vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜSAHİB  
18:49 | 2 avqust 2019 | Cümə Məqaləyə 1842 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Cavanlar bizdən güclüdür”

Şamil Süleymanlı: “Ölümün gözünə baxanda insan heç nəyi görmür”

Gülnar SƏLİMOVA

Bu gün Milli kinomuzun yarandığı gündən 121 il ötür. Bu münasibətlə müasir kinomuzun tarixində yadda qalan, tamaşaçılar tərəfindən xüsusi rəğbət qazanan filmlərdən biri “Yarımçıq xatirələr”də rol alan xalq artisti, aktyor Şamil Süleymanlının müsahibəsini təqdim edirik.

- Şamil bəy, “Yarımçıq xatirələr” filmində kamança ifaçısı Səməd roluna necə dəvət aldınız?

 - Mən rejissor Elxan Cəfərovun bütün filmlərində rol almışam. “Yarımçıq xatirələr” filminin ssenarisini oxuyandan sonra gəlib onu qucaqladım və dedim ki, sən məni özümdən yaxşı tanıyırsan. Azərbaycan Dillər Universitetində bir xanım müəllimə mənə alman dilini öyrətdi. Belarusdakı çəkilişlərdə alman dilini bilənlər dedilər ki, nə yaxşı, düzgün tələffüz edirsən. Sonra xalq artisti Munis Şərifov mənə kamançada ifa etməyi öyrətdi. Bu mənim ən sevimli rollarımdan biridir. Çoxdan idi ki, köhnə Bakılı obrazını oynamaq istəyirdim. Filmdə belə bir epizod var. Səməd deyir: “Bir məclisdə mən Seyid Şuşinskini müşayiət etmişəm”. Bilirsinizmi, bütün musiqiçilər, muğamsevərlər üçün bu ən böyük zirvə sayılır. İkinci məqam: “Bir məclisdə Bülbül soruşur. Bu oğlan kimdir?” Bu ifadələr mənim əlavəm idi.

 

- Müharibə mövzusunda çəkilən filmlərdə oynamaq necə bir hissdir?

- Mən yazıçı Ənvər Yusifoğlunun uşaqları ilə dost idim. O, həmişə bizə Sibirdə sürgündə olduğu dövrdən danışırdı. Mən filmdə saçımın düzümünü, gülüşü və s. ondan götürmüşdüm. Mikayıl Müşfiqin repressiya dövründə çəkilmiş son şəkli var, sinəsində nömrə. Çalışmışam ki, o şəkildəki qorxu ifadəsini filmdə verə bilim.

 

- Qarabağ mövzusunda çəkilən kinolarımızda ermənilər təbii ki, düşmən kimi təsvir olunur. Bu filmdə isə İkinci Dünya müharibəsi ilə bağlı səhnələrdə xalqların dostluğu da yer alır...

- Orada əsas odur ki, ölüm düşərgəsində insanlar bir anda hər şeyi unudurlar. Hansı millətdən olduqlarını da. Hamı ölümün gözünə baxır. Ölümün gözünə baxanda isə insan heç nəyi görmür.

 

- Səməd obrazı tamaşaçıya hansı mesajı verir?

- Səməd üçün ölümlə üzbəüz olsa belə, insan ləyaqəti hər şeydən üstündür.

 

- Azərbaycanda müasir dövrdə çox sayda kommersiya filmləri çəkilir. Onlara münasibətiniz necədir?

- Hər şeyin təzəsi ilk vaxtda xoşa gələ və ya gəlməyə bilər. Bəzi yerləri yaxşı, bəzi yerləri pis hesab olunacaq. Bizdə bu proses cəmi on ildir ki, başlayıb. Bəzən özüm də deyirəm ki, zövqlər korlanıb. Lakin bu gün tamaşaçılar yaxşını pisdən ayırmağı bacarır.

 

- Keçmiş kinolarımız arasında tarixi və müharibə mövzusunda olan kinolara daha çox rast gəlinirdi. İndi isə daha çox komediya çəkilir. Sizcə bunun səbəbi nədir?

- Bilirsiniz, komediya janrı əslində çox çətin bir janrdır. Düşünürəm ki, bu seçimi edənlər komediyanın nə dərəcədə ağır olduğundan bir balaca xəbərsizdirlər.

 

- Ən sevdiyiniz tərəf müqabili kim olub?

- Hamısı, konkret ad çəkə bilmərəm.

 

- Gənc nəsil sizi qane edirmi? Cavan aktyorlardan potensialı olanlar varmı?

- Bəli, hətta cavanlar bizdən daha güclüdürlər. Onlar xarici dil bilir, təhsilləri var. İndiki dövrdə film hazır olmamış artıq jurnallar, qəzetlər gəlir, onların reklamları gedir. Bunları biz görməmişik. İndi hər cür şərait var. Görün neçə dənə studiya var. Film yarı olmamış jurnalistlər onun piyarı ilə məşğul olur.

Sonda bütün kinosevərləri, kino aşiqlərini böyük kinomatoqrafiyaçılar ailəsi adından təbrik edirəm. Bu gün çox sevinirik. Möhtərəm cənab prezidentimiz bizə maliyyə ayırıb. Hazırda bu sahədə qızğın iş gedir. Buna görə ölkə prezidentinə minnətdarıq. (“Eurasia Diary”)