vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SAHİBKARLIQ  
11:47 | 4 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 2207 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni sahibkarlıq fərmanı nəyi dəyişəcək?

Əsas məqsəd azaltmaqdır: kənar müdaxilələri, prosedurlar zamanı vaxt itkisini və xərcləri...

Vüqar BAYRAMOV, iqtisadçı alim

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev martın 3-də «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərman imzalayıb. Sənəd əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra proseduraların sayının və eləcə də müddətinin kəskin azaldılması nəzərdə tutulub. Fərmanın əsas məqsədi sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrinin minimumlaşdırılmasıdır. Ölkə prezidentinin göstərişinə əsasən, dövlət qurumlarına bu sahədə əlavələr tədbirlər paketinin 2 ay müddətində hazırlamalıdırlar.

Sənəd sahibkarların fəaliyyəti ilə məşğul olmaq üçün «bir pəncərə» prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılmasını nəzərdə tutur. Qeyd edim ki, Dünya Bankının «Bizneslə Məşğul Olmaq» hesabatına əsasən ölkəmizdə bu sahədə vəziyyət yaxşı hesab edilir. Belə ki, biznesə başlamaq indikatoruna görə, Azərbaycan dünyada 10-cudur. Biznesi qeydiyyatdan keçirmək üçün tələb edilən proseduların sayı 3, günlərin sayı isə 7-dir. Bu göstəriciyə görə, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə orta göstəricidən daha yaxşı vəziyyətə malikdir. İnkişaf etmiş ölkələrinin birləşdiyi bu qurumda sözügedən göstəricilər uyğun olaraq 5 və 11-dir. Bu sahədə fərmandan irəli gələn əsas məqsəd tələb edilən günlərinin sayının azaldılması və proseduranın 2-ə endirilməsi istiqamətində olmalıdır.

Fərmanda digər ciddi məqam tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin eləcə də elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılmasıdır. Əslində sözügedən bu iki istiqamət üzrə proseduraların sayının çox olması ölkəmizin Dünya Bankının «Bizneslə Məşğul Olmaq» hesabatında mövqeyinə mənfi təsir göstərir. Son fərmanda bu istiqamətlərin nəzərə alınması ölkə başçısının bu sahədə qaldırılan məsələlərə diqqət ayırmasından xəbər verir. Məsələ ondadır ki, Azərbaycan tikintiyə başlamaq indikatoruna görə, dünyada 180-ci yerdədir. Belə ki, tikintiyə icazə alınması üçün tələb edilən proseduraların sayı 28, tələb edilən günlərin sayı isə 212-dir. OECD ölkələrində orta göstəricilər müvafiq olaraq 13 və 148-dir. Elektriklə təchizata görə, Azərbaycan hesabatda 181-ci yerdədir. 9 proseduradan keçmək tələb edən bu iş üçün sərf edilən günlərin sayı 241-dir. OECD-i ölkələrində orta göstəricilər uyğun olaraq 5 və 80-dur. Göründüyü kimi, bu göstəricilərə görə, Azərbaycan inkişaf etmiş ölkələrdən geri qalır. Əslində, qeyd edilən iki sahədə proseduraların və tələb edilən müddətin azaldılması sahibkarlara qısa zamanda elektrik ilə təmin olunmaq və tikintiyə başlamaq imkanı verəcək.

Bu sahədə həyata keçiriləcək islahatlar hər iki istiqamət üzrə elektron müraciət sistemin tətbiq edilməsidir. Bu sistem həm proseduraların, həm də tələb edilən müddətin azalmasına imkan verəcək. Bu eyni zamanda neqativ halların aradan qaldırılmasına şərait yaradacaq.

Sənədə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərcləri də azaldılmalıdır. Dünya Bankının sözügedən hesabatına əsasən, ölkəmizdə bu sahədə vəziyyət qənaətbəxşdir. Azərbaycanda hesabatda 13-cü yerdədir. Belə ki, bunun üçün tələb edilən proseduraların sayı 4, günlərin sayı isə 11-dir. OECD ölkələrində bu göstərici uyğun olaraq 5 və 24-dir. Bu isə o deməkdir ki, Azərbaycanda bu sahədə vəziyyət sözügedən quruma üzv olan ölkələr ilə müqayisədə yaxşıdır. Bununla belə, bu istiqamətdə əsas diqqət günlərin sayının azaldılmasına yönəldilməlidir. Bütün əmlak üzrə ilkin və təkrar hüquqlarının qeydiyyatının «ASAN» xidmətinin səlahiyyətinə daxil etməklə bu sahədəki proseduraların sayını ciddi şəkildə azaltmaq olar.

Fərman eyni zamanda idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsini də özündə ehtiva edir. Bu sahədə vəziyyət, təəssüf ki, qənaətbəxş hesab edilmir. Bu baxımdan, bu istiqamətdə islahatların aparılması olduqca vacib idi. Belə ki, Dünya Bankının sözügedən məşhur hesabatına görə, Azərbaycan bu indikatora görə dünyada 168-cidir. İxrac üçün tələb edilən sənədlərin sayı 9, günlərin sayı isə 28-dir. OECD ölkələrində bu müvafiq olaraq 4 və 11-dir. Ölkəmizdə idxal üçün tələb edilən sənədlərin sayı 11, günlərin sayı isə 25-dir. Bu göstəricilərə görə OECD ölkələrinə uduzuruq: müvafiq olaraq, 4 və 10. Oxşar e-sistemin bu istiqamətdə də tətbiq edilməsi olduqca vacibdir.

Ölkə Prezidenti eyni zamanda kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlanmasını tapşırıb. Bu sahədə vəziyyət orta qiymətləndirilir. Belə ki, Azərbaycan bu göstəriciyə görə, dünyada 55-cidir. Ölkəmizdə vəziyyət OECD-ə üzv olan dövlətlər ilə, demək olar, eynidir.

Sənədə görə, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi tapşırılıb. Bu göstəriciyə görə, Azərbaycanın dünyada mövqeyi yaxşı hesab edilir: Dünya Bankı ölkəmizi 22-ci yerdə görür. Göstəricilər OECD-i ölkələri ilə tamamilə eynidir.

Fərmana əsasən, «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinin də həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, Dünya Bankının hesabatına əsasən, Azərbaycan bu indikatora görə dünyada 86-cıdır. Müflüşləşmə üçün tələb edilən müddət 2.3 il, müflüşləşmə xərci isə əmlakın 8 faizi həcmindədir. OECD ölkələrində bu göstəricilər uyğun olaraq 1.7 və 9-dur. Deməli, bu sahədə əsas diqqət müddətin azaldılmasına yönəldilməlidir.

Göründüyü kimi, fərmandan irəli gələn fəaliyyətlərin icra edilməsi sahibkarlıq sahəsində vəziyyətin yaxşılaşdırılmasına təkan verməklə yanaşı. Azərbaycanın Dünya Bankının «Bizneslə Məşğul Olmaq» hesabatındakı mövqelərinin ciddi şəkildə güclənməsinə səbəb olacaq.