vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:10 | 19 may 2022 | Cümə axşamı Məqaləyə 2615 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvan görüşdən qaçır

İlham Əliyev Ermənistanın son təxribatına dair iki yeni informasiya verdi

Aqşin KƏRİMOV

Ermənistan hakimiyyəti yenə hansısa şirnikləndirici mənbələr hesabına Azərbaycanla sülhdən boyun qaçırır. Qətiyyən bu təəccüb yaratmamalıdır, bu, erməni siyasətinin çoxdankı vərdişlərinin instinktiv təkrarıdır.

Bu vərdişlər indi Ermənistanın hərbi dairələrində yeni meyllər formalaşdırmağa istiqamət almaq istəyir – Azərbaycanla münasibətlərin normal axına dönməməsi meylləri.

Ona görə də, İrəvan Bakı ilə əldə edilmiş razılıqların icrası mərhələsini nala-mıxa vuraraq ya pozmağa çalışır ya da vaxt qazanmaq ümidlərinə qapılır. Sual olunur: Vaxt qazanıb nə edəcəksən?

Ermənistanın hərbi komandanlığında keçmiş xuntaya bağlı qruplar hələ də qalmaqdadır və onların baş nazir Nikol Paşinyanın siyasətinə az da olsa təsir imkanlarına malikdirlər.

Onlar Ermənistanın təxribatçı addımlarını daha da körüklənməsinə şərait yaradır və İrəvanı konstruktiv mövqe tutmaq xəttinə yaxınlaşmağa qoymur.

Elə buna görədir ki, Ermənistan son günlər Kəlbəcər istiqamətində hərbi təxribatlar törədir və etimadı pozan digər addımlar atır.

Azərbaycan Prezidenti İlham Əliyev də mayın 18-da litvalı həmkarı Gitanas Nauseda ilə görüşlərindən sonra  mətbuata bəyanatında Ermənistanın son zamanlar tutduğu qeyri-müəyyən mövqe barədə məlumat verib.

Prezidentin çıxışında yeni informasiya yükü olan iki xətt budur:

1. Ermənistan sərhəd delimitasiyası ilə bağlı aprelin 29-da nəzərdə tutulan görüşü ləğv edib (görüş təşəbbüsünü Ermənistan Xarici İşlər Nazirliyi özü irəli sürmüşdü);

2. 7-11 may tarixlərində sərhəddə Azərbaycan görüş keçirməyi təklif etsə də, Ermənistan bundan imtina edib.

İrəvanın ikili mövqeyi, Ermənistanın beynini hansı xarici faktor “zəhələməsinə” dair versiyalara da yol açır.

Əslində Ermənistan əhəmiyyətli diplomatik-siyasi və hərbi dəstəklərdən məhrum olub, sadəcə ara-sıra Qərb də (əsasən ABŞ və Fransa), Rusiya da İrəvan üçün şirnikləndirici bəyanatlarla çıxış edirlər.

Lakin ümumilikdə Rusiya da, Qərb də üçtərəfli bəyanatların və Avropa İttifaqının təşəbbüsü ilə əldə edilmiş razılıqların icrasının tərəfdarıdır. Onlar regionda münaqişənin yaranmasında maraqlı tərəf kimi çıxış etmirlər.

Amma bu oyun da var: Ermənistanın belə addımları güc mərkəzləri arasında rəqabəti gücləndirir.

Gah Rusiya, gah da Qərb təşəbbüsləri ələ alaraq sülh müqaviləsinin sətirləri arasında öz maraqlarını genişləndirmək istəyəcəklər.

Ona görə də, Ermənistan başına ağıl qoyub sülh prosesinə əngəl yaradan bütün addımlardan əl çəkməlidir.

Aqşin Kərimov