vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
DÜNYA  
13:09 | 7 sentyabr 2024 | Şənbə Məqaləyə 322 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

754 milyon oxuma-yazma bilmir

Savadsızların üçdə ikisi qadınlardır və hamısı inkişaf etməmiş ölkələrin əhalisidir

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) qəbul etdiyi qərarla 1967-ci ildən etibarən hər il 8 sentyabr “Beynəlxalq Savadlılıq Günü” kimi qeyd olunur.

Savadlılığın fundamental insan hüquqları məsələsi olduğunu vurğulayan UNESCO, qarşılıqlı anlaşma, ictimai harmoniya və sülhü təşviq etmək üçün biliyin əhəmiyyətinə diqqət çəkir.

UNESCO-ya görə, fundamental insan hüququ olan “savadlılıq” digər hüquqlardan istifadə etmək üçün də qapı açır. Onun sayəsində insanlar daha çox bilik, bacarıq, dəyər, münasibət və davranışlara yiyələnir və cəmiyyətin bir hissəsinə çevrilirlər.

Bundan əlavə, savadlılıq yoxsulluğu azaldır və işçi qüvvəsində və bazarda iştirakını artırmaqla ölkənin inkişafına müsbət təsir göstərir.

***

UNESCO-nun məlumatlarına görə, 1979-cu ildə dünyada savadlılıq səviyyəsi 68 faiz olduğu halda, bu gün dünya əhalisinin 86 faizindən çoxunun savadlı olduğu təxmin edilir.

Son 50 ildə dünya üzrə savadlılıq səviyyəsində davamlı irəliləyişlərə baxmayaraq, COVİD-19 pandemiyası zamanı təhsilə çıxışın məhdudlaşdırılması səbəbindən savadlılıq səviyyəsində azalma müşahidə olunub.

2022-ci ilin məlumatlarına görə, 15 və daha yuxarı yaşda olan hər 7 böyükdən ən azı biri əsas savadlılıq bacarıqlarından məhrum olub.

Bu gün 250 milyon uşaq və gənc hələ də məktəbə getmir və 754 milyon böyüklər ən bəsit biliklərdən məhrumdur. Bundan əlavə, milyonlarla uşaq oxumaq, yazmaq və riyaziyyatda əsas bacarıq səviyyələrinə çatmaq üçün mübarizə aparır.

***

Dünyada 754 milyon savadsız yetkin insanın demək olar ki, üçdə ikisini qadınlar təşkil edir.

Məlum olub ki, 15 və yuxarı yaşda olan kişilərdə savadlılıq səviyyəsi 90 faiz olduğu halda, qadınlarda bu göstərici 82,7 faiz təşkil edib.

Bu qeyri-bərabərlik inkişaf etməmiş ölkələrdə daha qabarıq şəkildə özünü göstərir, burada kişilər işə gedərkən qadınların evdə qalması, ev və uşaqların qayğısına qalması gözlənilir.

İnkişaf etmiş ölkələrdə cinslər arasındakı fərq daha kiçik görünür.

***

İnkişaf etmiş ölkələrdə böyüklərin savadlılıq səviyyəsi 96 faiz və ya daha yüksəkdir, zəif inkişaf etmiş ölkələrin orta savadlılıq səviyyəsi isə 65 faiz olaraq qalır.

Ən aşağı savadlı ölkələr Cənubi Asiya, Qərbi Asiya və Qara Afrikasında (Böyük Səhradan aşağı hissə) yerləşir ki, bu da dünyanın ən yoxsul ölkələri sırasındadır.

Bu ölkələrdə təhsil imkanı olsa belə, iqtisadi çətinliklər yaşayan ailələr övladlarının məktəbə getmək əvəzinə işləməsinə və pul qazanmasına ehtiyac duyur.

Finlandiya, Qrenlandiya, Lüksemburq və Norveç savadlılıq səviyyəsi 100 faizə çatan ölkələr sırasındadır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) “Dayanıqlı İnkişaf Məqsədləri”nə uyğun olaraq, 2030-cu ilə qədər bütün dünyanın savadlı olması hədəflənir.

***

Rəqəmsallaşan dünyada “savadlı olmaq” anlayışı da dəyişir. Rəqəmsal savadlılıq smartfonlar, planşetlər, noutbuklar və kompüterlər kimi cihazlar vasitəsilə məlumatları tapmaq, anlamaq, təhlil etmək, istehsal etmək və paylaşmaq bacarığı kimi müəyyən edilir.

UNICEF bildirir ki, uşaqlar üçün rəqəmsal savadlılığa daha çox diqqət yetirilməlidir. Smartfonların geniş tətbiqi və rəqəmsallaşma ilə təhsil üçün yeni imkanların yarandığını vurğulayan UNİCEF, süni intellekt və texnoloji inkişaflardan yararlanmaqla təhsildə daha da irəli getməyin mümkün olduğunu qeyd edir.

Rəqəmsal dünya xüsusilə müharibə, münaqişə və ya fəlakətlərdən təsirlənən, yoxsul və ya əlil olduqları üçün məktəbə gedə bilməyən uşaqlar üçün təhsilə yol açır.

UNESCO 2030-cu ilə qədər rəqəmsal savadlılıq bacarıqlarına malik gənclərin sayını artırmağı hədəfləyir.