vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
19:07 | 18 mart 2017 | Şənbə Məqaləyə 2739 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əbədi ahəng və tarazlığın bayramı

Novruzun savabı minillər adladaraq bu günümüzə çatdırdığı dualardadır

Rafael HÜSEYNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İnsan təqvimləri idarə edə bilər, lakin zaman həmişə bizim hökmümüzün fövqündədir və astronomik yeni il, onun ilk günü hər xalqa hansı təqvimi işlətməsindən asılı olmayaraq həmişə mütləq matın 20-21-də gəlir.

Novruz siyasətdən ən uzaq bayramdır ona görə ki, onu insan iradəsi yaratmayıb. O, təbiətin bayramıdır, günəşlə yerin kainatdakı dövranının xoşbəxt bir anının bayramıdır. Amma novruz həm də ən siyasi bayramdır. Ona görə ki, novruz bəşəriyyətin ta yaranışdan uğrunda mübarizə apardığı böyük idealların hamısını özündə qovuşdurur.

Novruz bərabərliyin, həmrəyliyin, anlaşmanın, dostluğun, tolerantlığın, bir-biri ilə diltapmanın, sülhün, rifahın bayramıdır.

Novruz bu gün onu bayram edən 300 milyondan artıq insanı əhatə edən onlarca xalqın hər biri üçün əzizdir, ancaq bu bayramın ən sevimli cəhəti odur ki, heç bir xalq deyə bilməz ki, novruz tək mənimkidir.

Novruz haqqında danışarkən hamı birlikdə «bu bizim bayramımızdır» söyləyə bilir.

Bu da novruzun əsas fəlsəfəsinin, qovuşduruculuq missiyasının, millətlər, mədəniyyətlər arasında körpüyə çevrilməyə, dialoq yaratmağa istiqamətlənmiş güc olduğunun daha bir təsdiqidir.

Dünya şairi, dahi mütəfəkkir Mövlana Cəlaləddin Rumi «Həmdeli əz həmzəbani behtərəst» – «Eyni dilli olmaqdan, eyni ürək sahibi olmaq daha gözəldir», - söyləyəndə, əlbəttə ki, çox haqlı idi və novruz nüvəsində məhz bu keyfiyyəti daşıyır, insanları ruhən, mənən yaxınlaşdırır, hər kəsi təbiətdəki saflıqla, tarazlıqla uyğunlaşmağa dəvət edir.

Həmin fəlsəfəni elə Şah İsmayıl Xətai də «Dəhnamə»sində dəqiq bəyan edir:

 

Qış getdi, yenə bahar gəldi,Gül bitdi və laləzar gəldi.Quşlar hamusu fəğanə düşdü,Eşq odu yenə bu canə düşdü.

 

Xətainin bahara verdiyi qiymətin, yazın təsvirindəki bu incə müşahidəsinin gözəlliyi ondan ibarətdir ki, şah şairimiz novruzu yalnız gül-çiçəyin açılmasının, təbiətin oyanışının təntənəsi saymır, ən əvvəl insanın içərisində sevginin, şövqün bir ocaq kimi təzədən dirçəlməsi hesab edir.

Novruzu ümumbəşəri edən də elə onun cövhərindəki heç vaxt solmayan məhəbbət, insansevərlik duyğusudur.

Nizami Gəncəvi ədəbi ənənənin «Xəmsə» ünvanı verdiyi məsnəvilər silsiləsində novruz bayramının eramızdan əvvəl 350-ci ildə, demək 24 əsr qabaq qeyd edilməsi barədə soraq verir.

Azərbaycana islamın gəlişindən sonra itirdiyimiz əski mədəni-mənəvi sərvətlərimizdən biri də uzaq keçmişlərdə ana dilində, öz türkçəmizdə oxuduğumuz dualardır.

Novruzun bir savabı da o dualardan ən azı bircəsini əsrlər, minillər adladaraq indimizə çatdırmasıdır.

Hər evdə novruz ərəfəsində göyərdilən səməniyə oxuduğumuz duanı!

«Səməni saxla məni, ildə göyərdərəm səni». Sanki insan o bir ovuc buğda ilə şərt bağlayır, əhd-peyman kəsir ki, bir-birlərini qorusunlar, bir-birlərini yaşatsınlar.

Novruz Azərbaycanda həmişə torpağın, təbiətin oyanışının, mənəvi saflığın, bərabərliyin bayramı olub. Amma lap əvvəldən bu günə kimi ilk növbədə günəşin, günəşin yerdəki timsalı olan odun-ocağın bayramı olub.

Azərbaycanda novruz gününün əsrlərcə yaşayan bir adəti də var. Gecə cavanlar dağlarda, təpələrdə, ucalıqlarda tonqal qalayır, sübhə qədər oyaq qalırlar. Bu adətə «Günəşi qarşılama» deyirlər. Dan üzü günəş doğunca onlar hamılıqla qədim «Qodu xan» nəğməsini oxuyurlar.

Yenə də min illər və əsrlər əvvəl olduğu kimi Azərbaycana novruz gəlir, yenə Azərbaycan insanı min illər və əsrlər öncə olduğu kimi dağlarda tonqal qalayır, yenə səhər açılanda, ilk şəfəqlər saçılanda ilk dəfə görürmüş kimi Günəşi qarşılayır, Günəşə, Bahara, Təzə Günə Salam deyir! Və həmişə də belə olacaq!

Heç bir siyasətə qarışmayan, amma özü ən böyük və ən düz siyasət olan novruz daim insanları dünyadakı ahəngi, tarazlığı, nizamı hifz etməyə, elə həmin ülvi pərdəyə köklənməyə dəvət edəcək!

Martın 19-da saat 21.30-da və martın 21-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində saat 23-də səslənəcək «Axşam görüşləri» verilişi yurdun əziz bayramına – sevimli Novruza həsr ediləcək.