vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 18 iyun 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
SƏNƏTÇİ  
14:14 | 31 avqust 2018 | Cümə Məqaləyə 1618 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ay QARAGİLƏ!

Ey, illərdi məchul bir “qızıl gül”ü əsim-əsim əsdirib, səbrimizi kəsim-kəsim kəsən Kəs!..

Tahir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Eheyy... öz bülbül rübabilə xar-xəzan könülləri belə gülləndirən Rübabə xanım! On altı yaşından uzman Ozan (hərdən də azan...) sədaları, kəklik-turac ədaları ilə xiffətli qəlbləri, nəbati xatirələri sarmış başdan-başa tamaşa xatun!

Apaydın xalları ilə – dilini yalnız anası bilən lalları da dilləndirən, cəngi-şaqraq nəfəslərilə ərənləri selləndirib, ərgənləri tülləndirən, segah-dügahi zəngulələrilə ixtiyar qoca-qarıları belə xəyallandırıb bir-birinə bir dönəm də mehrləndirən incə sənət İncisi!..

Doğulduğu yurd nisgilindən yana, bütün digər vüsalları heçə saymış Xanım, hey! Sən on üç yaşından ayrıldığın o Tay həsrətindən yana-yana, Xan Arazı – bu xalqın “aydınlıq” da adlandırdığı suyu “qanlı” tutdun. Şah qələmli Şəhriyarımızın ümummilli Dədə çağrısını Otay-Butay ələmli avazınla ümumxəlqi Nənə ağısına çevirdin: “Heydər Baba, yolum səndən kəc oldu, Ömür keçdi, gələmmədim, gec oldu. Bilməz idim döngələr var, dönüm var, İtkinlik var, ayrılıq var, ölüm var...”

 

Nəysə...

 

Varaq Sənin böyük sənət çağrılı Səs-səda oylağına (və hərdən də doğma yurd-yuva ah-zarına)...

Bu sədanın ovsarını ələ alıb, öncə “Çıxaq Qırxqız yaylağına”. Sonra, neçə illərdi ovaxtlarkı böyük Güney HƏSRƏTİMİZə qoşdurulmuş “kiçik” Quzey parçamıza xəyallanıb, “Enək İsa bulağına”...

Sən deyirdin: “Gəlmişəm otağına, oyadam səni, Qaragilə...”

Mənsə deyim ki, neçə gündü düşmüşəm Sənin vəsf sorağına, Qaragilə! Özü də indiyəqədərki yazı-pozumdan xeyli alayı dil-üslubda.

Səni o dərəcədə gözəl xəlq etmiş Yaradan niyə bu qədər tez qeyb elədi görəsən, ay Qaragilə?! Mahnıların hər misrasını bir alov diliminə, hər nəqaratını bir tonqala çevirən o canın özü niyə belə tezcənə söndü? Axı Sən, bəlli qara bəxtinə sanki vəhydən yazılmış “Qaragilə”, tanrısal avazın boyuna biçilib-bəstələnmiş “Ahu kimi”, “Azərbaycan maralı”, “Ay günahsız əzizim”, “Təki sən səslə məni” kimi daha neçə-neçə incilər yaradıb gedə də bilərdin – xəstəliyinin ən ağır çağlarında belə çağlarlığını azaltmayan avazınla! Ömrünün son günlərində Səni Mərkəzi klinikada yoluxub (və bir neçə tibb bacısının xahişinə qoşularaq “bir ağız” oxutdurub) qayıtmış bir rəfiqəndən soruşanda ki, bizim əziz Səs-Xanım – Xanım-Səsin vəziyyəti necədi, sualımı çox obrazlı cavablandırdı: “Amansız xəstəlik, sənin öz yazılarıvın birində “qənirsiz Səs, bənzərsiz nisgil Ağacı” təşbehi ilə öydüyün bu sənətkarın gövdəsini qupquru qurutsa da, ilahi Səs budaqları hələ də yamyaşıldı...”

Başdan-başa sənət görkəmli o köklü-köməcli gövdənin dəm-dəstgahlı çağlarında bir kərə pıçıldayıbsan ki, camaat doğma yurduna qərib ölkələrdən baxıb ağlayar, mən bədbəxtsə, Azərbaycandan Azərbaycana baxıb sızlaram...

Bir gün də Naxçıvan qastroluna gedərkən necə ahlanıb-ağılayırsansa, bir ağbirçək başını kupedən çıxarıb deyir: “ A qızım, sən biyabanda anasını axtaran ahusanmı?..” 

Bu məqamda: “Ahu kimi gözlərin, Şirin-şirin sözlərin...”

Doğumundan 85, vəfatından 35 il keçir. Ortada nə qalır? Vur-çıx 50-cə il!  

Hə, mahnılarının birində dönə-dönə təkrarladığın “Səbrü-qərar!” kəlmələrindən də hiss olunduğu kimi, sənin kimi kövrəklər çox yaşaya bilməz…

Amma, hər halda, bu qədər sənət yatırı, səs-avaz qatarı müqabilində əllicə il nəmənəymiş, səni Tarı, ay saysız-hesabsız sevərlərinin bir-birinə qısqanılmaz Yarı?!.

Sənin məcun-mərcan sədanı dinləyəndə gözlər bir nöqtəyə dikilə, ağızlar açıla, qaşlar alınlara qaçıla, hiss-duyğular – şəxsi həyat dramına rəğmən darala, “Bir qonaq gəl bizlərə” dediyin “maral”a mat qalar. Yayımladığın gah şux, gah məhzun ab-hava bu dünyanın doğu-batı tutumunda, qəzəl-bayatı incə-mincəliyində...

 

Məsələn;

 

nərmənazik könüllərə yönlədiyin: “Sənsiz ey şux, mənim xoş güzəranım yoxdur”. Qəlbi qəlblərdə muçur-muçur bitirdiyin: “Ağac o-lay-dım, yol-da du-ray-dım, sən gələn yol-lara köl-gə sa-lay-dım”. “Ay su gələr arxa-nova, ay tökülər çarxa-nova” – deyə şəlalələnib təsdiqlədiyin “Yar yardan ayrılsa da, ay məhəbbət ölüncə var”...

Hələ özgür muğam, fundamental xalq mahnıları Sarayımıza nəqş etdiyin özəl səs-səda ornamentləri, doğal nəfəs-zəngulə şəbəkələri. Bunlar əsl Ustad nəqqaşələri, XANım XANəndəliyi!

Bu an Sənin böyük sənət dəyəri əyarına müqabil obraz, real təsvir-təfsir mənzərələri yarada bilməməyim səbəbindən, ruhuna bir xitab üstə köklənirəm. Özü də, Sənə butaylı bizlərdən daha bir köynək (və bir göynək) yaxın ulu Şəhriyar təhkiyəsində: bir bileydim, bu saat bınnari yaza-yaza bəzi kəlmələri zümzümə etdiyim də ruhuna əyanmı?

Mənim bu ruhsal xitabımdan sonra, Sənin möhür vurduğun həmin o mahnıdakı nəqarata hopdurduğun ecazkar avazla bərabər, bir kitablıq mənası olan bir nüans barədə bir abzas.

Sən çox yaxşı bilirdin ki, bu xitabı kimə etdiyini biz də bilirik. Ovaxtlar nəinki bütün hal (və Rüstəm-Zal) əhlinə, hətta bir yığın xof-xəfiyyə qövmünə də gün kimi aydın idi ki, Sən o mahnıda “trafaret” bir Yara xitablansan da, parçalanmış Vətənimizin digər yarısına “mahna” edirsən. Bu ilahi nəğmə bu tayda – Bakıda lentə alınsa da, Sən “Dərbənd aralı, könlüm yaralı, Bir yar sevmişəm, Qaragilə, – ellər maralı” bəyanını ürəyində məhz Təbrizdən car edirsən. Bu him, bu eyham sənin “can-qan”ovuz rəngli səsindəki Təbrizlöyün nisgildən əlavə, milli nəfs-nəfəsindəki məsafə iraqlığından da hiss edilirdi. Bu, coğrafi-relyefi faktlara, ölkəvi-bölgəvi fakturalara da uyğun gəlirdi; axı, bizim (!?) sabiq “Dəmirqapı Dərbənd”imiz o tay paytaxtımızdan bu tay paytaxtımıza nisbətdə daha “aralı” idi. Bunları (ağdamlı İsgəndər Novruzlunun “Qarabağın maralı” adıyla yazdığı mahnını ermənilərin Moskvadan belə danoslamaqla “Azərbaycan maralı” kimi sənədləşdirmələri məsələlərini) öz xəlqi yanğı-yanıqlı avazı ilə duyuran isə məhz bu otay-butaylı ümumazərbaycan Maralı olan Sən – Rübabə Muradova idin!..

Ay şirin-şəkkər şivəli xanım, bileysən bunnari niyə deyəm? Əlbət, Sən hələ-həlbət bileysən! Vəli, mənüm söz-sovim, filməsəl, o vaxti şurəvinin fil qulağində yatan bir qisim-qövmədi, qıza! Yəni onlar, gec də olsa, bilsinlər ki, o cür siyasi çağlarda dinləyicilərə bu cür mətləblər duyurmağın özü də bir qəhrəmanlıq idi...

Necə ki, bir kərə Səni AzTV-nin dəhlizində yaman halda, lap elə oxuduğun təsniflərdən birinin bir misrası  (“Ay bu yaman gündə...) günündə gördüm və fikrimdən bu keçdi: “çöldən cağbacağ, içdən çilik-çilik bir termos...”

Belə-belə işlər, düşüncələr, xatiratlar, ay təkrarsız metso-soprano!..

Sən o çətin dövrdə öz can-cismində yaylayıb-qışlayan qəmu-həsrətləri “unudub”, milyonlarla dinləyiciyə xoş hallar bəxş edirdin. Səni xariclərə buraxmasalar da, xatirələrdən bəlli olur ki, ən yüksək səlahiyyət sahibləri belə öz oğul-uşaq toylarına daha çox Səni dəvət edirmişlər. Elə bu “zərurət”dən də otuz yaşında Sənə Xalq artisti adı veriblər.

 

Güneyimizin –

 

şan-şöhrətli, Şah Xətai şərafətli Ərdəbilində doğulmusan. Quzeyimizdə – ucqar bir rayon teatrında ikən öz ələm aləminlə bahəm, xoş avaz, bənzərsiz əda və davranışınla böyük aktyorumuz Ələsgər Ələkbərovun gözünə necə aləm görünmüsənsə, dərhal Bakıya dəvət edilmisən. Əvvəl Filarmoniyanın, sonra Opera və Balet Teatrının solisti olmusan. Asəf Zeynallı məktəbinin də bəxtəvərlərindən olmusan; uğuruna “Seyid Şuşinski sinfi” düşüb. Opera teatrında isə naxışın birə-beş gətirib! “Sevimlimiz” çağırılmısan, adın dillərə “Əsl Əsli”, “Təkrarsız Xanəndə qız” kimi düşüb, “Ərəbzəngi”nə, “Şahsənəm”inə, “Sənəm”inə bir baxanlar növbəti çıxışlarını səbirsizliklə gözləyiblər. Oxuduğun muğamlar, təsniflər, xalq və bəstəkar mahnıları nəinki statistik heyranların, hətta təbiətən rəqabət-qısqanclıq damarlı sənətdaşların tərəfindən də “möhürbənd”i timsalında qəbul edilib.

Yeri gəlmişkən, Sən səhnədə Leylini yox, özünü oynayıb getdin...

Sevdiyin Yurd və Yar sevgilərinin heç birinə qovuşammadın. Sənin doğallıqdan qərib tonlu Səsini eşidəndə yerli doğulub-yerli öləsi dinləyicilər də qəribləşirlər.

Sən öz ömrünün şamı idin; “Leyli və Məcnun”dakı bədii şamdan yox a, real, həyati şam! Heyf, o şama layiqincə pərvanələşəmmədik...

Efirlərdə oxuyurdun: “Ömür keçdi, gələmmədim, gec oldu...” Məclislərin birindəsə söyləmişdin: “Ay həzərat, bu sözlərin hər biri ürəyimi minbir kərə deşmələr!..”

Oxuduqlarımıza görə, qısqanclıqlarına görə iki ərdən olmusan. Hətta sonuncusu bir gecə yatdığın yerdə, Səni gözəl göstərən uzun, qara saçlarını kəsib də. Sənsə daha heç vaxt ərə getməyəcəyini kəsdirmisən... 

Dərdlərini ovundurmaqçün, sümürdükcə sağlamlığını və əllicə yaşda canını alası siqaretə (hərdən acı meyə) meyl salmısan. Neçə ildən sonra ilk məhəbbətini – Ərdəbildə ikən sevdiyin oğlanla yenidən qarşılaşsan da, ailəsi “müğənnidir!” - deyə ona səninlə birləşməyi yasaqlayıb... Və elə bu dəm Haqq dünyaya köçənə qədər yaşadığın bir –

 

Qəzavü-qədərdən...

 

Bu barədə düşünüb-daşınırkən haqqında oxuduğum yazılardan birinin gözəl başlığı gəldi xəyal qənşərimə: “Doldur piyaləmi Arazdan mənim...” Sonra Üzeyir bəyin “Arazbarı”sı səsləndi ruhumda... Yox, belə getsə, hələ də hicrançay kimi axan o Arazın söz-sov dalğaları mənim bu vüsalməram yazı-arxıma dov gələcək. Yaxşısı budur, keçim  oxuyub-eşitdiyim xatirələrdən bəzi fraqmentlərə və öncə deyim ki, onlardan birində Xan Arazın ləpələri hicrani-hicrani sədalanır, o birində “Xarı-bülbül” ab-havası yaşanır və lap axırda belə məlum olur ki, Sənin qəlbin də gözəllər gözəli imiş.

Adını unutduğum bir xanım deyirdi: “O, məni Ərdəbildə qalan Mehrac adlı rəfiqəsinə bənzədirdi. Gecəni gündüzə qatıb, Rübabə xanımçün ruhuna uyğun şeirlər, mahnı sözləri axtarıb tapırdım. Onun hal-əhvalının izharı olan sözlər, mətnlər…”

Kiçik bacısı Tahirə Muradova isə onu bu xalqın “Səs-səda bacılığı” kimi təsvir-təfsir edirdi: “Bacım özündən, bizdən çox bu xalqı, bu milləti oxuyurdu. Son günlərini də mahnıyla yaşadı. Şəkər xəstəliyi sağlamlığını, görkəmini alsa da, sonacan səsinə dəyə bilmədi. Mənim bu işə məəttəl qaldığımı görüncə, deyərdi, ay qız, atamız tez-tez demirdimi ki, “səs bizdə həm Allah vergisi, həm də ölüncədi?!.”

Haqq dünyaya köç məqamında bacısına “ayrıca bir vəsiyyət” edir: “O taya yol açılarsa, Ərdəbildən bir ovuc torpaq gətirib səpərsən qəbrim üstünə…” 

Bir neçə ildən sonra Ərdəbilə gedən Tahirə xanım nakam bacısının verdiyi nişanələrlə ata-baba ocağını tapır. Şəhərdəki qohum-əqrəba, dost-tanış sovet vaxtı köçüb Şimali Azərbaycana getmiş Mirzə Xəlil İşraqinin ogünədək adını eşitmədiyi bu “Şurəvi qızı”nın pişvazına çıxır.

Ovaxtlar ruha çevrilmiş Mirzə Xəlil kişinin nələr duyduğunu söyləmək çətin, fələyin saydığından isə bir epizod: Hələ uşaqkən bu ailə gözəl Ərdəbil dağlarına istirahətə gedir. Yeddi-səkkiz yaşlı Rübabə dağın döşündə bitmiş çiçəklərdən dərdikcə-dərir və nənəsi onlardan birini görəndə içini çəkib, vaysınır: “Ay bala, sən neyləmisən?! Bu “Gümüşxəncər” çiçəyi 20-25 ildən bir açır. Bunu dərən adamın əllərini üç ay sərasər yara basar, tale-qismətdənsə yarımaz…”

Belə, “Qaragilə”…

Yox, bir dəyqə, qoy sözümün son zənguləsini də edim. Belə ki, elə bil yüz il bundan əqdəm başladığım bu yazının başlanğıcında Sənə “ey”, “ehey”, “ay” imrənmələrilə xitablansam da, sona vardıqca öləziyən söz közümün küllüyündə belə bir qor işardı: Bu “gəlimli-gedimli dünya”ya 1933-də gəlib, vur-çıx əllicə il – qıpqısa bir mahnı sürəsiycə yaşayıb, “son ucu ölümlü” dünyanı 1983-də tərk etdin, vay QARAGİLƏ!..


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *