vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
01:10 | 5 mart 2025 | Çərşənbə Məqaləyə 235 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mollaları silkələyən açıqlama

Hər kəslə anlayacağı dildə danışmaq, onu öz tərziylə başa salmaq lazımdır

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin Xarici işlər naziri Hakan Fidanın bir neçə gün öncə “Əl-Cəzirə” kanalına verdiyi müsahibəsində İranın Yaxın və Orta Şərqdəki proksi qüvvələri, milisləri dəstəkləmə siyasətini sərt dillə tənqid etməsinin molla rejimini möhkəm qıcıqlandıracağı, əlbəttə, gözlənilən idi.

Hərçənd ki, molla rejimi ağıllı rejim olsaydı və sağlam düşünsəydi, Fidanın açıqlamalarına kəskin reaksiya vermək əvəzinə, Türkiyənin baş diplomatının fikirlərinə rasional yanaşar və bu fikirlərdən, bu tənqid və tövsiyələrdən faydalı nəticələr çıxarmağa çalışardı.

Lakin əfsuslar olsun ki, molla rejimi həmişəki zəhərli, destruktiv tərzinə sadiqdir. Bu səbəbdən Fidanın açıqlamaları İranın rəsmi, siyasi dairələrində ciddi narazılıqla qarşılanıb. Tehran rəsmiləri və yerli media dərhal Ankaraya aqressiv cavab vermək üçün hərəkətə keçib.

Bəs, gəlin görək Hakan Fidan sözügedən müsahibəsində İran mollakratiyasının nəzərinə nələri, hansı gerçəkləri çatdırmaq istəmişdi?

Cənab Fidan ilk növbədə proksi qüvvələri dəstəkləmə siyasətinin uzunmüddətli perspektivdə Tehranın özü üçün təhlükəli nəticələr doğurduğunu və İrana dividendlər əvəzinə, daha çox itki gətirdiyini mollaların nəzərinə çatdırmağa çalışıb.

Başqa sözlə desək, Türkiyə XİN-in başçısı İranın bölgədə terrorçu qruplaşmalar, milislər vasitəsilə apardığı aqressiv xarici siyasətin böyük risklər daşıdığını bildirib. Onun sözlərinə görə, Tehran bu siyasət nəticəsində ilkin mərhələdə müəyyən uğurlar, qazanclar əldə etsə də, lakin sonda həmin qazanclarını qorumaq üçün daha çox itki verməli olub.

Nazir İran rəsmilərinə, o cümlədən ABŞ tərəfindən öldürülən general Qasım Süleymaniyə bu siyasətin uzunmüddətli perspektivdə ölkə və region üçün ağır nəticələr doğuracağını söylədiyini qeyd edib.

Türkiyə XİN-in başçısı, həmçinin, bir ölkənin başqa dövlətlərdəki silahlı qrupları dəstəkləyərək üstünlük qazanmağa çalışmasının əks təsir yaradacağını və mütləq cavab reaksiyası doğuracağını da diqqətə çatdırıb: “İran yeni dövrün hadisələrindən nəticə çıxarmalıdır, indi köhnə səhvləri davam etdirməyin vaxtı deyil. Əgər siz başqa ölkədə hansısa qrupa dəstək verməklə narahatçılıq yaratmaq istəyirsinizsə, o zaman başqa bir ölkə də sizin ölkənizdəki digər qüvvələri dəstəkləməklə sizə narahatlıq yaratmaq istəyəcək. Siz başqasına daş atırsınızsa, unutmayın ki, sizə də daş ata bilərlər. Odur ki, sənin pəncərənə daş atılmasını istəmirsənsə, başqalarının pəncərəsinə daş atma”.

Bütün bu fikirlərinin sonunda Hakan Fidan onu da vurğulayıb ki, artıq bölgədə hər hansı bir ölkənin, o cümlədən İranın hökmranlıq etmək dövrü bitməlidir. İran bölgədə hegemonluq iddiasından əl çəkməli və əməkdaşlığa əsaslanan siyasət yürütməlidir. Ümumiyyətlə, bütün ölkələr əməkdaşlığa əsaslanan siyasət yürütməlidir.

Bu kontekstdə, Hakan Fidan İranın İraq və Suriya siyasətinə də toxunaraq, İran rəhbərliyindəki ağıllı şəxslərin bu məsələyə sadəcə qazanc və itki prizmasından baxmayacaqlarına inandığını söyləyib.

Türkiyəli nazir bölgədə sabitliyin yalnız birgə əməkdaşlıqla mümkün olduğunu bir daha vurğulayaraq, köhnə hegemonluq düşüncələrinin tərk edilməsinin vacibliyini mollaların diqqətinə çatdırıb.

Hakan Fidanın bu açıqlaması molla rejimi üçün həqiqətən də olduqca ibrətamiz və nəticə çıxarılası bir açıqlamadır. Necə deyərlər, hər kəslə məhz onun anlayacağı dildə danışmaq, onu öz tərziylə başa salmaq lazımdır. Bu mənada mollalar artıq mesajlarını alıblar.

Fidanın bu qədər açıq mətnlə səsləndirdiyi fikirlərin və tövsiyələrin İranın hakim dairələrində ciddi narazılıq doğurması da elə bundan qaynaqlanır.

Əslində mollaların Fidanın açıqlamasına reaksiyası anlaşılandır. Çünki çox dəqiq, düzgün vurğu edən açıqlamadır. İranın məkrli siyasətini açıb ifşa edən açıqlamadır.

Molla rejimi Türkiyə parçalansın deyə PKK, PJAK, PYD kimi kürd terrorçu qruplarını illərdir ki, gizli və ya açıq şəkildə dəstəkləyir. Və yaxud da ki, İran dövləti Azərbaycan torpaqlarının işğal altında qalması üçün 2023-cü ildəki antiterror əməliyyatına qədər erməni separatçılarına da hər cürə dəstək verib.

Hakan Fidan da indi bu açıqlamaları ilə molla rejiminə mesaj göndərir ki, bəsdirin, artıq yetər, əgər siz kürdləri bundan sonra da Türkiyəyə qarşı dəstəkləməyə davam edərsəniz, biz də Güney Azərbaycan türklərini, eləcə də İrandakı digər türkləri sizə qarşı silahlandırarıq.

Lakin təəssüf ki, Türkiyənin baş diplomatının bu mesajları bir qədər gecikmiş mesaj təəssüratı bağışlayır. Demək istədiyim budur ki, İranın “pəncərəmizə atdığı daş”lara biz də zamanında adekvat cavab verməliydik. Mollalar Qarabağda erməni separatçılarına havadarlıq edəndə, Türkiyə və Azərbaycan da İranın “pəncərə”sini sındırmalıydı, İrandakı türklərə, o cümlədən güneyli soydaşlarımıza dəstək olmalıydıq.

Amma ulularımız “gec olsun, güc olsun” deyiblər. Türkiyə və Azərbaycan gələcəkdə farsların xain davranışları ilə üzləşməmək üçün İran kimi məkrli dövlətlə yox, məhz müstəqil Güney Azərbaycan Cümhuriyyəti ilə həmsərhəd olmaq haqqında düşünməlidir. Ankara ilə Bakı bunun üçün bütün səylərini birləşdirməlidirlər.

P.S. Yeri gəlmişkən, bu il farsların Qacar dövlətini devirib, yerində İran dövlətini qondarmalarının 100-cü ili tamam olur. Güney azərbaycanlılar bu 100-cü ili sükutla ötürməməlidirlər. Qacarların varislərini də aktivləşdirmək lazımdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)