vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜBAHİSƏ  
23:55 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 14410 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Adəm ilk insan deyil»

Rəsul Mirhəşimli: «Azərbaycandakı ateistlər ancaq müsəlmanlara qarşı yönəliblər»

Nəzrin RÜSTƏMOVA, Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dini mövzuda silsilə müsahibələri davam etdiririk. Budəfəki həmsöhbətimiz araşdırmaçı-jurnalist Rəsul Mirhəşimlidir. Onunla müsahibəni təqdim edirik.


- İslam dünyası hələ də problem içindədir. Söhbət dindən asılı olan səbəblərdən gedir. Bəs səbəb insanların dini düzgün anlamamasıdır, yoxsa dinin özündə də çatışmayan məqamlar var?

- Biz müsəlman olaraq imanı özündə gəzdirən insanlar kimi deyə bilərik ki, Allaha, onun nazil etdiyi kitablara, peyğəmbərlərə, mələklərə və öləndən sonra dirilməyə iman gətirmişik. Müsəlman olan kəs heç vaxt dində hansısa qüsurların olduğunu, dinin mükəmməl olmadığını deyə bilməz. Bu artıq dinin yox, insanın kamil olmamasının göstəricisidir. Din Allahın rəsuluna nazil etdiyi ilahi hikmətdir. Baxır, dini kim hansı dərəcədə qavrayır və dini həyat tərzi kimi hansı şəkildə yaşaya bilir. Problem insanların davranışında, düşüncəsində və həyat tərzində özünü göstərə bilər. Yəni dində heçbir problem yoxdur.

 

- Rəsul bəy, deyirlər bir çox dindarların davranışında islama uyğun olmayan hərəkətlər var. Bu o fikrə yol açır ki, bunun islamla heç bir əlaqəsi yoxdur. Lakin araşdırma aparsaq görərik ki, dinə iman gətirib səhv yolda olanlar daha çoxdur. Sualım belədir: Niyə bu istisna təşkil etmədi də çox oldu? Belə olubsa, ideologiyada problem axtarmaq səhvdir?

- Söhbət çoxluqdan gedirsə, milyard yarımdan artıq müsəlmanın içində hansı hissəsinin bu dini daha düzgün qavradığını, hansı hissəsinin yanlış yolda olduğunu təyin etmək, onların hamısına bir yerdə qiymət vermək çətindir. Amma məsələyə belə baxsaq, son zamanlar Yaxın Şərqdə baş verən proseslər İslam dininə və müsəlmanlara münasibətdə yanlış təsəvvür formalaşdırıb. Uzun müddət dünyada İslama baxışlar sistemini izləmişəm. Vaxtilə Avropanın və Amerikanın İslam dininə cəmiyyət olaraq baxışları tamam fərqli idi. İslam dininə təsəvvüf düşüncəsi nöqteyi-nəzərindən baxışlar sistemi formalaşmağa başlayırdı. ABŞ-dakı Miçiqan Universitetində təsəvvüf araşdırma mərkəzi açılmışdı və bu mərkəzə tanınmış ilahiyyatçı. Knış rəhbərlik edir.

Avropada da hiss olunurdu ki, dinin irfani düşüncə, dünyagörüş baxımından o səmtə maraq getdikcə artırdı. Ola bilsin ki, demoqrafik proses də özünü göstərdi. Avropa da, Amerika da başa düşdü ki, müsəlmanların Qərbə axını getdikcə artır. Bunlar artıq siyasi məsələlərdir. Siyasi mənada baş verən münaqişələrdir. Yaxın Şərqdə sabitlik pozulub. Pozulan sabitliyin içində adına dindar deyilən ayrı-ayrı silahlı qruplaşmalar, radikal dəstələr, ayrı-ayrı dövlətlərin birbaşa nəzarəti altında olanlar var. Birinə silah verməklə, birini ideoloji cəhətdən himayə etməklə, Yaxın Şərqdə tərəfləri bir-birləri ilə silahlı münaqişə dərəcəsinə çatdırıblar. Baş verən proseslərdə günahı hər kəs insanların davranışında, onların siyasi münasibətlərə baxışlarında yox, dində axtarır. Problem də burda özünü göstərə bilər.

Dinə qiymət verməkdə dindarın davranışı və hərəkətləri də əsas şərtdir. Kənardan dindara baxanlar onun özünü necə aparması ilə dinə münasibətini müəyyənləşdirir.

 

- Mümkündür ki, hansısa qüvvələr İslam dininin güclənməsindən qorxuya düşürlər və başlayırlar insanlar arasında yanlış anlayışlar formalaşdırmağa. Təbii ki, burda siyasi maraqlar var, bunu heçkim dana bilməz. Vicdanlı hər kəs İslamdan siyasi məqsədlər üçün istifadə etməyə qarşı olmalıdır. Amma tarixə nəzər salsaq görərik ki, Amerika, İsrail və ya digər bir başqa güclər olmayanda da müsəlmanlar arasında problemlər çox olub. Bəs bunun günahını kimin üstünə yıxaq?

- Hər bir müsəlman üçün örnək olan ilkin qaynaq Allahın kitabı, örnək də Allahın rəsuludur. Allah rəsulu Həzrəti Məhəmmədin (s) həyatı hər bir müsəlman üçün çox gözəl nümunədir. Çünki Allah öz kitabında bəyan edir: «Mən səni alimlərə rəhmət olaraq yaratdım». Peyğəmbər dövründə bu münaqişələrin birinin olduğunu kimsə iddia kimi irəli sürə bilməz. Çünki müsəlmanların rəhbəri yanlarındaydı və istənilən problemə Allahın rəsulunun baxışını və izahını ala bilirdilər. Bu proses Allah rəsulundan sonra beş xəlifənin zamanında da davam etdi Qeyd edim ki, hakimiyyəti az çəksə də Həzrəti Həsən də İslami şura ilə xəlifə seçilmişdi.

Dinə sizin nəzərdə tutduğunuz bu baxışlar Əməvilərin hakimiyyətə gəlişi ilə başladı. Dinin təməl prinsiplərindən başqa səmtə yönəlmələr oldu. Əməvilər dindən sui-istifadəni dövlət siyasəti səviyyəsinə gətirdilər və zülm aparatı yaratdılar. Həmin zülmün də ən dəhşətli hadisəsi Kərbəlada baş verdi. Bu qətl peyğəmbər ailəsinə, peyğəmbər nəvəsinə qarşı Yezid tərəfindən baş verən ən böyük qətl idi. Onun ailəsini, yaxınlarını qətlə yetirdilər, qadınlarını əsir götürdülər.

Abbasilər dövründə də dindən siyasi alət olaraq istifadə prosesi davam etdi. Bundan sonrakı vaxtda Osmanlıda Sultan Səlim xəlifəliyi ələ aldı və Osmanlı dövrü tarixdə İslam mədəniyyətinin, İslam düşüncəsinin daha geniş yayılmasında gözəl nümunə yarada bildi. Bu dinin Quran prinsipləri əsasında yayılması idi. Misal göstərə bilərəm ki, Bolqarıstan xiristianları özləri etiraf ediblər ki, onlar yunanların tabeliyində olanda kilsədə keşişin seçilməsinə qədər hər şeyə müdaxilə edilirdi. Amma ərazi Osmanlı tabeliyinə keçəndən sonra kilsə işlərinə demək olar ki, Osmanlı dövləti qarışmırdı. Onlar «Dində məcburiyyət yoxdur» hikmətinə və prinsipinə söykəniblər, həm dini yayıblar, həm də ərazilərini genişləndiriblər. Dinə fərqli baxışlar, yəni dindən sui-istifadə halları Əməvilərin və Abbasilərin vaxtında çox dərin şəkildə özünü göstərib.

 

- Müsahibənin əvvəlində qeyd etdiniz ki, bir insan müsəlman olaraq hansısa ayədə ziddiyyət axtarırsa, o kamil deyil. Sırf müsəlman olaraq kamil olmaya bilər. Bəs kompleks yanaşandaelələrini qeyri-kamil adlandıra bilərikmi? Çünki şəxs ola bilər ki, müsəlman deyil, dinə inamı yoxdur və ya başqa dinin nümayəndəsidir, lakin savadlı, bilikli və heç kəsə ziyan verməyəndir.

- Biz problemə ümumi baxırıq. İnsan yaşadığı həyat boyu kamilləşməyə can atır. Kimsə kamilləşə bilir, kimsə bacarmır. Bu artıq başqa mövzudur. Bir kəs dindən uzaqdır deyə «kamil deyil» demək olmaz. Amma biz dinin prinsipləri əsasında fikir yürütməyə çalışırıq. Dinin hikmətinə söykənərək bu qənaəti irəli sürürük ki, bizim dini dünyagörüşümüzə görə, varlıq maddi və metafizikdir. Maddi olan maddi olmayana iman gətirir. Yəni Allaha vücud deyə heç kim şəkil geyindirə bilməz. Allahı gözlə görmək mümkün deyil. İnsanın bu dünyada yaşadığı dövr, insan üçün sınaq dövrüdür. Allahdan gəlmişik, Allaha dönəcəyik. Ələst aləmindən bu dünyaya gəldik və buranı imtahan yeri olaraq qəbul edirik. Bu imtahan yerində də sınaqlardan, imtahanlardan, çətinliklərdən keçirik. Bir sözlə, sonrakı həyata keçid olaraq bu dünyada yaşayıb gedirik.

 

- Rəsul bəy, sınaq, ən çox eşitdiyimiz sözdür. Hər şeyi sınaq adlandıra bilərikmi? Məsələn, məqsədli şəkildə kütləvi qətliamlar olur, körpə uşaqlar öldürülür və yaxud kimsə diri-diri yandırılır. Buna da sınaq deyə bilərikmi? Sual dini hökmlərə qarşı səslənə bilər. Amma Allah qüdrətlidirsə, hər şeyin qarşısını ala bilirsə, buna niyə sınaq deyilməlidir?

- Uzun illərdir bu məsələ var. Tutaq ki, «kimsə bu şəkildə doğulmamalı idi, niyə doğulub?», «kimsə bu qədər zülmə məruz qalmamalı idi, qalır» deyə düşüncələr var. Müsəlman olan Allahı mühakimə etmək həddinə özünü çatdırmamalıdır. Allahı sorğu-sual etmək heç birimizin həddi deyil. Məsələ bundadır ki, siz dediyiniz kimi kütləvi qətliamların, edilən hər hansı qeyri-insani hərəkətlərin adı zülmdür. Allah insanları yaxşılıq etməyə təşviq edirsə, təbii ki, günahsız insanların başını kəsməyi rəva görməz. Edilən zülmləri, əzabları Allaha bağlamaq da yersizdir. Tarixdə bir misal var. Kərbəla hadisələrindən sonra Həzrəti ZeynəbləYezid arasında belə bir dialoq keçir. Həzrəti Zeynəb Yeziddən soruşur: «Sən mənim qardaşımın başını kəsmisən». Yezid cavabında deyir: «Qardaşının başını mən kəsmədim, Allah mənim əlimlə kəsdi».

Yuxarıda da dedim, hər bir müsəlman üçün ən gözəl örnək Allah rəsuludur. Allahın elçisi Həzrəti Məhəmməd peyğəmbərliyi dövründə baş verən bütün savaşlarda şəxsən iştirak edib. İyirmi üç il boyunca İslam dinini yayan Allah rəsulu bütün bu savaşlarda cəmi iki nəfər öldürüb.

«Allahu Əkbər» deyib körpə uşaqları qətlə yetirməyin adı din ola bilməz. İpi ayrı-ayrı siyasi idelogiyaların əlində olanların bu gün Yaxın Şərqdə elədikləri vəhşiliklərin İslamla heç bir əlaqəsi yoxdur. Həmin əməllər elədiyi zülmə din donu geyindirmək istəyənlərin işidir. Amma bir insan bir başqasına zülm edirsə, bu, Allahın rəva görmədiyi məsələdir. «Bir insanı öldürmək bütün bəşəriyyəti öldürməyə bərabərdir» hikmətini insanlara təlqin edən dinin vəhşilik törədənlərlə heç bir əlaqəsi yoxdur. Allah insanı yer üzünün əşrəfi olaraq, ən şərəflisi olaraq yaradıb. İnsanda yer üzündə şərəfli yaşamağı qarşısına məqsəd qoysa, yəqin o zülmlər də olmaz. Həmin məsələyə qayıdırıq ki, insan kamilliyə can atsa, zülm etməz. Allah qatında insanların içində ən üstün olanı, ən çox günahlardan qorunanıdır. Çünki kiminsə var-dövləti onu başqasından üstün olmağı qazandırmaz.

 

- Çox gözəl vurğuladınız ki, üstün olan kəs öz nəfsini qorumağı bacarandır. Amma dindar olmayan, inancı olmayan biri də nəfsini qoruya bilər. Qurana görə isə Allahı inkar edən insanlar cəhənnəmdə əzab çəkənlərdən olacaq. Din nöqteyi-nəzərindən belələrinə kafir deyə bilsək də, onların içərisində normal və heç kimə pislik etməyən insanlar da var. Belə insanlar da axirətdə günahkar sayılacaq, yoxsa bu, artıq sırf Allahın əlində olan məsələdir?

- İslamın şərtlərindən biri Allaha iman gətirməkdir. «Kəlmeyi-şəhadət» gətirən insan eyni zamanda qəlbində də onu təsdiq etməlidir. Ola bilər ki, kafir kimi gördüyümüz adamın qəlbində iman var. Allah rəsulunun buyurduğu da bu mənada insanları başqalarını yarğılmaqdan çəkindirmək üçündür: «Açıb qəlbinəmi baxdınız?»

Biz insanların qəlbinə açıb baxmamışıq ki, onun qəlbində nə olduğunu görək. Sadəcə olaraq, dinimiz mömin olanın tərifin ayələrin birində verir. «Mömin əməli, imanı, etiqadı vəhdətdə kəslərdir».

Biz Allah rəsulunu görmədən ona iman gətirmiş kimsələrik. Müsəlmanın da borcudur ki, imanını əməli ilə bəzəsin. Amma bir insanın davranışında hər şey qaydasındadırsa, onun işinə də bir başqasının qarışma ehtimalı yoxdur. Yəni din məsələləri belədir ki, hər kəs özünə cavabdehdir. Başqasının yaxşı əməli sənin üçün stimul olmalıdır. Başqasının günahına isə sən şərik deyilsən. Hər kəs yaxşı əməlinin mükafatını, günahlarının cəzasını özü alacaq. Hansısa insan Allahın hikmətlərinə söykənib bu dünyadan köçdükdən sonra qiyamət günü Allahın həmin bəndələrə hansı əzabı və mükafatı verəcəyini fikir kimi irəli sürə bilər. Amma hökm verə bilməz. Çünki kiminsə cənnətə və cəhənnəmə getməyi Allahın hökmündədir. İnsanlar buna qərar verə bilməzlər.

 

- Hədislərin hamısını etibarlı sayırsınızmı?

- Hər kəs hədislərin hamısını etibarlı saya bilməz. Sadəcə olaraq, mən bu məsələ ilə bağlı danışanda çalışıram ki, ehtiyatlı davranım. Çünki İslamda hədis də bir elmdir. Hədislə məşğul olanlarda xüsusi alimlərdir. Mən çalışıram ki, o sahəyə girməyim. Mənim sahəm ilahiyyat deyil. Sadəcə din haqqında məlumatlarım var deyə, bildiyim qədər danışıram. Biz alim dərəcəsində deyilik, bizim məsuliyyətimiz o qədər də yüksək deyil. Ona görə də hansısa hədisin mənbəyinin harda olduğunu da bilmirik. Sadəcə, bizə xoş gələn və bizim daha çox inandığımız şeylərdən misal gətiririk. Ümid edirəm ki, misal gətirdiyim hədislər də ixtilaf mövzusu olmayan hədislərdir.

 

- Doğurdan da insan mənəviyyatını kamilləşdirən hədislər həddindən artıq çoxdur. İnsan bəzilərini həyatında tətbiq etsə, həqiqətən də yaxşı biri ola bilər. Bununla belə mübahisəli hədisləri tərəzinin bir gözünə qoysaq ağır gələr. Hədisləri bir kənara qoyaq. Bəs ayələr niyə mübahisəlidir?

- İstənilən halda ixtilaflar təbiidir. İxtilaflar yaxşı olar ki, düşmənçilik səviyyəsinə gəlib çıxmasın. Aydın məsələdir ki, biz nə qədər istəsək də ixtilaflar ciddi münaqişələrə gətirib çıxarda bilir. Amma istənilən nəzəri fikirdə də, fəlsəfi fikirdə də ixtilaflar olur. Mən Quran ayələri ilə bunları müqayisə etmək istəmirəm. Amma məsələ bundadır ki, Quran Allahın rəsuluna nazil etdiyi bir kitabdır, Allahın kəlamıdır. Bir elmi hər kəs eyni səviyyədə başa düşə bilməz. Kim hansı səviyyədə başa düşürsə, o cür izah etməyə çalışır. Tarixi elmi qaynaqlara da baxanda, yeddi-səkkiz yüz il əvvəl bir ayəyə verilən təfsirlə, bu gün verilən təfsirdə fərqi görəcəyik. Alimlərdən birinin yaxşı fikri var. «Biri mənə sual verdi ki, bir yerdə Allah buyurur ki, sizin aranızda ən üstün olan, ən çox təqvalı olandır, ən çox günahlardan qorunandır. Amma başqa ayələrin birində buyurur ki, ailənin rəisi kişidir. Bu necə olur?».

Biri sosial ədalətin tənzimlənməsində ərin üzərinə məsuliyyət qoyur ki, ailəni dolandırmaq sənin boynundadır. Digəri Allah qatında bir ilahi tarazlıq yaratmaq istəyir ki, kimsə bildikləri ilə, qazancı ilə öyünməsin. Çünki günahlardan ən çox qorunan üstün olacaq. Böyüklük Allaha məxsusdur . İnsan özünü böyük kimi göstərə bilməz. Çünki təkəbbür göstərdikcə günaha girir. Ayələrin təfsirinə münasibətdə də, hər alimin özünün baxışları ola bilər və onun da izahının öz metodları var. Çünki ayənin nazil olma səbəbləri və ona uyğun təfsir verirlər. Cərəyanlar arasında da fərqlər, təfsir olunmaq məsələləri Allah rəsulundan sonrakı dövrdə ortalığa çıxdı. Çünki bayaq da qeyd etdiyim kimi peyğəmbərin dövründə o problemlər yaşanmırdı. Səhabə hansı məsələdə qaranlıq qalan məqamları öyrənmək istəyirdisə, Allah rəsuluna üz tuturdu.

 

- Qeyd etdiniz ki, səhabələr gəlib peyğəmbərdən qaranlıq qalan məqamları soruşurdular. Bəllidir ki, Quran peyğəmbərin dövründə kitab halına salınmayıb. Dəri üzərində, yaxud daşlar üzərində yazılıb. Quran kitabı peyğəmbərin ölümündən sonra yığıldı. Səhabələrin bir şeyi dəqiqləşdirmək üçüb müraciət edəcəkləri yeganə dəqiq mənbə isə artıq həyatda yox idi. . Bu zaman belə fikirləşə bilərikmi ki, səhabələr Quranı yığanda hər hansı bir yanlışlığa yol veriblər?

- Qətiyyətlə söyləmək mümkündür ki, onlar heç bir yanlışlığa yol vermədilər. Çünki Allah qatında ən doğru din İslamdır və bu dinin kitabı da qiyamətə qədər mühafizə olunacaq. Ayələrə heç bir insan əli toxunmayıb. Allah rəsulunun dövründə həmin ayələr peyğəmbərə nazil olduqca onu katiblər yazırdılar. Səhabələr arasında Quran hafizləri var idi. Həzrət Osmanın xilafəti dövründə həmin hafizlərin, səhabələrin iştirakı ilə yazılı kağızlar bir yerə toplanıb. İndi bizə gəlib çatan bu tərtibatla Quran kitab şəklində hazırlanıb. Sadəcə olaraq, Quran-Kərim ayələri nazil olma ardıcıllığı ilə tərtib olunmayıb, «Fatihə» surəsi ilə başlayıb, «Nas» surəsi ilə yekunlaşıb. Bundan başqa «insan əli toxunub» iddiasını heç kim irəli sürə bilməz. Dünyanın çox yerində insanlar istəsə, Quranın nazil olma ardıcıllığı ilə tanış ola bilərlər. Bizim əlimizdə bugünkü Quran Həzrət Osmanın dövründə kitab şəklinə salınmış və heç vaxt da dəyişilməmiş, qiyamətə qədər də hökmü keçərli olan bir kitabdır.

 

- Gündəlik ibadət etdiyimiz hökmlər Quranda yoxdur. Məsələn, orucun tutulması, namazın necə qılınması. Quranın hökmünü hədislər tamamlayır. Qeyd etdiyiniz kimi hədislərin və onlara verilən təfsirlərin olması konfiliktlərə yol açır. Olmazdımı ki, elə hər şey Quranın özündə olsun, hədislərə də, təfsirlərədə ehtiyac qalmasın?

- Quranın şərhini hədisdə də tapmaq olar. Çünki hədislər Allah rəsulunun Allahdan ilham alaraq söylədikləridir. Quran ayələri isə birbaşa Allahın rəsuluna nazil elədiyi kəlamdır. Bir məsələ yadıma düşdü. Biri bir alimə sual verir: «Sən deyirsən hər şey Quranda var, onda mən soruşmaq istəyirəm ki, əgər hər şey Quranda varsa, bir kilo undan neçə çörək çıxdığı da Quranda varmı?» Alim cavab verir: «O da var. Çünki Allah ayələrin birində buyurur ki, əmanəti əhlinə verin». Baxır biz Quranda nəyi axtarırıq. Müsəlman olan kəs Quranda olan hər şeyi bildiyini deyə bilməz. Sadəcə, axtarmaq istədiyi şeyləri istəsə tapa bilər.

 

- Axtarmaq istədiyi məqamlar da var, amma adam öz aləmində bunu Quranda tapır. Məncə, bu da doğru deyil. Çünki o məsələ siz dediyiniz ilahi kitabda yoxdursa, biz deyə bilmərik ki, Quranda həmin məsələ keçib. Yəni bu artıq yanlış interpretasiyadır.

- Elə şeylər var ki, zaman keçdikcə açılır. 7-ci əsrdə yaşayan insana bəzi terminlər haqqında danışsaydılar, onlar yəqin ki, anlamayacaqdılar. Bu gün o terminlər bizim üçün adi görünür. Axtaranda onunla bağlı işarələri Quranda və Allah rəsulunun hədislərində tapmaq mümkündür.

 

- Quran mənəviyyat toplusudur. Yəni insanın daxili aləmini, mənəviyyatını tənzimləyən, insanı pis işlərdən çəkindirməyə çağıran bir kitabdır. Bəs biz Qurana elmi kitab deyə bilərikmi? Çünki onu elm kimi xarakterizə etmək də çox böyük mübahisələr yaradır.

- Quran elmi kitab deyil. Bununla bağlı da uzun müddət mübahisələr gedib və davam edəcək. Allah elmlə bağlı kitab nazil etmək istəsəydi, ayrıca elm kitabı nazil edərdi. İnsanlar ancaq elmin dalınca gedərdi. Quranda, səhv etmirəmsə, 800-ə qədər ayədə elmlə bağlı söhbətlər keçir. Quranın ilk əmri, Allahın rəsuluna nazil elədiyi «oxu» əmridir. Amma insanın boynunda bir məsuliyyət var. Oxuyub keçməkdən söhbət getmir, biri var Quranı oxuyub keçəsən, biri var Quranla yaşayasan. Mənə elə gəlir ki, Allah ilahi hikmətə bürünüb o şəkildə yaşamağımızı istəyir.

 

- Hədislərə nəzər yetirəndə görmək olur ki, heç kim hədislərin qoyduğu tələblərə tam cavab verə bilməz. Ən ürəkdən bağlı adam da bəzi hökmləri istəsə belə yerinə yetirə bilməz – istər ayələrin istərsə də hədislərin hökmlərini. Bu mənada dünyada əsl müsəlman varmı?

- Yəqin ki əsl müsəlman var. Müsəlman söz olaraq təslim olan deməkdir. Allahın hökmlərinə, Allahın ayələrinə, Allahın hikmətinə təslim olmaqdır. İslam sözü də həmin sözdən yaranıb. Bayaq dediyim kimi, biz danışırıqsa, başqası haqqında fikir yürütmək bir az yerində səslənmir. Tutaq ki, mən desəm ki, müsəlmanların əksəriyyəti günahkardır, yaxud da müsəlmanların hamısı idealdır, bu, düzgün çıxmır. Öz günahlarına baxıb utanan insan başqalarının davranışlarını mühakimə etməyi özünə rəva bilməz.

 

- Rəsul bəy, bir çox siyasətçilərimiz dini təbliğat aparır, çıxışlarında tez-tez dinə xitab edir. Bu düzgündür?

- Uzun illər mən müxalif siyasi partiyanın üzvü olmuşam. 3-4 il bundan qabaq həmin siyasi təşkilatdan uzaqlaşmışam. Siyasi partiyanın üzvü olanda da, orda baş verən siyasi proseslərə və oradakı adamlara da çalışmışam ki, tənqidi yanaşım. İnsan bir az yaşa dolduqca keçmişdə olanlara baxır və çalışır ki, öz səhvlərindən nəticə çıxarda bilsin. Yaxın Şərqdə baş verən proseslərdən sonra mənim müşahidə etdiyim bir hal var idi.

2011-ci ildə Yaxın Şərqdə baş verən siyasi proseslər müxalif siyasi partiyaların da taktikalarına təsir etməyə başladı. Ancaq bu siyasi partiyalar Yaxın Şərqdə baş verən siyasi prosesləri düzgün qiymətləndirə bilmədi. Düşündülər ki, Yaxın Şərqdə başlayan inqilablar dalğası Cənubi Qafqaza da öz təsirini göstərəcək. Həmin siyasətçilər bir məsələdə yanıldılar. Qərbin Yaxın Şərqdə başlatdığı proses xalqlara azadlıq, diktatorlardan xilas olub, demokratik prinsiplərlə hakimiyyət formalaşdırmaq istəyi deyildi. Qərbin istəyi Yaxın Şərqdə idarə olunan xaos yaratmaq idi, buna da nail oldu.

Bu gün həmin müxalif qüvvələrin dindarlarla bir sırada dayanmaq, onlarla kütləvi aksiya keçirmək hallarını görürük. Əminəm ki, bunların birlik dedikləri səmimi münasibət deyil. Əgər həmin partiyanın funksionerlərindən biri vaxtilə öz sədrinin də iştirak etdiyi müzakirələrdə «Dindarlardan istifadə edək, hakimiyyətə gələk, sonra arxalarından bir təpik vurarıq» deyirdisə, bunun adı səmimiyyət deyil, riyakarlıqdır.

Əgər hakimiyyətə gəlmək üçün bütün yollar məqbuldursa, bu, ilk növbədə mənim düşüncəmə və dünyagörüşümə zidd davranışdır. İdeoloji baxımdan dindarlar da həmin siyasi partiya liderləri ilə uzun müddət yola gedə bilməyəcəklər. Dindarların bir çoxu guya demokratiya uğrunda mübarizə aparan insanlarla bir yerdə ola bilməyəcəklər. Bu, müvəqqəti bir şeydir.

 

- Siz AXCP-də omusunuz. Kim idi o funksioner?

- Özünüz də bilirsiz ki, həmin adamın adını deməyəcəm. . .

 

- Siyasi partiya liderlərindən Sərdar Cəlaloğlu dini mövzularla gündəmə gəlir. Nemət Pənahlı din mövzularında danışa bilir. Sizcə, bunlar zamana hesablanıb, yoxsa sırf insan öz mənəvi dünyasını nümayiş etdirmək istəyir? Siyasi liderlərin bunu etməsi nə dərəcədə düzgündür?

- Bildiyimə görə, Nemət Pənahlı inanclı insandır. Onun inancı və ibadəti bu günlə başlamır. Təsəvvüf dünyagörüşünə yaxın olduğunu da eşitmişəm. Vaxtilə Nemət Pənahlının Yunus Əmrə üslubunda şeirlərini də oxumuşam.

Sərdar Cəlaloğlunun fikirlərinə daha çox mətbuatda rast gəlmişəm. Azərbaycanın tarixi şəxsiyyətləri barədə də mübahisəli fikirlər ortaya qoyan siyasətçidir. Hətta Məhəmməd Füzuliyə «kafir» deyirdi bir vaxtlar.

Kiminsə ibadət və inancı ilə işim yoxdur. Hər kəs öz yolunu özü seçir. Mən dindən siyasi alət kimi istifadə olunmasına qarşıyam. Mənə görə, əgər sən siyasi partiya sədrisənsə, siyasi mübarizə yolu seçmisənsə, siyasi fəaliyyətlə məşğulsansa, dini əldə alət etməyə ehtiyac yoxdur. Azərbaycan dünyəvi dövlətdir. Dinin dövlət siyasətinə müdaxiləsini heç bir halda mən qəbul etməmişəm. Bundan sonra da etməyəcəyəm. Dindar öz düşüncəsində, özünün ibadət qaydalarına necə əməl etməsində sərbəstdir. Dövlətin də borcudur ki, ibadətini yetirmək istəyən inanclı insanlara şərait yaratsın.

Lakin dini siyasətə qatanda Yaxın Şərqdəki proseslər göz qabağında canlanır. Avropada da belə olub. Kilsənin siyasətə müdaxiləsində dəhşətli hadisələr baş verib. İnsan edamlarına, insanların diri-diri yandırılmasına qədər kilsə hökmləri var. Əhalimizin 90 faizindən çoxu müsəlmandır. İslam bizim dinimizdir. Amma İslamı siyasi proseslərə qatmaq mənim fikrimcə, yersiz addımdır.

 

- Bildiyimiz qədərilə siz sufiliyə daha yaxınsınız. Digər məsələlər necə? Şiəlik, sünnilik. Bunlara İslam deyə bilərik, yoxsa İslama aidiyyatı yoxdur?

- Təsəvvüf və irfanı sevirəm. Təsəvvüf və sufilik İslam dünyagörüşündə təriqətləri özündə ehtiva edən anlayışdır. Təriqət də yoldur, məzhəb də. Biri eşqə, biri elmə söykənir. Məzhəb insanlara ibadətin qaydalarını öyrədir. «Kim şiədirsə, müsəlman deyil», və yaxud «sunnidirsə, müsəlman deyil» iddiasını heç kim irəli sürə bilməz. Çünki bu Allahın işlərinə qarışmaqdır. Hər bir şəhadət gətirən insan müsəlmandır. Məzhəb, yaxud təriqətlər İslamın şənindən nəyisə azaltmır. Əksinə, müxtəliflik, çoxrənglilik dinimizin gözəlliklərindəndir. Hər şeyin bir rəngdə olması insanı yora bilər. Bu İslamın və dinin rəngləridir. Bizim arzuladığımız odur ki, məzhəblər arası münasibətlər yalnız ibadət və fiqhə münasibətdə fərqlilik yarada bilsin, düşmənçilik səviyyəsinə gəlib çıxmasın. Kimsə başqasının müsəlman olub-olmadığı barədə hökm verməsin. İbadətdə fərqlilik ola bilər. Kimsə namazı möhürlə qılar, kimsə əliaçıq qılar. O artıq özünün məzhəbinin təyin etdiyi qaydalardır. Oradan o tərəfə gedəndə mübahisələr getdikcə dərinləşə bilər. Məzhəblər arasında münasibətlərin kəskinləşməsi ilk növbədə bizə xeyir verməyəcək. Azərbaycan uzun illər sünninin və şiənin, hətta başqa din nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşadığı bir ölkədir. Bu münasibət kəskinləşməsi heç kimin xeyrinə olmaz.

 

- Hər şeyi başa düşməyə çalışırıq. Quranı da oxumuşuq. Lakin orada möhürlə bağlı bir ayə yoxdur. Bəs möhür məsələsini ortalığa kim çıxartdı?

- Hər məzhəb özünün söykəndiyi dəlili əsas gətirə bilir. Tutaq ki, məzhəbin biri möhürlə namaz qılırsa, əsas gətirəcək ki, Allah rəsulu məsciddə namaz qılanda üzü və alnı torpağa batırdı. O zaman bugünkü kimi məscidlərdə xalça döşənməmişdi. Cümə namazında müsəlmanlar namaza duranda Mədinədən qum gətirib səpirdilər ki, namaz qılan müsəlmanların dizləri bərkimiş torpaqda ağrımasın. Birbaşa torpağa səcdə edirdilər. Möhürsüz namaz qılan, əhli-sünnə məzhəbinin nümayəndələri isə öz əsasını gətirəcək. Bayaq dediyim fikir odur ki, məzhəb müxtəliflikdir və bununla gözəldir. Axirətdə müsəlmanlardan möhürlə və ya möhürsüz namaz qıldığı və ya qılmadığı soruşulmacayacaq. Allah insanlardan namaz qılıb-qılmamağı soruşacaq. Biz kiminsə işlərinə qarışmağa mükəlləf deyilik.

 

- Rəsul bəy, inanclı bir insansınız. Hər birimiz vaxtımız çatanda dünyadan köçəcəyik. Özünüzü axirətə hazır hiss edirsinizmi?

- Təsəvvüfdə ilk qadın mürid sayılan Rabiətül Ədəviyyə (Həsən Bəsrinin müridlərindən olub) ölümdən danışanda deyirdi ki, bu qədər günahlarla Allahın hüzuruna çıxmağa utanıram. Hamımız Allahın «Ol» əmri ilə olduq, «öl» deyəndə bu dünyadan köçəcəyik. Çünki ölüm ilahinin təqdiridir, gəldikdən sonra ondan başqa həqiqət qalmaz.

Bu dünya bizimçün müvəqqəti bir yerdir, yaşayıb gedəcəyik. Amma mən ölümə hazıram desəm çox böyük iddia irəli sürmüş olaram. Günahları göz qabağından keçirəndə, həmin hesab gününü göz önünə gətirəndə adamın içindən bir titrəmə keçir. Ölüm barəsində düşünəndə isə Allahın lütf və mərhəmətinə sığınıb, Ondan günahlarımın bağışlanmasını diləyirəm. Ümid edirəm ki, Allahım nə verəcəksə, Özünə yaraşan şəkildə verəcək.


- İlk insanın kim olması mübahisəlidir. Məsələn, Qurandan müxtəlif ideyalar çıxardıblar. Bəziləri deyir Adəmdir, bəziləri isə bunu inkar edir. Bu da aydındır ki, peyğəmbərlər də hansısa xalqa, qəbiləyə göndərilir. İlk insan həqiqətən Adəmdirmi?İlk insan Adəmdirsə, bəs o peyğəmbər olaraq kimə göndərilib? 

- Alimlərin fikirlərinə görə, bu məsələ də mübahisəlidir. Yaşadığım, qəbul etdiyim, iman gətirdiyim din İslam dinidir. Bununla bağlı danışında çalışıram ki, fikir irəli sürməyim, alimlərin fikirlərini bölüşüm. Bəzi alimlər o məsələyə söykənirlər ki, Adəm yer üzündə ilk insan deyil, ilk peyğəmbərdir. Amma bəziləri də peyğəmbər olmadığını deyir. Bu mübahisələr belə də davam edəcək. Ayəyə söykənib deyirlər ki, Adəm ilk insandırsa, Allah Adəmi yaradanda niyə mələklər soruşdular ki, qanlar tökəcək, fəsadlar törədəcək birinimi yaradırsan? Mələklər haradan bilirdi ki, Adəm övladları dünyaya gələndən sonra fəsadlar törədəcək? Bu fikrə söykənənlər iddia edirlər ki, deməli, yer üzündə insanlar var imiş. Bəzi alimlər də deyirlər ki, Adəm ilk peyğəmbərdir, amma ilk insan deyil. İlk insanlardan Adəmin və Adəm oğullarının fərqi ondadır ki, onların cismi və idrakı var idi. Adəmi onlardan fərqləndirən cəhət odur ki, Allah Adəmə öz ruhundan üfürdü. Mənə görə isə Adəm yer üzündə ilk insan deyil. Düşünürəm ki, Adəmə qədər yer üzündə insanlar yaşayırdılar.

 

- Bayaq qeyd etdiniz ki, hər şeyi Quranda axtarmaq düzgün deyil. Lakin elm də hər şeyə izah verə bilmir. Bu zaman dinlə elmin analogiyasını apara bilərik?

- Yəqin ki mübahisələr dünyanın sonuna qədər belə davam edəcək. Çünki biri bir fikir irəli sürəcək, o biri də onu təkzib edəcək. İnsanlara da hansı doğru gələcəksə, onu qəbul edəcəklər. Ola bilər ki, zaman keçdikcə insanların da fikri dəyişsin.

 

- Adəmin qabırğasından qadının yaranması məsələsi Quranda yoxdur, Tövratda var. Təəssüflər olsun ki, dəqiq məlumatı olmayan əksər insan bunun Quranda olduğunu düşünür və deyir ki, Həvva Adəmin qabırğasından yaranıb. Bu baxımdan demək olarmı ki, İslam dinində olanlar bilməyərəkdən Tövrat inancını da bura calayırlar? Biz Tövratın müəyyən inanc sisteminin İslam dünyasına daxil olduğunu deyə bilərik?

- Elə şeylər var ki, Quranla ziddiyyət təşkil edir. Adi məişətdə də tez-tez işlənən bir ifadə var: «Allah buyurur, səndən hərəkət məndən bərəkət». Allah buyurduqları Quranda var. Amma Quranda belə bir ifadə yoxdur. İnsanlar eşitdiklərinə dini don geyindirmək istəyirlər. Hesab edirik ki, Qurana qədər Allah yer üzünə peyğəmbərlər göndərdi. Onların içində də kitab və səhifələr endirilən peyğəmbərlər var. Çünki müsəlman təkcə Həzrəti Məhəmmədə iman gətirənlər deyil, müsəlman eyni zamanda Həzrət Məhəmmədə qədər olan peyğəmbərlərə də iman gətirənlərdir. Həzrət Məhəmmədə qədər də peyğəmbərlər vardı, onlara kitablar endirilib. Fərq ondadır ki, Quran insan əli dəyməyən, təhrif olunmayan kitabdır. Zaman keçdikcə Tövratın İncilin hökmləri dəyişdirildi. O kitablar insanların əlində olan dəyişdirilmiş kitabdır. Biz peyğəmbərlərimizin hamsına iman gətirmişik. Ona görə deyə bilərik ki o peyğəmbərlərin tövhid məsələsində heç bir fikir ayrılığı yoxdur. Fərqlilik ancaq şəriətdədir. İuadizm dininə sitayiş edənin də, xristianın və İslamın da özünə uyğun şəriəti var.

 

- Dəyişdirildiyini hardan bilirik?

- Yenə hikmətə söykənib deyə bilərik ki, əgər dəyişdirilməsəydi, Allah Quranı nazil etməzdi. Yəni peyğəmbərlər göndərməyin və kitab endirməyin hikməti nə idi? Bir kitabın hökmlərini dəyişəndə yeni kitab göndərilirdi. Quran sonuncu kitabdır , bundan sonra da heç bir kitab gəlməyib və qiyamətə qədər də gəlməyəcək.

 

- Bildiyimiz kimi bəhailərin iki peyğəmbəri var. Bəhailər fikirlərini belə əsaslandırır ki, onlarda da zaman və şərait yetişmişdi deyə yeni din zühur etdi.

- Bu din yox, onların ideoloji düşüncə və dünyagörüşləridir. «Kafirun» surəsində belə bir ayə var: «Sizin dininiz sizə, mənim dinim mənə».


- Rəsul bəy, merac çox mübahisəli bir məsələdir. Olduğunu deyənlər «İsra» surəsinə də, hədislərə söykənir, arqumentlərini oradan götürürlər. Bir çoxları isə ayəyə və hədislərə rasional don geyindirməyə çalışır. Hər şeyi rasional təfəkkürlə başa düşmək olmaz. Biz nə qədər inkişaf etsək də hər şeyi rasional məntiqlə izah edə bilmərik. Bu mənada Məhəmməd peyğəmbərin meracı olubmu?

- Biz fiziki olmayana bəzən fiziki don geyindirməyə çalışırıq. Elə şeylər var ki, insan idrakına sığmaz. «Biz Quranın bir hissəsinə iman gətirib bir hissəsinə iman gətirmirik» demədik. Quranda Məhəmməd peyğəmbərin meracı «İsra» surəsi ilə sabitdir.

 

- Azərbaycanda ateistlər sosial şəbəkələrdə çox aktivdirlər. Buna münasibətiniz necədir?

- Azərbaycanda ateistlər birmənalı şəkildə ateist deyillər. Çünki başqa dinləri inkar etmirlər. İşləri ancaq İslamladır. Ona görə də virtual ateistdirlər. Azərbaycandakı ateistlər ancaq müsəlmanlara qarşı yönəliblər.

Daha çox İslama yönəldiyi onların düşüncələrində də, davranışlarında da, yazdıqlarında da özünü göstərir. Dünyasını dəyişən Rafiq Tağı Allah rəsulunu təhqir edən yazıların müəllifi idi. Biz müsəlmanlar Həzrət İsanı peyğəmbər olaraq Məhəmməd peyğəmbərdən fərqləndirmirik. Biz hamısına iman gətirmiş insanlarıq. Həzrət İsa da bizim peyğəmbərimizdir, Həzrət İbrahim də, Həzrət Yusif də. Quranda da çoxunun adı keçir. Amma Həzrət İsanı tərifləyib, Həzrət Məhəmmədi təhqir etməyın anlamı nə idi?

 

- Qeyd etdiniz ki, virtual ateistlərdir çoxdur. Amma hər halda sosial şəbəkələr ateistin virtual aləmdə fikrini ifadə etməsi baxımından da daha geniş imkanlar yaradır. Ona görə də orada da aktivdirlər. Burda qeyri-adi nəsə axtarmağa dəyərmi? Real ateist necə olmalıdır?

- Onların içində ən çox söhbət etdiyim Seymur Baycan idi. Yazılarını oxuyurdum, oturub onunla söhbət edirdim. Seymur çox zaman mübahisələrə dözümlü yanaşıb. Mədəni şəkildə irad qəbul edirdi, oturub söhbət edə bilirdi. Əksəriyyəti ilə mübahisəm olmayıb. Çalışmışam ki, mübahisəli məsələlərə girişməyim. Məsələn, Seymur yazılarının birində Məhhəmməd Füzulini tənqid etmişdi. Seymurdan soruşdum: «Sən Füzulini oxumusan, tənqid edirsən?» Dedi: «Bir az oxumuşam, amma başa düşmədim». Əgər bir insan başqa şairin yaradıcılığını başa düşmürsə, o şairin problemi deyil. Sən Füzulini başa düşməmisən deyə, onda qüsur var?

 

- Rəsul bəy, deyirsiniz ki, Azərbaycanda ateistlərin çoxu virtual ateistlərdir və işləri gücləri İslama yönələn fikirləri ifadə etməkdir. Bununla razıyam. Amma sanki şüuraltı mesajı dilə gətirirsiniz ki, digər dinləri tənqid etmək olar və ya İslamda olan qüsurlar digərlərində də var. Nəticə olaraq elə görünür.

- «Başqa dinləri tənqid edin» deyə çağırış etmirəm. Hər bir din özünün mənsubları üçün əzizdir, doğmadır. Heç kim istəməz ki, başqa dinin nümayəndələri artıq-əskik söz desin. Uzun illər müşahidə olunandan görünən budur ki, danışanda başqa din haqqında danışmırlar. Çalışırlar ki, müsəlmanlarda, İslamda, Allahın kitabında nəsə qüsur axtarıb tapsınlar. Ağalar Məmmədovun bir yazısı var idi. Qəzetlərin birində Quran ayələrini təftiş edib. «Allah bu ayədə insanı alçaldır» kimi ifadələr işlədib. Əslində, adam həmin ayəni başa düşməyib.

Məsələn, Mirzə Fətəli Axundovun «Kəmalüddövlə məktubları»nda Allah təhqir olunur. Axundov Azərbaycan dramaturgiyasının banisidir. Axundov o əsərdə Quranın «Məsəd» surəsini misal gətirib. Əsərə baxanda bilinir ki, Axundov söhbətin nədən getdiyini bilmir, eləcə söyüb. O təsir Mirzə Cəlilin yaradıcılığında da açıq şəkildə olmasa da özünü göstərir.

 

- «Kəmalüddövlə məktubları»ndan gözəl misal gətirdiniz. Bir çox yerdə deyilir ki, onlar xurafata, mövhumata, qarşı çıxıblar. Əslində isə bu əsərdə qeyd etdiyiniz kimi konkret olaraq Allah və peyğəmbər təhqir olunur. Siz həm də filoloqsunuz. Bəs Mirzə Cəlil və ya Sabir həqiqətən də xurafata qarşı idi, yoxsa dinin özünə?

- Sabir yaradıcılığında daha çox cəmiyyətin geridə qalmışlığı tənqid olunur. Mirzə Cəlildə də bu özünü açıq şəkildə göstərir. Amma bütövlükdə «hamısı xurafata və geridə qalmışlığa qarşı idi» demək də yanlışdır. Mirzə Cəlilin «Ölülər» əsərində Şeyx Nəsurullahın monoloqu var. Bu monoloqdakı söhbət Həzrət Əli ilə Əmmar bin Yasirin arasında keçən söhbətdir. Əmmar İbn Yasir ah çəkəndə Həzrət Əli soruşur:

«Sən bu ahı bu dünya üçün çəkdin yoxsa axirət üçün? Əgər bu dünya üçün çəkdinsə, dünya heç nəyə dəyməz». O söhbət belə də davam edir.

Əgər Həzrət Əli ilə Əmmar bin Yasirin səhabənin arasında keçən dialoq bir mənfi tipin dilindən monoloq kimi verilibsə, burda geriliyin tənqidindən söhbət gedə bilməz. Fakt budur ki, Həzrət Əli ilə Əmmar İbn Yasirin arasında olan söhbəti Mirzə Cəlil «Ölülələr»ə daşımışdı.

Mirzə Ələkbər Sabir haqqında isə bunu deyə bilmərəm. Çünki «Əşhədü billəhi aliyil əzim, Sahibi-imanam, a şirvanlılar» deyib, müsəlman olduğunu açıqlayan Sabirə, «dinə qarşı çıxırdı iddiası» ilə yanaşa bilmirəm. O, geriliyi, xurafatı, mövhumatı tənqid edib. Cəlil Məmmədquluzadə yaradıcılığında da mövhumatın, xurafatın tənqidi var. Bir çox hallarda dinə qarşı açıq təhqir də var.

 

- Buna görə Mirzə Cəlilə hörmətiniz yoxdur deyə bilərikmi?

- Yox, mənim diplom işim elə Cəlil Məmmədquluzadə yaradıcılığından olub.

 

- Müdafiə qarşınıza qoyulan tələbdir və etməlisiniz, bizə özünüzün şəxsi fikri maraqlıdır.

- İstedadlı yazıçıdır. Azərbaycan ədəbiyyatına tövhələrini vermiş bir ədibdir. Amma münasibətim birmənalı deyil. Dövr olub ki, ədəbiyyatında hansısa şairi, yazıçını çox bəyənmişəm. Bu dövrdə çalışıram ki, bir az ona tənqidi yanaşım. Allahın kəlamlarından başqa mənim üçün heç nə ehkam deyil. Mirzə Cəlil, Axundov da insandırlar, səhvlər edə bilərlər. (modern.az)