Ustad tarzənin 75 illiyi qeyd olundu
Xalq artisti Ramiz Quliyevin ifaçılığı tarın xəlqi və beynəlxalq keyfiyyətləri ilə tanıdılmasına yönəldib
LALƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
II qrup əlil Beynəlxalq Bank cinayətindən əziyyət çəkir
«Heç bir banka borcum olmadığı halda, ölkədən çıxışıma qadağa qoyulub»
-
Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçirildi.
Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Ramiz Quliyevin musiqi sənətimizə verdiyi töhfələrdən söz açdı. Uzun illər yubilyarla birlikdə xarici ölkələrə qastrol səfərlərindən, yaddaqalan konsertlərdən bəhs etdi.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev çıxış edərək tarzənin elmi-pedaqoji fəaliyyətindən, gənc ifaçıların yetişməsində böyük zəhmətindən söhbət açdı.
Akademik, millət vəkili Ziya Səmədzadə dedi: “Ramiz Quliyev ifaçılıq fəaliyyətində hər zaman qarşısında duran ali məqsədin həyata keçirilməsinə – milli xarakterlərin və ruhun mümkün qədər düzgün, aydın və geniş təcəssüm etdirilməsinə, tarın bütün xəlqi və beynəlxalq keyfiyyətləri ilə tanıdılmasına yönəldib”.
Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Xalq artisti Mənsum İbrahimov, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı yubilyarı təbrik etdilər. Qeyd edildi ki, ifaçılığa yenilik gətirmək, sənətdə özünəməxsus iz qoymaq və yeni yaradıcılıq yolları axtarıb tapmaq istəyi Ramiz Quliyevin böyük amalı, həyat kredosu olub. O, çalışır ki, ürəyinin başında əzizlədiyi sədəfli tarı həmişə orkestr kimi əzəmətlə səslənsin, qəlbləri riqqətə gətirsin. Sənətkarın muğamları və bəstəkar əsərlərini yüksək ustalıqla geniş dinləyici kütləsinə çatdırması onun professionallığının göstəricisidir.
Yubilyarı təbrik üçün İsraildən Bakıya gələn musiqişünas Duşan Mixalek ilk dəfə Ramiz Quliyevin ifasını 1987-ci ildə Səmərqənddə dinlədiyini və həmin gündən də Azərbaycan tarına, onun sənətinə vurğun olduğunu dedi.
Tədbirdə tarzənin oğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edərək sənətə gəlməsində atasının əməyindən söz açdı.
Çıxışlardan sonra tarzənin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu. Filmin nümayişindən sonra ustad tarzən çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür etdi. Bundan əvvəlki yubileylərini ana yurdu Ağdamsız keçirdiyini, bu gün isə həyatında ikiqat bayram olduğunu vurğulayan yubilyar Ali Baş Komandan İlham Əliyevə və şanlı Ordumuza minnətdarlığını ifadə etdi, şəhidlərimizə Allahdan rəhmət dilədi.