vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TÜRK DÜNYASI  
16:33 | 20 noyabr 2018 | Çərşənbə axşamı Məqaləyə 3955 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atatürkün son baş naziri “milli şef”i necə devirdi?

Türkiyənin demokratiyaya keciş tarixi ...

Zeynal ƏMİRƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İsmət İnönüdən sonra Türkiyədə kimin prezident olacağı hər kəsin maraqla gözlədiyi bir məsələ idi. Çox adamların adları hallansa da, heç kim İnönü sonrası millətin dediyinin olacağını təxmin etmişdi. o dövr də təkpartiya rejiminin seçki ilə gedəcəyini təxmin etmək olduqca çətin idi. Demokratiya Partiya Cümhuriyyət Xalq Partiyasının 27 illik iqtidarına son vermiş, Cəlal Bayar isə Milli şefi, yəni İsmət İnönünü məğlub edəcək böyük bir qələbəni qazanmışdı. Ölkə artıq yeni bir dövrə qədəm qoymuşdu. Bununla belə yeni bir təhlükə də qapıda idi. Bir sözlə demokratiya qurban tələb edirdi.

Türkiyə İnönü dövründə Ankaradakı bürokratik və hərbi sistemin iradəsi ilə idarə edilirdi. Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkü “əbədi şef”, özünü isə “milli şef” elan edən İnönü 12 illik hakimiyyəti dövründə iqtidarını heç kimlə paylaşmadı. İstiqlal savaşının ikinci ən böyük komandanı olan İsmət paşa, bəlkə də, Türkiyə tarixində xalqa ən uzaq prezident idi. Millətlə çox nadir hallarda görüşürdü. Ölkədə bu dövrdə avtoritar partiya idarəçiliyi hökm sürürdü. İnönün dövlət idarəçiliyindəki ən böyük dəstəkçisi isə CHP-nin mərkəzi aparatı idi. Bu sərt rejim xüsusilə İkinci dünya müharibəsi zamanı daha da kəskinləşdi. 11 noyabr 1942-ci ildə baş nazir Şükrü Saracıoğlu tərəfindən “Varlıq vergisi” adı ilə bir verginin tətbiq olunması haqqında əmr imzalandı. Səbəb kimi müharibənin törətdiyi çətinliklər göstərilirdi. Bu vergi sisteminə görə əhali müsəlmanlar, qeyri-müsəlmanlar, dinini sonradan dəyişənlər və xarici vətəndaşlar olaraq 4 qrupa bölünürdü. Verginin əsas ağırlığı isə qeyri-müsəlmanların üzərinə düşürdü. Hətta bu vergini ödəyə bilməyənlər Ərzurumdakı əmək düşərgələrinə göndərilirdi. Bütün bu sərt tədbirlərə rəğmən 1945-ci il Türkiyədə demokratiyanın meydana gəldiyi il olaraq anılabilir.1939-1945-ci illərdə davam edən müharibənin sonunda avtoritar rejimlər ağır məğlubiyyətə uğramışdı.

İnönü əsl mənada çox güclü bir diplomat idi. Hər iki cəbhənin ciddi cəhdlərinə baxmayaraq Türkiyəni savaşdan kənarda saxlaya bildi. Savaşın ən önəmli nəticələrindən biri dünyada demokratiya rüzgarının əsməsi olmuşdu. 24 aprel 1945-ci ildə ABŞ-ın San-Fransisko şəhərində toplanaraq demokratiyanı inkişaf etdirməyə və Birləşmiş Millətlər Təşkilatını qurmağa qərar verən 51 ölkənin arasında Türkiyədə var idi. Bununla da Türkiyənin siyasi qədəri bəlli olmuşdu. Çoxpartiyalı sistem gəlməliydi. Ancaq 12 illik sərt rejim yerini heçdə rahat buraxmaq niyyətində deyildi.

San-Fransisko şəhərində qəbul edilmiş qətnamədən cəsarətlənən CHP-nin 4 millət vəkili-Cəlal Bayar, Adnan Menderes, Fuad Köprülü və Refiq Koraltan 7 iyun 1945-ci ildə TBMM rəhbərliyinə “Dördlü təqdir” deyilən bir ultimatum təqdim edirlər. Bu İnönün sərt idarəçiliyinə qarşı yüksələn ilk səs idi. Ultimatumu imzalayan 4 millət vəkili Türkiyənin demokratiya ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyirdi. Buna verilən cavab isə gözləniləndən daha sərt oldu. CHP rəhbərliyi bu ultimatumu rədd etməklə yetirməyib 21 sentyabr günü Adnan Menderes və Fuad Köprülünü, 26 noyabrda isə Rəfiq Koraltanı partiyadan xaric etdi. Bunun ardınca Cəlal Bayarda partiya üzvlüyündən istefa etdiyini bildirdi. Bu sərt vəziyyəti ən yaxşı dövrün Ankara millət vəkili Hıfzı Oğuzbekata ifadə etmişdi. “Türk millət padşahları Allahdan başqa heç kimin qulu olmamaq üçün uğurlamışdı. Xalqımız, padşahların mülkü olan torpaqlarda yalnız özünün hakim ola biləcəyi bir vətəni yaratmağın mübarizəsindədir. Məhz buna görədir ki, hər vətəndaş padşah olmaq üçün demokratiya mübarizəsinə könül verib. Təkrar qulun qulu olacaqdıqsa, bu qədər əziyyətə nə ehtiyac vardı?”.

Türkiyə riski çox yüksək olan bir macəranın yolçuluğunda idi. İqtidarı demokratiyaya razı salmaq asan iş olmasa da bunun alternativi də yox idi. 1 noyabr 1945-ci ildə TBMM-nin yeni tərkiblə ilk iclasında çıxış edən İsmət İnönü Türkiyə siyasətinin tək əksikliyinin parlamentdə müxalifət partiyasının olmaması fikri partiyadan getmiş 4 millət vəkilini cəsarətləndirdi. Bununla da Türkiyəni Tərəqqipərvər Cümhuriyyət Firqəsi və Sərbəst Cümhuriyyət Firqəsindən sonra üçüncü bir müxalif partiya sınağı gözdəyirdi. Yeni bir müxalifət partiyası qurmaq xaricidən daha çox daxili amillərlə də bağlı idi. İnönü sonrakı müsahibələrində o dövrdə demokratik sistemin qurulmasına icazə verməsələr ölkədə inqilabın başa verə biləcəyini qeyd edirdi. Bu ruzigarın təsiri ilə 4 nəfər-Cəlal Bayar, Adnan Menderes, Refik Koraltan və Fuad Köprülü 7 yanvar 1946-cı ildə Demokrat Partiyasını (DP) qurdular. Prezident İsmət İnönün partiya proqramını təsdiq etməsi ilə yeni partiya ictimaiyyətə elan edildi. Ölkədə 1947-cu ildəki seçkilərə ciddi hazırlıq gedirdi. CHP əlindəki dövlət resurslarından istifadə edir, DP isə sərt sistemin yumşalmasını istəyən kütləyə xitab edərək prezidentin bitərəfliyini müdafiə edirdi. Demokrat Partiya hələ qurulduğu vaxtda bu müxalifət partiyasına xalqın marağının nə qədər çox olacağı görülmüşdü. Xalqın müxalifətdən ümidi çox böyük idi. Təsadüfi deyil ki, bu partiyanın üzvlərinin sayı ilk həftəsində bir milyona çatmışdı. Bu dövrdə seçki kampaniyası üçün bölgələrə gedən müxalifət lideri Cəlal Bayarı xalq “Qurtar bizi, baba” şüarı ilə qarşılayırdı. Təhlükəni görən iqtidar Demokrat Pariya təşkilatlanmasını bitirməyə macal tapmadan Bələdiyyə seçkilərininin tarixini irəli,1946-cı ilin mayına çəkdi. Eyni ssenari parlament seçkilərinə də şamil olunaraq,1947-ci ildən 1946-cı ilin iyul ayına keçirildi. Bayarın liderliyindəki DP təşkilatlanmasını tamamlamadığı üçün 1946-cı ildəki bələdiyyə seçkilərini boykot etməli oldu. Parlament seçkilərində qoyulan sistem isə çox qalmaqallıydı. Belə ki, səslər açıq verilib gizli sayılacaqdı. Yəni vətəndaşın kimə səs verdiyini hər kəs görəcəkdi, ancaq səslər hesablanarkən bunu kimsə müşahidə edə bilməzdi. Bu məsələ şübhəli qaldığı üçün Demokrat Partiyası məhkəməyə müraciət etsə də heç bir nəticə əldə olunmadı. Seçkilərdə yerli idarəçilər xalqı demokrat namizədlərə səs verməməsi ilə bağlı xəbərdarlıq etmiş, hətta demokratları dəstəkləyən bir neçə yerdə seçki sandıqları oğurlanmışdı. Heç bir halda demokratik olmayan bu seçkidə CHP yenidən qalib gəldi. Bu hadisələrdən sonra 1946-1950-ci illər siyasi həyatda qalmaqallı dövr kimi yadlarda qaldı. Türkiyə tarixində ilk dəfə olaraq gerçək bir iqtidar-müxalifət mübarizəsi baş verdi. Parlamentdəki kiçik Demokrat Partiya Fraksiyası var gücü ilə CHP iqtidarına qarşı tam sərt bir müxalifət yarada bilmişdi. DP-nin nüfuzu ölkədə surətlə artırdı.16 fevral 1950-ci ildə yeni seçki qanunu qəbul edildi. Qanuna görə səslər demokratik sistemdə olduğu kimi gizli verilib açıq sayılacaq və hər partiya seçki sandığının başına müşahidəçi təyin edə bilərdi. Bundan başqa namizədləri təkcə partiya mərkəzləri deyil, həm də yerli partiya təşkilatları da müəyyən edə biləcəkdi. Bağlanan ilk müxalifət partiyasının qurucularından Əli Fuad Cəbəsoy, Fəxri Bələn və Refet Bele kimi İstiqlal savaşının nüfuzlu komandanlarını da öz sıralarına qatan Demokrat Partiyası 1950-ci ildəki Parlament seçkilərinə böyük bir inamla qatıldı. Seçkilər 14 mayda keçirildi. Nəticələr şok effekti yaratdı. Belə ki, DP 53.3 faiz səs almaqla 408 deputat mandatı qazandı. CHP isə qazandığı 39.9 faiz səsin müqabilində 69 millət vəkili ilə kifayətlənməli oldu.

Nəticələr artıq bir dövrün sona çatdığını gösdərirdi. “Milli şef” seçkidəki məğlubiyyəti ilə barışaraq, xüsusilə ordu içindəki tərəfdarlarının dediklərinə qulaq asmadı və millətin seçiminə hörmət etdi, hakimiyyəti Demokrat Partiyaya verdi. Seçkidən sonrakı gün Cəlal Bayarın prezident olacağını görən bir neçə general İsmət İnönün qəbuluna gedərək əgər razı olarsa, ölkə idarəsinə əl qoyub hakimiyyətə yenidən onu gətirə biləcəklərini deyirlər. Ancaq İsmət İnönü bu təklifi rədd edir və hakimiyyətdən gedəcəyini bildirir. Bu işdən yeni iqtidarın xəbəri olmuşdu. Cəlal Bayarın prezident kimi elə ilk işində İnönüyə bu təklifi aparan generallar və polkovnikləri hərbi xunta təşkil edib hakimiyyəti zorla ələ keçirməkdə ittiham edərək vaxtından əvvəl təqaüdə göndərir. Onların arasında dövrün Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Nafiz Gürmanda vardı. 6 sentyabrda baş verən bu təmizləmə hadisəsində ordudan 150 nəfər zabit qovuldu ki, onlarında hamısı general və polkovnik rütbələrindəydi. Daha sonra aparılan araşdırmalarda bu qrupun hərbi çevriliş hazırlığında olduğu və çevrilişin sentyabrın 8-dən 9-na keçən gecə baş tutacağı məlum olmuşdu. Yeni qurulan parlamentdə ilk dəfə CHP azlıqda idi. Məclis DP millət vəkilləri ilə dolmuşdu. Sırada isə hər kəsin maraqla gözlədiyi prezident seçkisi vardı. Mətbuatda bu vəzifə üçün bir çox şəxsin adı keçirdi. Cəlal Bayar partiya lideri olaraq namizədi müəyyən etmək üçün çox demokratik bir seçki keçirdi. Hər kəsin ürəyindəki namizədi gizli şəkildə kağıza qeyd etməsini istənildi. Bayar 1938-ci ildə Atatürk vəfat etdikdən sonra yeni dövlət başçısını müəyyən etmək üçün CHP daxilindəki seçkidə də bu üsulundan istifadə etmişdi. Məhz İsmət İnönü bu üsulla prezident kürsüsünə otura bilmişdi. Bu dəfə isə eyni sistem Cəlal Bayarı dövlətin başına gətirdi. Belə ki, DP funksionerləri hamısı seçimlərinin Cəlal Bayar olduğunu qeyd edirlər. 22 may 1950-ci ildə ilk iclası keçirilən TBMM ilk olaraq DP-nin qurucularından Refik Koraltanı yekdilliklə parlamentin sədri vəzifəsinə, daha sonra isə 382 səslə Cəlal Bayarı ölkə prezidenti vəzifəsinə seçdi. Beləliklə, Cəlal Bayar Mustafa Kamal Atatürk və İsmət İnönüdən sonra Türkiyə Cumhuriyyətinin 3-cü prezidenti oldu. Bayar həmdə CHP-dən olmayan və hərbiçi olmayan ilk dövlət başçısı kimi Türkiyə tarixinə düşdü. CHP-nin namizədi kimi seçkiyə qatılan İsmət İnönü isə yalnız 66 deputatın səsini qazana bildi. Bu dövrdə iqtidara yeni gəlmiş Demokrat Partiyada da parçalanma baş verir. İki yerə bölünən hakim partiyada birinci qrupa Cəlal Bayar və Refik Koraltan, digərinə isə Adnan Menderes və Fuad Köprülü rəhbərlik edirdi. Cəlal Bayar 1946-1950-ci illərdə Demokrat Partiyada hər mənada söz sahibi idi. Ancaq 1950-ci ildə Bayar prezident seçilib Konstutusiyaya görə partiyadan çıxdıqdan sonra partiyanın yeni sədri və ölkənin baş naziri seçilən Adnan Menderes partiyadakı bütün ipləri öz əlinə aldı. Hətta bir müddət sonra Bayarın tərəfdarlarını da partiya rəhbərliyindən kənarlaşdıraraq yerinə öz adamlarını gətirdi. Bu isə açıq və ya gizli prezident-baş nazir gərginliyinə səbəb oldu. Ancaq hər iki siyasətçi hər zaman məsələni qanun çərçivəsində həll etdiyindən hansısa bir kəskin siyasi böhran yaranmağa qoymadı.1954 və 1957-ci illərdə də prezident seçilən Cəlal Bayarın prezidentliyinə 1960-cı ildə hərbi çevrilişlə zor gücünə son qoyuldu. Hökuməti uzun zamandır təhdid edən ordu hərəkətə keçərək ölkə idarəçiliyini ələ keçirir. Baş nazir Adnan Menderes, xarici işlər naziri Fatin Rüşdü Zorlunu və maliyyə naziri Həsən Poladqanı edam edilir. 1960-cı il mayın 27-də səhərə yaxın gənc polkovnik Alparslan Türkeşin ölkə idarəçiliyinin rəsmən ələ alındığını radio vasitəsi ilə ölkəyə elan edir. Bu zaman Çankaya sarayında olan Bayar təslim olmamış, ancaq millətin iradəsi əsasında vəzifəsindən gedə biləcəyini söyləmişdir. İstiqlal savaşından sonra ilk dəfə silahını əlinə alan 67 yaşlı qocaman siyasətçinin alnına dayadığı silahı atmağa macal tapmır.

Ordu Bayarı da həbs edərək digər hökumət üzvləri ilə birlikdə Yassı adaya göndərir. Cəlal Bayar həbsdə olarkən kəmərlə özünü asmağa cəhd edir.