vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ƏDƏBİYYAT  
19:27 | 14 mart 2022 | Bazar ertəsi Məqaləyə 2144 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milli kodu daşıyan yazıçı

Onun bütün əsərləri cəmiyyətə aynadır

Xəqani SƏFƏROĞLU

Yazıçı Anarın 84 yaşı tamam olur. “60-cılar nəslinin” parlaq nümayəndələrindən olan Anar sovet Azərbaycanında milli kodu daşıyan adlardan idi.

Anar son 30 ildə Azərbaycan ictimai-siyasi həyatının bir barometri olub. Cəmiyyət öz ağrılarını ona yönəldib, siyasət ondan yazdığı əsərlərin qəhrəmanları kimi olmağını istəyib, dövlət isə Anardan yanında olmağı təvəqqe edib.

Sovet yazıçısından müstəqil Azərbaycana transfer etmək də ayrı dəmdir.

Yazıçılar Birliyinin pilləkənləri çox hündürdür. Adam yuxarı çıxanda az qala nəfəsi kəsilir. Orada olanda bir qəribə detal müşahidə eləmişəm: Qoca, yaşlı yazıçı və şairlər o pillələri quş kimi qalxırlar.

Yuxarı qaxmaq həvəsi, zirvədə olmaq gözəldir. Amma “nərdivan”ı taraz saxlamaq da hünər istəyir.

Anarın əsərlərini orta məktəbin 9-cu sinfində oxumuşam. Bu əsərlər həyata baxışmın formalaşmasında da rol oynayıb. Mənim üçün “Ağ liman” povestinin qəhrəmanı Nemətin yaşam tərzi şəhər urbanizasiyasının fəsadlarında çapalayan adamın çırpıntıları idi.

Sonra “Beşmərtəbəli evin altıncı mərtəbəsi”... SSRİ-nin “Xruşşov ilıqlaşması”nın açıq mesajı olan bu əsər cəmiyyəti boğan buxovlara təsirli və ciddi etiraz idi.

Mən bu əsərləri SSRİ-nin son dövründə -”Qorbaçov erası”nda oxuyurdum. Hamının hər sözü deyə bildiyi “Qorbaçov epoxası”nda...

Aşkarlıq və azadlıq təbliğ edən o zamanda Anarın qəhrəmanları yenə aktual idi. “Durğunluq illəri”nin yastı-yapalaq “qəhrəmanları onları sındırsa da, məhv edə bilməmişdi. Deməli yazıçı zamanı qabaqlaya bilmişdi.

“Yaxşı padşahın nağılı” sovet totalitarizminə istehza idi. “Qaravəlli”də zamanı dayanan cəmiyyətdə başını itirən zavallı vətəndaşın hamıdan təlaşla “saat neçədir?” sualı total yuxuya getmiş cəmiyyətə bir çağırışdır.

“Dantenin yubleyi”ndəki Kəbirlinski obrazı isə cəmiyyəti irəliyə aparmaq üçün vacib olan yeniliyə xeyir vermək istəyən, bunun üçün bacarmasa belə, heç olmasa “bir damcı” xeyir üçün çiynini bu yükün altına vermiş xeyirxah “kiçik insanların” kədərli portretidir.

“Telefon zəngi” hekayəsi isə sadəcə möhtəşəmdir. Anarın bütün əsərləri cəmiyyətə bir aynadır.

Anarın əsərləri bugünkü nəslə “yad” olsa da, sovet azərbaycanlıları üçün yeni çağırışlara bir indikator olub.

Yazılana isə pozu olmur. 

Son illərin Anarı isə “portret”dir. Ədəbiyyat barədə danışdıqları da yeknəsəkdir. Anar bu gündən danışmır, o ötən ömrünə söykənir, ədəbiyyata oradan baxır. Oradan isə yalnız xatirələr, ədəbi tariximiz və nə vaxtsa əsərlərini ləzzətlə oxuyaraq aldığımız zövqün xoş nostaljisi axır.