vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MEDİA-QHT  
18:48 | 20 may 2022 | Cümə Məqaləyə 2000 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qadir Lənkərana qayıtdı

Doğulduğu yerə, keçmişinə ...

Şəmşad AĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Qadir Bakını həmişəlik tərk edib doğma Lənkərana qayıtdı, uşaqlığına, lənkəranlılığına döndü... O daha Bakı sakini deyil, bakılı heç deyil.

Bizimsə yaddaşımızda bir imza buraxdı: Qadir İbrahimli. 

Onu gülüşləri, şıltaq davranışları, “səy-səy danışma”, “özünüzü düz aparın”, “sizi mən adam elədim”, “hoppan, ay uşaq”, “yellən burdan” tipli ərkyana zarafatları ilə xatırlayacağıq. 

Öyrəşəcəyik ki, Qadir daha yoxdur, əvvəl vardı, indi yox...

İndi o, anasının yanında uyuyur, bizsə içimizə çəkilib bir cənub uşağının geriyə qayıdış səhnəsinin kədərli mənzərəsini gözlərimiz önündə canlandırır, kimimiz göz yaşı tökür, kimimiz də içində hönkürür...

Qadir Azərbaycan jurnalistikasının ağrıyan yerlərindən biri idi. O ağrılar hamımızda var, olub, olacaq. O ağrıyan yerdən hamımız keçmişik, keçirik, amma Qadir oradan keçmədi, elə oradaca ilişib qaldı... 

Qadir doğulduğu yerə, keçmişinə qayıtdı, həm də bütün gələcək və yarımçıq arzularını özü ilə birgə torpağa gömdü... Bəlkə də, heç gələcəyə inanmırdı, bütün gözləntilər onun üçün mənasız idi...  

Arada fikirləşirəm ki, görəsən, bizim taleyimiz, sonumuz - hər kəsin tez-tez işlətdiyi “axırımız” necə olacaq? 

İndi kəndlər köçür, Bakıya mənasız bir axın var, uşaqlıq illərimizin xatirələrinin dolaşdığı küçələr boş qalır, şəhərə doğru böyük bir köç var. Az qala qayıdacaq yerimiz də yoxdur, görünmür, bir müddət sonra, bəlkə də, olmayacaq. 

Bizim kənd belədir: hamı köçür, köçməyə hazırlaşır - şəraitsizlikdən, yolsuzluqdan, işsizlikdən...

Hə, doğrudan da, fikirləşirəm: Qadir, bəlkə də, Bakının bu boz və bulanıq mühitindən bezib Lənkərana qayıtdı. Bəs, görəsən, nə vaxtsa, mən Lerikə qayıda biləcəyəmmi, yoxsa... 

Bilmirəm... 

Ruhun şad olsun, dostum, belə etməməli idin, çox ağır dönüş oldu...