vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
KARYERA  
11:45 | 2 may 2022 | Bazar ertəsi Məqaləyə 4643 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İşçini daim məşğul görmək istəyən rəhbərlər

“Müdirə elə gəlir ki, əməkdaşların işlədiyini görmürsə, deməli, onlar işləmir”

MÖVZU İLƏ ƏLAQƏLİ

Əksər müdirlər işçiləri gün ərzində daim məşğul görmək istəyirlər. Hətta iş gedişində fasilə yaransa belə müdiriyyətin mesajı aydındır: boş durmayın, özünüzü məşğul etməyə bir iş tapın.

Müdir işçini qısa zaman içində də olsa, işsiz görsə, dərhal ona bir “iş” tapır. Özü də bu “iş”in hər hansı bir məqsədə xidmət etməsi vacib deyil. Amerikalı liderlik və inkişaf təlimçisi Rendi Klark deyir ki, bu qəbildən olan işlər şəxsi inkişafa, əməliyyata, yaxud mədəniyyətə xidmət etmir.

***

Bura misal olaraq mənasız bir hesabat tərtib etmək, hər hansı bir cədvəlin hissələrini rənglərinə görə düzmək, yaxud artıq yoxlanmış bir təqdimatı yenidən yoxlamaq kimi boş işləri göstərmək olar. 2016-cı ildə aparılmış bir tədqiqatın nəticələrinə görə, 600 ixtisaslı işçi iş gününün yalnız 39 faizini öz işlərinə sərf edirmiş. Günün qalan hissəsi hansısa iclaslara, e-meyllərə və mənasız işlərə sərf olunurmuş.

Ofisdə işləyən zaman menecerlər işçilərin boş oturduğunu düşündükləri zaman onlara bu qəbildən olan lazımsız işlər tapşırırlar. Ancaq pandemiya ərzində insanların evdən işləməyə başlaması ilə menecerlərin işçiləri izləyib kimin nə zaman boş qaldığını görməsi qeyri-mümkün oldu. Hərçənd tədqiqatlar göstərir ki, məsafədən işləyən işçilər həm daha məhsuldar olur, həm də gün ərzində daha çox çalışır.

***

Bəzi menecerlərin belə davranması onların məşğulluğu məhsuldarlıqla yanlış eyniləşdirməsi ilə bağlıdır. Məsələlərə bu prizmadan baxdıqlarından onlar eyni tapşırığı eyni vaxtda bitirən iki işçiyə eyni qiyməti verə bilmirlər. Vaxtdan səmərəsiz istifadə etsə belə daha məşğul görünən işçiyə daha çox dəyər verirlər.

Massaçusets ştatında yerləşən Bentli Universitetinin menecment professoru Süzan Vroman deyir ki, bu hallara iş mədəniyyətinin daha ənənəvi və avtoritar olduğu, əməkdaşlara muxtariyyətin verilmədiyi qurumlarda daha çox rast gəlinir. Belə qurumlarda menecerlərin özləri də öz rəhbərlərinin təzyiqini hiss edirlər. Onun sözlərinə görə, pandemiya vaxtı bu tip menecerlər əməkdaşlara vizual nəzarət edə bilmədikləri üçün narahat olmağa başlayıblar. “Müdirə elə gəlirdi ki, əməkdaşın işlədiyini görmürsə, deməli, onlar işləmir. Əməkdaş işi yerinə yetirsə belə müdir onun məhsuldar olduğuna inanmırdı”, – Vroman deyir.

***

Müdirlərsə, öz növbələrində, işçilərinə etibarlarının azaldığını bildiriblər. “Harvard Business Review” jurnalının 2020-ci ilin iyulunda dərc etdiyi bir araşdırmanın nəticələrinə görə, menecerlərin 41 faizi işçilərinin motivasiyasını sorğulayıb; 1/3-ə yaxını isə işçilərinin məsafədən işi uğurla yerinə yetirəcək qədər bilik və bacarığının olmasına şübhə edib.

Vroman deyir ki, məşğul görünməyi keyfiyyətli performansla eyniləşdirən təkcə müdirlər deyil. “Biz ətrafdakıların bizə baxdığını bildiyimiz üçün özümüzü məşğul göstəririk”, – o deyir.

Maraqlıdır ki, bu hal məsafədən iş şəraiti üçün də keçərlidir. İnsanlar kompüter və iş masası arxasında olduqlarını göstərmək üçün lazımsız mesajlar göndərirlər. İşini daha tez bitirən işçilər özlərini lazımsız işlərlə məşğul edirlər. Doğrudan da, 2021-ci ildə aparılan bir tədqiqatın nəticələrinə görə, ABŞ-da işçilərin 60 faizə qədəri iş vaxtı fasilə götürdüklərinə görə özlərini günahkar hiss edir və buna görə iş günü ərzində özlərinə vaxt ayırmır.

***

Əməkdaşların özlərinə mənasız işlər tapması həm də menecerin onlara lazımsız tapşırıqlar verəcəyi qorxusu ilə bağlıdır. İnsanlar özlərini məşğul göstərdikcə, menecer arxayınlaşıb onları işlə yükləmək fikrindən daşına bilər.

“Bu, məsafədən işləyən əməkdaşın motivasiyasını azalda bilər. Bu, etimadın və qayğının çatışmamasını göstərir. Bu mənasız tapşırıqların əsas faciəsi itirilmiş imkanlardadır. Onlara sərf olunan zaman ərzində həm işçiyə, həm də şirkətə fayda verəcək o qədər iş görülə bilərdi ki”, – Massaçusetsdəki Şimal-Şərq Universitetinin Biznes Məktəbinin menecment professoru Barbara Larson deyir.

Bu vaxt ərzində əməkdaşlara mənalı işlər, peşəkar inkişaf imkanları, məsələn, təlimlər vermək olar. Əməkdaşların iş günü ərzində qısa fasilələr götürməsi stressi azalda, diqqəti və məhsuldarlığı isə artıra bilər. Bütün bunlar həm şirkətə, həm də əməkdaşlara faydalı olardı.