

Mark Markes zədələr üzündən mövsümlər buraxanda çoxu düşünmüşdü, artıq karyerasını başa vuracaq. Amma o, bütün titullarını, qələbələrini qazandığı “Honda”ya qayıtdı.
Markın olmadığı müddətdə yaponlar zəifləmişdilər. İndi nəinki qələbə, heç podium qazanmaq belə mümkün deyildi. Ona görə də Mark “MotoGP”də güclü olan “Ducati”yə keçmək yolları axtardı. imkanı yalnız italyanların törəmə komandası “Gresini”yə keçidə var idi. Mark bir il bu komandada qardaşı Aleksə yoldaşlıq etdi. Mövsümün sonuna kimi titula namizəd oldu, amma əvvəlki mövsümün “bayk”ı ilə bundan artığı mümkün deyildi. “Ducati” Markın bu çıxışından məmnun qaldı və onu yüksək komandaya keçirdi.
Çoxları Markın hətta güclü “bayk”la gənc sürücülərə uduzacağını düşünürdü, amma nə o, nə də sadiq azarkeşləri belə düşünmürdülər. Budur, Mark bu həftəsonu bizi sevindirdi.
Şənbə günü baş tutan sıralanma turunda Mark “poul” qazandı, srağagün sprintdə, dünən isə əsas yarışda mövsümə qələbə ilə başladı. Hər iki yarışda ikinci yeri onun balaca qardaşı Aleks tutdu. Markın komanda yoldaşı ikiqat dünya çempionu Pekko Banyaya isə hər iki yarışı 3-cü yerdə başa vurdu.
Məncə, mövsümə bundan gözəl start vermək mümkün deyildi. Qarşıda hələ 21 həftəsonu var, uzun bir çempionat bizi gözləyir və nəticədən asılı olmayaraq, Mark onu sevənlər üçün ƏSL ÇEMPİONDUR.
P.S. Dünən yarışın gedişində artıq 6-cı dövrədə qardaşını 1 saniyədən çox qabaqlayırdı. Qardaşı isə Pekkonu 1.2 saniyə üstələyirdi. Mark çox darıxdığından qardaşını irəli buraxdı, 17 dövrə onu sıx təzyiq altında təqib elədi, zəif yerlərini yoxladı, dəfələrlə keçmək imkanı olsa da, bunu etmədi. Sanki son dövrələrdə qardaşını Pekkonun mümkün hücumlarından müdafiəyə hazırlayırdı. Finişə 3 dövrə qalmış keçdi Aleksi və finişdə 1.7 saniyə üstünlük yaratdı. Qardaşı isə Pekkonun hücumlarını dəf etdi. Finişdə atasının hər iki oğlunu bağrına basması əla səhnə idi.
P.P.S. “Ducati” “MotoGP”nin “Ferrari”si sayılır. Ona görə də italyanlar üçün elə “Formula-1” komandası səviyyəsindədir. Maraqlıdır ki, “Ducati” ilə sonuncu dəfə debüt yarışını 2007-ci ildə Keysi Stouner qazanmışdı və mövsümün sonunda titula sevinmişdi. “Ferrari”də həmin il Kimi Rəykkönen debüt yarışını Keysinin vətəni Avstraliyada qazanmış, sonda isə titulunu rəsmiləşdirmişdi. Builki mövsüm Avstraliyada başlayır və Lyuis Həmilton “Ferrari” ilə debüt yarışını keçirəcək. Tarix təkrarlanacaqmı?