadıq və bundan sonra da qatılmaq fikrimiz yoxdur. Məsələn, bizdə keçmiş və indiki ədiblərlə bağlı guya xeyli «mübahisə»lər olurdu. Prinsipcə, biz də yazar kimi və yaxud da ciddi oxucu kimi onlara qatıla bilərdik. Amma etmədik bunu, edəndə də konkret ədiblərdən çox, ədəbiyyatın özündən yazdıq...
Ən çox dartışılan mövzulardan biri də tanınmış ədiblərlə tanınmaq iddiasında olanların savaşı idi. Xüsusən də sovet dövrünün ədibləri daha çox müzakirə mövzusu idi.
Amma onlar da qəti maraqlı görünmədi, çünki hər bir ədib haqqında, ümumiyyətlə, yaradıcı insan haqqında azı üç-dörd kontekstdə danışmaq və yazmaq olar. Eləcə də sovet dövrünün klassik ədibləri haqqında...
Di gəl, bu mövzunu sevənlər üçün belə meyarlar yox idi və mən bütün bu davalarda daha çox bir şey görürdüm: aşağılamaq mərəzi...
Gənclərimiz sanki ədəbiyyatı muzey salonu kimi təsəvvür edirdi. Elə bil, bu salonda çoxlu heykəllər qoyulub, yetər, onları aşırasan, boşalmış yerə dərhal sənin heykəlini qoyacaqlar...
Amma, vallah-billah, belə olmur, qardaşlar. Bizim rəsmi milli-məhəlli salonlardan savayı ədəbiyyatın və eləcə digər yaradıcı sahələrin öz əbədi salonları var və orada yalnız nəsə dəyərli bir şey yaratmaqla yer tutmaq olar.
Deyim ki, aşağılamaq mərəzi tək gənc ədiblərə və yaxud da media əhlinə xas deyil. İnsanlar həmişə özlərindən fərqlənənləri və onların edə bilmədiklərini edənləri sevmirlər.
Kim deyir ki, qəhrəmanları hamı sevir və uca tutur! Əsla belə deyil, onlar sağlığında cəmiyyətin böyük kəsimi üçün necə anlaşılmaz olurlarsa, axıradək də anlaşılmaz qalırlar və cəmiyyət sadəcə, onlara qəribə adamlar kimi baxır. Hamı onlardan misal çəkir, amma heç kim onlar kimi olmaq istəmir...