vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MÜƏLLİF  
11:41 | 21 oktyabr 2013 | Bazar ertəsi Məqaləyə 4300 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kişisənsə, inkar elə!»

Aqşin YENİSEY

Rəmzlər, simvollar, cadular, cadugərlər üzərində bərqərar olan müsəlman şərqində, igidlik rəmzi olaraq Koroğlu, sevgi rəmzi olaraq Məcnun, padşaha düz sözü deyən, təlxəkliyinə siyasi icazə verilmiş rəmzi Bəhlul Danəndə və Molla Nəsrəddin kimi məhşur mədəni abidələr var. Amma Koroğlu kimi igidi, Məcnun kimi aşiqi, Molla Nəsrəddin kimi intellektula təlxəyi olan bu xalq nə Koroğlu kimi döyüşməyi, nə Məcnun kimi sevməyi, nə də Molla Nəsrəddin kimi gülməyi bacara bilmir.

Bu mənim subyektiv fikrimdi, razılaşmamaq da olar: nədənsə xalq olaraq bizim əlimizdən adam balası kimi yeyib-içmək, deyib-gülmək gəlmir. Yeyib-içməyimizin sonu dava olur, deyib-gülməyimizin axırı söyüşmə, küsüşmə, saçyoldu və s. Eynən gürcü yazarı Nodar Dumbadzenin “Ağ bayraq” əsərində olduğu kimi. Bu əsəri oxumayanlar üçün açıqlama verim ki, əsərdə gürcülərin adi pivə məclisinin sonu axırda türmə həyatı ilə nəticələnir; bir gürcü başqa bir gürcünün təpəsinə pivə bakalını zollayır.  
Məncə, bizim xalqın, buynuzunda ot, əmcəyində süd gətirib əmizdirdiyi övladların – istər prezidentliyə namizəd olsun, istərsə də adi fəhlə - bir-birinin təpəsinə butulka tolazlamalarının səbəbi yumor hissimizdə olan problemlə bağlıdır. Biz gülə bilmirik, hırıldayırıq. İçə bilmirik, arvadlarımızın təbirincə desək, tuluğumuzu doldururuq. Acığa düşüb mən də deyirəm, hətta sevə bilmirik, xoruzla-toyuq kimi bir-birimizin belinə minirik. Ölə bilmirik, cəhənnəmin orta göbəyinə vasil oluruq. Elə bir Azərbaycan ailəsi yoxdur ki, toya, yəni kiminsə xoşbəxtliyinin tamaşasına hazırlaşanda ər özündən birgünlük Madonna düzəltmək üçün çilingərə zəng vuran arvadın təpəsinə yumruq endirməmiş evdən çıxsın, yaxud arvad, geyindirib-kecindirdiyi uşağı dərhal üstünə qatıq dağıtdığı üçün şapalaqlamasın. 
Allah haqqı, kafir balası rus psixiatr Vladimir Levi öz kitabında bu barədə yazır: “Gülməli şey eybəcərliyin bir parçasıdır”. Biz öz eybəcərliyimizə gülə bilmirik. Eybəcərliyimiz bizi əsəbiləşdirir. Biz eybəcər ola-ola gözəl görünmək istəyirik, hər yerdə, toyda, yasda, avtobusda, metroda, hətta özümüzlə baş-başa qaldığımız ayaqyolunda da. Biz zahiri bər-bəzəyə ona görə bu qədər canfəşanlıqla can atırıq ki, eybəcərliyimizdən xəbərimiz var. Onu mütləq ört-basdır etmək lazımdır. Biz sərçələr dənləmisin deyə üzünə inək nəcisi yaxılmış günəbaxana bənzəyirik bu görkəmdə. Biz başdan-başa gözəlliyin içində gizlənmiş eybəcərliyik, ona görə gülə bilmirik, hırıldayırıq. Biz əzab çəkməyi sevmirik, bizimki işgəncədir. Əzab mənəvi ağrıdı, işgəncə fiziki. Ona görə əsəbiyik. Mənim dediyim yumor hissi əzabdan doğur, yəni mənəvi ağrıdan. Bizim mənəviyyatımızin heç yeri ağrımır, amma şələ daşıyan uzunqulaq kimi bütün bədənimiz zoqquldayır. Ona görə gülə bilmirik. Biz pul qazanmağı bacarırıq, amma xərcləməyi yox. Bizim əzabımızın dəyəri yoxdu, amma işgəncəmizə yaxşı zəhməthaqqı verirlər. Biz “bəs mənim bir abbasım hara getdi?” intizarına mahnı qoşan hambalıq. Məşədi İbad bizə bir abbası pulu işgəncə çəkmək şərti ilə verir, belimizə minib adaxlıbazlığa gedir. Çünki özü də bu pulu işgəncəylə qazanıb. Biz hətta öz arvadımızla yatanda da çalışırıq ki, ona seksual zövq yox, işgəncə verək. Ona görə gülə bilmirik.
Biz heç ağlaya da bilmirik, zırıldayırıq. Bizim ağlamağımız üçün mütləq yaxın bir adamımız ölməlidir. Mütləq ortada bir meyit olmalıdır. Öz mənəvi sarsıntımız hesabına ağlayanda dərhal bu sözləri eşidirk: “Yekə kişisən, zırıldayıb zəhləmizi tökmə!” Biz bir-birimizi ağlamağa da qoymuruq, gülmək cəhənnəm. Biz uşaqlarımızı ağladığına görə döyürük, arvadlarımızı ağladığına görə danlayırıq, kişilərimizi ağladığına görə ələ salırıq. Çünki biz ağlamırıq, zırıldayırıq. Bizə görə ağlamaq üçün mütləq dəryada gəmilər batmalıdır. 
Biz övladlarımıza deyirik ki, utananın oğlu olmaz. Yəni sırtıq olmaq lazımdır, qırsaqqız olmaq lazımdır. Sırtıq adamın oğlunun olmasındansa, qısır qalması yaxşıdır. Biz doğmayan qadınları boşayırıq, onun insanlığı bizə lazım deyil. Uşaq əkə bilməyən kişilərin arxasınca barmaqlarımızdan halqa düzəldib göstəririk. Çünki özümüz kimi gülə bilmirik, ağlaya bilmirik. Biz həmişə başqasıyıq. Əlimizdən yalnız bu gəlir: başqaları kimi hırıldamaq və zırıldamaq. Dünya gülməyi, ağlamağı, ölməyi bacaran xalqlara qismət olmalıdır. Dünya hırıldayanlar və zırıldayanlar dünyası olmamalıdır. (Bakı şəhəri. 17 oktyabr. Zəkullanın böyük oğllunun kiçik toyu.)

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)