Rus dilində əruz vəznində
AZTV-də səslənən şeir kimin tərcüməsi olub?
Bugünkü gün, yəni 16 oktyabr.
O vaxtlar mən Azərbaycan Televiziyasında “Rus dilində proqramlar” redaksiyasının xətti ilə söz tariximizdən bəhs edən ““Антология азербайджанской литературы” – “Azərbaycan ədəbiyyatı antologiyası” adlı veriliş aparırıdım.
Bir müddət unudulmz şair və tərcüməçimiz Vladimir Qafarovla birgə aparıcı ikimiz idik, sonra bu işi tək mən görəsi oldum.
Məqsəd rusdilli auditoriyaya mədəniyyət, söz tariximiz, görkəmli şəxsiyyətlərimiz haqda dolğun bilgi vermək idi.
Buraxılışlarımızdan biri dahi Mirzə Ələkbər Sabir haqqında olacaqdı.
Adətən hər verilişdən bir həftə öncə mən AZTV-nin o vaxtlar səliqə ilə çıxan və camaat arasında da yetərincə aranılan olan proqram qəzetində növbəti veriliş haqqında qısa annoyasiya yazardım.
Sabir haqda verilişin xəbəri üçün bir fotonun olmasını da arzuladım. Həmiz qəzetin fotomüxbirini dəvət etdim və Sabirin heykəli qarşısında gələn həftə nümayiş etdiriləcək verilişin iştirakçılarının şəkli çəkildi.
Görkəmli alimimiz Əkrəm Cəfər, Sabirin oğlu Məmmədsəlim Tahirli və mən.
Şəkil çəkildi, sonra da gedib birlikdə nahar etdik.
İndi bu fotoya baxdıqca sanki həmin gün bütün ayrılntıları ilə yaddaşımda canlanır.
Ancaq yaddaş öz yerində, mən adətən belə görüşlərdən sonra etdiyimiz söhbətlərin təfərrüatlarını unudulmasın, gələcəkdə hansısa yazıya dayaq olsun deyə dəftərlərimdə qeyd edirdim.
Taleyin nə xoş qisməti idi ki, ömrümə belə insanlarla oturub-durmaq fürsətləri də düşdü.
Nahar etdiyimiz yer İçərişəhərdə idi.
İçərişəhər o vaxt indiki kimi başdan-ayağa kafe və restoranlardan ibarət deyildi. Vur-tut 3-4 kababxana, qəlyanaltıxana vardı.
İçərişəhərə yenicə daxil olmuşduq ki, Məmmədsəlim müəllim atasına xas incə istehza ilə qayıtdı ki, vaxtilə bura Sobornaya küçəsi adlanırdı. Çünki bu balaca küçənin o başında kilsə vardı. Sonra elə bil Bakıda Sabirin adını verməyə küçə tapmadılar, özlərini də çox əziyyətə salmadan “sabor”da bircə hərfi dəyişib elədilər “Sabir”.
Əkrəm müəllim əlini atdı cibinə: “Məmmədsəlim, bilirsən Rafaelin verilişində gələn həftə nə sürprizim olacaq? Sabirin “Əlminnətü-lillah ki, “Dəbistan” da qapandı” şeirini ruscaya əruzla tərcümə etmişəm. Tarixdə belə şey olmayıb ki, kimsə rusca əruzla şeir yazsın. Sabirin sayəsində bu da baş verdi”.
Oxudu, heyran qaldıq...
Beləcə, o nadir adamlarla hər görüşün hər anı tarixlə dolu idi...