vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 1 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
Qafqazı həyətyanı sahəsi sayan “qonşu” 21:57 | 30 iyun 2025 | Bazar ertəsi Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qafqazı həyətyanı sahəsi sayan “qonşu”

OMON məsələsi: Lokal insident, yoxsa siyasi siqnal?

Zaur MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son dövrlərdə Azərbaycan-Rusiya münasibətlərində qeyri-ənənəvi gərginlik hiss olunur. Ənənəvi olaraq yaxın tərəfdaş kimi tanınan bu iki dövlətin münasibətlərində zaman-zaman maraq toqquşmaları baş versə də, budəfəki gərginliyin birbaşa ictimai müstəviyə çıxması və Rusiya güc strukturlarının fəaliyyəti bu münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.

Yekaterinburqda baş verən məlum hadisə sadəcə bir kriminal xəbər kimi təqdim olunsa da, bu hadisə dərin siyasi alt qatlara malikdir. Açıq şəkildə bu cür kobud davranış Azərbaycana qarşı gözlənilən diaspora kartından istifadə etmək deməkdir. Polisin onlara qarşı itaətsizlik olmadığı halda insanları güllələməsi çox ciddi və kobud cinayətdir.

Görünür, Azərbaycanın öz regionunda güclənməsi bəziləri tərəfindən ciddi irad ilə qarşılanır. 2023–2025-ci illərdə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların sayının artması və son 200 ildə ilk dəfə olaraq iki dövlət arasında yeni səhifənin açılması perspektivi Cənubi Qafqaza tamamilə yeni siyasi konfiqurasiya gətirməkdədir. Bu, Moskvanın regional təsir dairəsini ciddi şəkildə daraldır. Rusiya üçün əsas narahatedici məqam odur ki:

– Ermənistanın Qərbə inteqrasiyası sürətlənir;

– Moskva vasitəçi yox, müşahidəçi statusuna düşür;

– Türkiyənin bölgədə siyasi çəkisi artır və Ermənistan tədricən türk oxuna düşür.

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məsələsi Rusiya üçün narahatlıq mənbəyidir. Əgər bu iki ölkə arasında sərhədlər açılarsa və diplomatik münasibətlər tam bərpa olunarsa, Ermənistanın iqtisadi və siyasi alternativləri genişlənəcək. Daha dəqiqi:

– Ermənistanın Rusiya iqtisadi asılılığından çıxması;

– Türkiyə-Ermənistan-Azərbaycan - Gürcüstan dördbucağının formalaşması və Cənubi Qafqazda Türkiyənin geosiyasi təsirinin artması.

Hazırda Rusiya müxtəlif yollarla həm Ermənistan daxilində sabitsizlik yaratmaq, həm də Azərbaycanın siyasi qərarlarına təzyiq göstərmək kimi taktikalardan istifadə edir. OMON hadisəsi, bu alətlərin konkret nümunəsi kimi qəbul oluna bilər.

Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursu ölkənin regional aktorlar arasında balans yaratmasına imkan verir. Bu balans Rusiya, Türkiyə, Avropa Birliyi və ABŞ arasında diplomatik və iqtisadi əməkdaşlıqları paralel şəkildə davam etdirməyə yönəlib.

Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Azərbaycan suverenlik məsələlərində prinsipial mövqe tutur, Türkiyə ilə strateji ittifaqını gücləndirir.

Azərbaycanın məqsədi, hərbi və diplomatik balansı qoruyaraq suveren siyasət yürütmək, eyni zamanda regionda sabitlik və iqtisadi inkişaf üçün real tərəfdaşlıqlara əsaslanmaqdır.

Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə Rusiya öz təsir gücünü saxlamaq üçün daha açıq və sərt alətlərdən istifadə etməyə başlayıb. Bu kontekstdə OMON hadisəsi sadəcə insident deyil, Bakıya qarşı tətbiq edilən siyasi siqnalın bir formasıdır.

Bu hadisələrin fonunda Azərbaycan balanslaşdırılmış, lakin prinsipial mövqeyini qorumaqla bölgədəki lider rolunu daha da gücləndirir və postmüharibə dövrünün real geosiyasi arxitekturasını müəyyənləşdirən əsas aktorlardan birinə çevrilir.

Azərbaycan post-müharibə dövründə Rusiya üçün bir sıra strateji jestlər və mövqelər ortaya qoydu, amma sual yaranır – Bakının bu cür addımları ola-ola niyə bölgədəki proseslərə Rusiya maksimalist davranır? Rusiya üçün iki məsələ çox həssaslıdır. 1. MDB məkanında dövlətlərin ərazilərinin Qərbin hərbi - siyasi çətirinə keçməməsi və 2. dövlətlərin Qərbin hərbi-siyasi təşkilatlarına üzv olmaması.

Məgər bu iki məsələ ilə bağlı Azərbaycan və Rusiya arasında ziddiyyət varmı? Xeyr. Əksinə, bir çox məsələlərdə hər iki dövlətin maraqları və baxış bucaqları üst-üstə düşür. Bundan başqa:

– Azərbaycan Rusiya əleyhinə sanksiyalara qoşulmadı.

– Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Rusiya mallarının İran və Hindistana çıxışı Azərbaycan üzərindən təmin olundu.

– Azərbaycanın dəmiryolu və tranzit siyasəti ilə Rusiyaya alternativ nəqliyyat imkanları yaratdı.

– İsrailin İrana bombalaması günləri rusların İrandan Azərbaycana keçidinə kömək etdi, onları xoş qarşıladı, otellərə yerləşdirdi və yüksək səviyyədə yola saldı. Hətta səhv etmirəmsə, təşəkkür qismində Bakıda kiçik konsert da verdilər.

Və ən əsası. Azərbaycanın xarici siyasət davranışı bir çox dövlətlərlə müqayisədə tamamilə sabitdir. Azərbaycan Qoşulmama Hərəkatının üzvü kimi heç bir hərbi-siyasi təşkilatlara üzvlüyü qarşısına məqsəd qoymur, nəinki NATO, heç AB ilə bağlı belə, belə bir düşüncə yoxdur. Sözün qısası, Rusiya üçün ciddi qıcıq doğuracaq heç bir məsələ yoxdur. Lakin, görünür oradakı bəzi qüvvələr Qafqaz siyasəti ilə bağlı ciddi yanlışlığa yol verirlər.

Azərbaycanın adekvat addımları fonunda təyyarə olayı və günahlarların cəzalanmamısının şahidi olduq. Bütün bunların fonunda Azərbaycan sübut etdi ki, təzyiqlərə qarşı dözümlü, maraqlara əsaslanan çoxşahəli siyasət mümkündür. Aşağıdakı elementlər bu yanaşmanı formalaşdırır:

– Türkiyə ilə strateji müttəfiqlik

– Rusiya ilə konstruktiv, lakin suverenliyə əsaslanan əməkdaşlıq

– Avropa Birliyi ilə enerji və logistika sahəsində praqmatik tərəfdaşlıq

– İran ilə güzgü siyasəti.

İran demişkən... İsrail və İran arasında 12 günlük müharibə Tehranda yenidən Azərbaycanla bağlı saxta iddiaların gücləndiyini gördük. İran Azərbaycanı İsrail ilə əməkdaşlıqda ittiham edir. Burada da səbəb bəllidir. Türkiyənin artan rolu və Azərbaycanın təhlükəsizliyini gücləndirməsi.

Bu siyasət Azərbaycanı regionda etibarlı, lakin müstəqil qərar verən aktora çevirib. Bu həm Rusiyaya, həm də digər güclərə açıq mesajdır: Qafqazın gələcəyi Bakının iştirakı olmadan müəyyənləşə bilməz.

Azərbaycanın son illərdəki davranışı “realist”, “neorealist”, “neoliberal” beynəlxalq münasibətlər modellərinə uyğun gəlir: dövlət maraqları, suverenlik, qüvvələr balansı, çevik diplomatiya, iqtisadi əməkdaşlıq.

“Qafqazı heç kimə verməmək” – Azərbaycan üçün yalnız torpaq yox, həm də regional təsir, mədəni suverenlik və strateji avtonomiya deməkdir. Qonşular Qafqaza həyətyanı sahələri kimi baxmaqdan vaz keçməlidirlər.

Onsuz əvvəl – axır bu baş verəcək. Azərbaycan – İran və Azərbaycan – Rusiya münasibətləri reallığa uyğun praqmatik şəkildə nizamlanmalıdır. Son 30 il göstərdi ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər qarşılıqlı hörmət əsasında inkişaf edə bilər. 1990-cı illərin təcrübəsi də bunu deməyə əsas verir.

Azərbaycan Prezidenti İlham Əliyev verdiyi hər bir vədin və sözün ağasıdır. Onun siyasəti praqmatik və səmimidir. Ərazisinin böyüklüyündən, dünyadakı gücündən asılı olmayaraq hər kəs Azərbaycana hörmət etməlidir. Bu əsas prinsipial mövqedir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)