vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
16:19 | 5 dekabr 2019 | Cümə axşamı Məqaləyə 1795 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp Ərdoğanı Makrondan qorudu

Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı

Stanislav TARASOV, regnum.ru

Fransa Prezidenti Emmanuel Makron kürd problemini NATO dövlət başçıları səviyyəsinə çıxarıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu oyunu oynayaraq bildirib ki, alyans üzvləri Suriyanın kürd birləşmələrini terrorçu elan etməsə, NATO-nun Baltikyanı ölkələrin və Polşanın Rusiyadan müdafiəsini gücləndirmək səylərinə mane ola bilər.

Və burada ABŞ prezidenti Donald Tramp yenə öz gedişini edib. NATO liderlərinin Londonda keçirilən yubiley sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp “The Grove” otelində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Cəmi yarım saat davam edən görüş mətbuat üçün qapalı keçirilib. Ağ Evin sözçüsü Hogan Gidlinin sözlərinə görə, Ankaranın alyans qarşısında öhdəliklərini yerinə yetirməsinin nə qədər vacib olduğu vurğulanıb.

Tramp və Ərdoğan regional təhlükəsizlik, enerji təhlükəsizliyi və ikitərəfli ticarəti 100 milyard dollar artırmaqla ticarət əlaqələrinin daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Danışıqların təfərrüatları barədə məlumat verilmir. Bu, bir neçə səbəbə görə çox əhəmiyyətli görünür. Məsələ ondadır ki, sammit ərəfəsində və işin ilk günündə Tramp-Ərdoğan-Fransa prezidenti Emmanuel Makron üçbucağında kəskin siyasi intriqa başladı.

Bundan əvvəl Makron az qala Tramp və Ərdoğanı Türkiyənin digər müttəfiqləri xəbərdar etmədən Suriyanın şimalında hərbi əməliyyata başlaması ilə bağlı gizli anlaşmada ittiham edirdi. Bununla əlaqədar Fransa prezidenti “NATO-nun beyin ölümü”ndən söz açdı. Makron bir qədər də uzağa getdi. O, Türkiyənin Suriyaya işğalı səbəbindən İŞİD-in  qayıtmağa başladığını söylədi.

İkincisi, o, Türkiyəni Suriya kürdlərini, o cümlədən İŞİD-lə mübarizədə əsas dayaq olan Özünü Müdafiə Qüvvələrinin (YPG) döyüşçülərini zəiflətməkdə ittiham etdi.

“Bağışlayın, danışıqlar masası arxasında bizim terrorizmlə bağlı eyni tərifimiz yoxdur – Makron qeyd edib. –  Türkiyəyə baxanda görürəm ki, indi onlar İŞİD-ə qarşı bizimlə çiyin-çiyinə vuruşanlara qarşı vuruşurlar“.

Onun sözlərinə görə, “onlar (türklər – S.T.) bizdən Kürdüstan İşçi Partiyasını (PKK) və digərlərini terrorçu qruplar kimi tanımağımızı istəyirlər, amma bu bizim tərifimiz deyil”.

Bundan əlavə, Fransa prezidenti Ankaraya “İŞİD-in etibarlı adamları ilə” işləməklə bağlı irad bildirib.

Nəhayət, Makron, türklərin Rusiyaya məxsus “S-400” zenit raket sistemləri alması arqumentini irəli sürərək Ərdoğana qarşı hücumu genişləndirib və Türkiyənin NATO-ya üzvlük məsələsini qaldırmağa çalışıb.

Qısası, Fransa prezidenti NATO sammitində Türkiyəyə qarşı ən azı siyasi danlaq təşkil etmək istəyirdi. Ancaq heç nə alınmadı.

Makronla Londonda görüş zamanı Amerika prezidenti bunları dedi: “Türkiyə ilə, Ərdoğanla əla münasibətlərimiz olduğunu söyləyə bilərəm. ABŞ ordusu Suriyanı qismən tərk etdi və Türkiyəyə bu ölkə ilə sərhədlərinə müstəqil şəkildə nəzarət etmək imkanı verdi”.

Əslində bu, Suriyanın şimalında Ankaranın hərbi əməliyyata başlamasına dair Tramp ilə Ərdoğan arasında müəyyən bir razılaşmanın mövcud olmasının bir etirafıdır.

“S-400”ə gəldikdə, ABŞ prezidenti Türkiyənin ABŞ-ın “Patriot”larını almaq istədiklərini bir daha xatırladıb: “Lakin Obama administrasiyası bunu etməyə imkan vermədi. Beləliklə, bu hekayənin iki tərəfi var və mən bunu deməliyəm”.

Bu, ona işarədir ki, ABŞ Konqresi “S-400”lərin alınması ilə əlaqədar Türkiyəyə qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul etsə, Tramp ona imza atmaya bilər.

Eyni zamanda, prezident Tramp Makronun “NATO-nun beyin ölümü” ilə əlaqədar sözlərini “təhqiramiz və çox xoşagəlməz” kimi qiymətləndirib. Və Parisə “işsizliyin yüksək səviyyəsini” və “Fransanın hamıdan çox NATO-ya ehtiyacının olduğunu” xatırladıb.

Beləliklə, Londonda “təxribatçı bir fiqur” kimi təqdim etmək istədikləri Ərdoğana qarşı ictimai hücumun qarşısı alındı.

Bəlkə də, NATO-nun baş katibi Yens Stoltenberqin dediyi kimi, “verdiyi təhlükəsizlik zəmanətlərini şübhə altına almamaq üçün” alyansa birlik nümayiş etdirmək vacib idi.

Ancaq bu medalın yalnız bir tərəfidir. Digərinin mahiyyəti ondan ibarətdir ki, Makron kürd problemini NATO-ya üzv dövlətlərin başçıları səviyyəsinə qaldırdı və polemikaya başladı.

Ərdoğan da bu oyunu oynayaraq bildirdi ki, NATO üzvləri Suriya kürdləri və Ankaranın terrorçu hesab etdiyi digər qrupları terrorçu elan etməyəcəyi təqdirdə, Baltikyanı ölkələrin və Polşanın Rusiyadan müdafiəsini gücləndirmək üçün alyansın səylərini əngəlləyə bilər.

Biz bir araya gələrək bu məsələləri məmnuniyyətlə müzakirə edə bilərik ” deyə o bəyan edib. –  Ancaq NATO-dakı dostlarımız bizim terrorçu hesab etdiyklərimizi terror təşkilatları kimi tanımasa, biz orada atılacaq bütün addımlara qarşı çıxacağıq”.

Burdan sual yaranır ki, Tramp bu məsələdə Ərdoğana dəstək verməyə başlayır və ya söhbət bəzi taktiki xarakterli kompromislərdən gedir. Əgər bu yoxdursa, onda bu istiqamətdə Tramp və Makron arasında heç bir ziddiyyət yoxdur, yalnız bu problemə yanaşmalarda fərq var.

Onda gec-tez Ankara NATO-nun sıralarında addımlamayacaq, halbuki hələlik ABŞ-ı öz tərəfinə cəkməyə ümid etməklə onunla müttəfiqliyə meyl nümayiş etdirir.

Trampa gəlincə, o, etnik baxımdan qarışıq Suriya Demokratik Qüvvələrinə (SDF) dəstək verməkdə davam edir və bunlarla PKK arasındakı fərqi vurğulayır.

Bu, prezidentin Konqresdəki tənqidçiləri ilə münasibətlərini asanlaşdırır. Görək bundan sonra nə olacaq.