

İkili standartlar, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymamaq Qərb dövlətlərinin və onun himayəsində olan təşkilatların, qurumların əsas siyasətidir, desək yanılmarıq. 30 il Azərbaycan torpaqları işğalçı Ermənistan tərəfindən zəbt olundu, tarixi, mədəni abidələri dağıdıldı və dünya birliyi bu ədalətsizliyə göz yumdu. Və Azərbaycan 30 il sonra tarixi ədaləti bərpa etməyə çalışanda, hərəkətə keçdilər. Sülh və sabitlikdən dəm vurmağa başladılar. Təəssüf ki, bu qurumlar sırasında BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) da adı var.
Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə quruma məktub ünvanlayıb. UNESCO ilə son illərdə baş verən proseslərdən göründüyü kimi, xanım Mehriban Əliyevanın bu qərarı faktiki olaraq UNESCO-nun Azərbaycana münasibətdə xüsusilə son illər sərgilədiyi ikili yanaşmaya diplomatik dillə etirazdır.
Ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə UNESCO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə UNESCO işğal olunmuş ərazilərə missiya göndərməyib. Bunun əksinə, Azərbaycan Vətən müharibəsində qələbə qazanan kimi, Azərbaycanın guya bəzi abidələri dağıtmaq barədə Ermənistanın iddiaları əsas alınaraq UNESCO missiyanın göndərilməsi istiqamətində canfəşanlıq edib. Bu dəfə də, Azərbaycanın xoş məram nümayiş etdirərək missiyaya razılıq verməsinə baxmayaraq, UNESCO səfərin təşkil olunacağı ərazilərin kimə məxsusluğu barədə Ermənistanla yaranmış fikir ayrılıqlarını bəhanə gətirmiş və yenə də missiya reallaşmayıb. Bütün bunlar göstərir ki, Azərbaycana qarşı birtərəfli mövqe sərgilənməsinin səbəbləri sırasında Fransa əsilli baş direktorun olması istisna edilməməlidir. Nəzərə alınmalıdır ki, hələ 2005-ci ildə baş direktor Koiçiro Maatsura dövründə UNESCO ən azından Azərbaycanın çağırışlarına reaksiya vermiş, təşkilatın hesabatında missiyanın göndərilməsinin qarşısını alan səbəb kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində əraziyə girişin mümkün olmamasını qeyd edib. Əvvəlki baş direktorlar tərəfindən sərgilənən bu və başqa qismən ədalətli mövqeyə, UNESCO-nun prinsiplərinə hörmətə baxmayaraq, Odri Azulayın yanaşmalarının təməlində Fransanın da ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyası və Azərbaycana qarşı ziddiyyətli mövqeyinin dayandığı güman olunur. Azərbaycanın UNESCO-nun işinə uzun illər verdiyi töhfənin məhz təşkilatın imicinin qaldırılmasına əsaslandığını, ölkəmizin təşkilatın işində fəal rolunu nəzərə alaraq, Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir vəzifəsindən imtinasından sonra Azərbaycanla münasibətlərdə məhz itirən tərəf UNESCO olacaqdır.