vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
İNCƏSƏNƏT  
09:46 | 14 dekabr 2022 | Çərşənbə Məqaləyə 7785 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milli təsviri sənət salnaməsinə töhfə

“Naxçıvan rəssamlarının ensiklopediyası”

Əsəd QULİYEV, sənətşünas

Azərbaycanın Naxçıvan bölgəsinin qədim tarixinin və zəngin mədəniyyətinin öyrənilməsi istiqamətində diqqətəlayiq işlər görülüb, sanballı nəşr layihələri həyata keçirilib. “Naxçıvan ensiklopediyası” (iki cilddə), “Naxçıvan abidələri ensiklopediyası” kimi nəşrlərin davamı olaraq “Naxçıvan rəssamlarının ensiklopediyası” çapdan çıxıb.

Ensiklopediya Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illiyi ilə bağlı muxtar respublika Ali Məclisi sədrinin 2 mart 2021-ci il tarixli sərəncamına əsasən ərsəyə gətirilib. Ötən il Naxçıvanda yaşayan rəssamlar üçün sənət bayramı olub: birliyin 50 illik yubileyi münasibətilə konfrans, festival və sərgilər təşkil edilib.

Yeri gəlmişkən, “Ədəbiyyat və incəsənət” qəzetinin 17 iyul 1971-ci il tarixli sayında dərc olunmuş bir yazıya toxunmaq istərdik. “Geniş imtiyazlar” başlıqlı məqalədə Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Məmmədağa Tərlanov yazırdı: “Bu günlərdə xeyirxah məqsədlə Naxçıvana yola düşdük. Dəstəmizdə Xalq rəssamı Səttar Bəhlulzadə, rəngkarlıq bölməsinin müdiri Əbdülxalıq və başqaları var idi”.

Bəli, bu heyət Naxçıvana orada Rəssamlar Birliyini təşkil etmək məqsədilə getmişdi. O vaxt yaradılan birlik artıq yarıməsrlik dövrünü arxada qoyub.

“Əcəmi” nəşriyyatında nəfis tərtibatda, müfəssəl məlumatlarla, rəssamların foto və əsərlərinin reproduksiyaları ilə zəngin ensiklopediyanı vərəqlədikcə qürur hissi duyursan. Kitabı tərtib edənlər Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycanın Əməkdar rəssamı, millət vəkili Ülviyyə Həmzəyeva, birliyin baş fond mühafizi Nizami Alıyev və rəssam Araz Xudiyev bu işə böyük əmək sərf ediblər. Şübhə etmirəm ki, bu kitab tədqiqatçı mütəxəssislər, rəssam və sənətsevərlər üçün dəyərli mənbələrdən olacaq. Burada 160-a yaxın incəsənət adamı (rəssam, qrafik, heykəltəraş, sənətşünas, dekorativ-tətbiqi sənət ustası) haqqında məlumatlar, onların fotoları və əsərlərindən ibarət 600-ə yaxın rəngli reproduksiya əksini tapıb. Həmçinin kitabın digər özəlliyi və elmi əhəmiyyətindən biri kimi Orta əsrlərdə yaşamış sənətkarlar, dekorativ-tətbiqi sənət ustaları (xəttat, həkkak, nəqqaş, ornament ustası) haqqında məlumatların verilməsini xüsusi vurğulamaq olar. Nəşrdə tanınmış incəsənət xadimləri ilə yanaşı, gənc sənət adamları haqqında verilmiş məlumatlar da diqqəti cəlb edir və kitabın əhatə dairəsini genişləndirir.

Ensiklopediyada Azərbaycan təsviri sənət tarixinə adları əbədi daxil olmuş rəssamlardan Bəhruz Kəngərli, Azərbaycanın və Türkiyənin tanınmış rəssamı İbrahim Safi, Xalq rəssamları Hüseyn Əliyev, Elmira Şahtaxtinskaya, Arif Qazıyev, Akif Əsgərov, Hüseynqulu Əliyev, Əməkdar incəsənət xadimləri Əyyub Hüseynov, Şamil Qazıyev, muxtar respublikanın Əməkdar incəsənət xadimi Məmməd Qasımov, Mircəlil Seyidov, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru Kərim Kərimov, sənətşünaslıq doktorları Adil Qazıyev və Cəmilə Novruzova kimi adları nəzərdən keçirdikcə bir daha bu kitabın əhəmiyyətinin hansı dərəcədə olduğuna əmin olursan.

Ensiklopediyada Naxçıvanda fəaliyyət göstərən rəssamlıq təşkilatları – ittifaq, muzey, qalereya və sərgi salonları, həmçinin Gəmiqayadakı qayaüstü təsvirləri haqqında da əhatəli məlumatlar əksini tapıb.

N.Alıyev ensiklopediyanın ön sözündə yazır: “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri son illərdə beynəlxalq əlaqələrini xeyli genişləndirmişlər. Belə ki, bir çox xarici ölkələrdən dəvətlər almış və xaricdə təşkil olunmuş sərgilər, festivallar və müsabiqələrə qatılmışlar. Rəssamlarımız bu mötəbər tədbirlərdə iştirak edərək muxtar respublikamızı ləyaqətlə təmsil etmişlər”.

Təbii ki, kitabın gələcəkdə daha təkmil və genişləndirilmiş şəkildə yenidən nəşr olunması çox yaxşı olardı. Nəşrdə Naxçıvan rəssamlarının əksəriyyəti haqqında dolğun məlumatlar əks olunsa da, bu ensiklopediyaya adları daxil edilməyən sənət adamları da vardır. Arzumuz budur ki, gələcəkdə ensiklopediya yenidən nəşr olunarkən bu sahədə fəaliyyət göstərən bütün yaradıcı insanlara yer verilsin.

Sonda ensiklopediyanın ərsəyə gəlməsində zəhməti olanları təbrik edir, yaradıcılığını davam etdirən rəssamlara uğurlar arzulayırıq. Təsviri sənətimizin müxtəlif sahələrinə dair bundan sonra da yeni sanballı nəşrlərin hazırlanacağına inanırıq.