vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
01:17 | 13 mart 2017 | Bazar ertəsi Məqaləyə 4012 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dost itkisi

Kübar bir insan, fədakar ailə başçısı, sədaqətli dost...

Sabir RÜSTƏMXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeniyetməlik, gənclik dostlarımdan birini də itirdim: İbad İbrahimov.

Altincı sinifdə oxuyanda, payon məktəblilərinin bədii olimpiadasında tanış olmuşduq. Xalq mahnılarını, muğamları və ya muğam təsniflərini yanğılı, yapışıqlı bir səslə oxuyurdu. Mənim də yeni-yeni şeir yazan vaxtımdı, öz şeirlərimi və məktəb proqramındakı şairlərimizin şeirlərini söyləyirdim... Sonra iki il ard-arda həmin olimpiadaların Bakıdakı yekun müsabiqəsində və Şamaxıda, Cəngi meşəsində məktəblilərin respublika turist toplantılarında iştirak etdik. Buna görə də kəndlərimizdəki yeddi illik məktəblərdən sonra Yardımlı Qəsəbə onbirillik məktəbin 8-ci sinfində oxumağa gələndə aramızda yetərincə səmimi bir münasibət vardı. Bundan sonra onbirillik məktəbi bitirənədək keçən dörd il ömrümüzün ən xoşbəxt və ən unudulmaz illəri oldu. Həm təhsilin səviyyəsi, həm ictimai, milli şüuru biçimləndirməsi, həm də bir çox mənəvi keyfiyyətləri aşılamaq ənənəsi baxımından əsl bir universitet keçdik o dörd ildə. Hər gün dağ yollarıyla kəndlərimizə getmək çətin olduğuna görə məktəbyanı internetin yataqxanasında qalırdıq. Bir növ müstəqilləşmiş və həyatı bütün acısı-şiriniylə, sevgisi-nifrətiylə dərk etməyə başlamışdıq. İlk sevgi, gələcəklə bağlı ilk planlar, oxumaq həvəsi və öz evinin altı- yeddi kilometrliyində yataqxanada yaşamaq sıxıntısı... Həyat öz sərt üzüylə qarşımızdaydı...

İbad köhnə atəşpərəstlik mərkəzlərindən olduguna görə Gavran adlanan kənddəndi. Yol yaxın oldugundan yataqxanada darıxanda ara-sıra ona qoşulub gedər və evlərinin ikinci mərtəbəsində, aynabənddə sabaha kimi söhbətləşər, arzularımızı bölüşməkdən yorulmazdıq. Burda onun el ağsaqqalı olan atası, ailəsi ilə tanış olmuşdum. Piyada yolu dağın yamacıyla dikəlirdi. Yuxarı qalxdıqca gözümüz önündə Peştəsər dağ silsiləsinin ruhu qanadlandıran görüntüsü açılırdı. Xüsusən aylı gecələrdə gümüş rənginə bürünən dağlar kosmik bir sehr saçırdı. Aşağıda yatağına sığmayan Viləş ərimiş qurğuşun kimi vadi boyu qıvrılıb gedirdi. Burdan baxanda qəsəbədən aralıda təklənmiş, yoxsul, lakin şən yataqxanamız da görünürdü. Aşırımdakı qayaların üstündə otururduq və İbad xahişsiz, minnətsiz oxumağa başlayırdı. Sanki hiss edirdi ki, bu qərib gecələrin təkrarsız mənzərəsinin tamamlanması üçün çatışmayan yeganə şey onun səsindəki kədərdir. Bu səsi dinləyəndə gözüm dolub- boşalırdı...

Qum dənəsindən tutmuş gül ləçəyinə qədər hər şeyin bizə könül açdığı və ya bizim axşam mehinin, gündoğan şəfəqlərinin dilini anladığımız, duyğularımızın qanad açıb bizi dağlarımızın o üzündəki dünyaya, başımızın üstündə salxımlanan ulduzlara uçuran vaxtıydı. İçimiz ən təmiz və ən təmənnasız bir sevgiylə doluydu. İbad ürək dostum və sirdaşım idi. Bizə görə qohum əqrəbalarımız da yaxınlaşmışdı.

Sonra İbad müəllimlik kursunu qurtarıb kənddə müəllim işlədi, Bakı pedaqoji institutunda qiyabi oxudu. Mən Universitetə girib Bakıya bağlandım. Lakin müəllim işləsə də rayonun mədəniyyət tədbirləri onsuz keçməzdi. Tədricən İbad ən gözəl muğam ustalarından biri, xalq mahnılarının bənzərsiz ifaçısı kimi bütün bölgədə məşhurlaşdı və hətta müəllimlikdən uzaqlaşmağa məcbur oldu. O zaman qolundan yapışan olsaydı ölkənin ən usta və təkrarsız muğam ustası məqamına yüksələrdi. Ancaq o öz taleyi ilə barışdı. Yardımlı, Lerik, Masallı, Lənkəran və Astarada yüzlərlə gəncin toy- düyün məclisini öz səsiylə, iştirakıyla canlandırdı, ailələrin əziz qonağı oldu. Həyat yoldaşı olacaq qızla tanışlığı da belə toy məclislərindən birindən başlanmışdı. Lənkəran qızları hökmlüdür onu Yardımlıdan qoparıb apardı. Lənkəranda özünə gözəl ev- eşik qurdu, şəhərin sevilən mədəniyyət xadimlərindən biri kimi sayğı qazandı, sevildi. üç qız, bir oğul atası oldu. Lakin sonra birdən bir qəfil tale rüzgarı onun nizamını pozdu və ömrünün yaşlı illərini Bakıda çox böyük çətinliklərlə keçirdi. Vətəndaş Həmrəyliyi partiyasının fəallarındandı. Ömrünün sonuna bir gün qalmış partiyaya gəlibmiş, hamıyla görüşüb, zarafatlaşıb, mənə mane olmasın deyə görüşmədən gedib.

Yay aylarını kənddə keçirməyi xoşlardı. Bu il də havaların qızmasını gözləyirdi ki kəndə qayıtsın, çox sevdiyi dağlarının gözəlliyini bir daha görsün, havasını udub, suyunu içsin...

Bu dəfə həmişəlik qayıtdı. Məzar yerini öncədən göstərmişdi, dağ döşündəki qəbiristanda, cavan bir nil ağacının yanında...

İbad son dərəcə saf, səmimi, xeyirxah, son tikəsini bölən, yaxşılıqdan başqa yol tanımayan, yüksək mədəniyyətli, kübar təbiətli bir insan, fədakar ailə başçısı, sədaqətli dost idi...

Onu yola salmağa çox adam gəlmişdi. Onun sevdiyi adamlar... Bütün ömrü boyu oxuduğu mahnıların kədəri çökmüşdü üstümüzə...

12.03.2017