vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ANALİZ  
14:25 | 21 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 2933 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsmət İnönü necə prezident oldu?

Bilinməyən tarix

MÖVZU İLƏ ƏLAQƏLİ

21.08.18 - Bilinməyən tarix...

Atatürkdən sonra prezidentin kim olacağı maraqla gözlənilirdi. Bu məsələ bir oyunla həll olunacaqdı. Həm də böyük bir oyunla. İsmət İnönü isə bu oyunun ən güclü oyunçusu idi. İllərin baş naziri prezidentliyə getmək üçün nəyi necə edəcəyini çox yaxşı bilirdi. O, hər şeyin əleyhinə çevrildiyi bir vaxtda usta həmlələrlə başa çıxmağı bacarmışdı.

Prezident olmaq üçün ordunun dəstəyi lazım idisə, ordu içində İ.İnönüdən daha nüfuzlu bir insan yox idi. İnönü hər həftənin sonu Ərkani-Hərbiyyəni (Ali Hərbi Məktəb) ziyarət edərək kursantlarla görüşürdü. O, ordu içində ən populyar adam mövqeyinə yüksəlmişdi. Həm də hərbi və siyasi təcrübəyə malik bir şəxs idi. Türkiyə üçün onun dövrü eyni zamanda yeni bir siyasi həyatın da başlanğıcı idi. Atatürk-İnönü gərginliyinin 1938-ci ilin əvvəlində artıq gün üzünə çıxması ikinci prezidenti seçməyi çətin bir məsələyə çevirmişdi. Atatürk xəyalındakı Türkiyəni qurmaq üçün xeyli çalışmış, bir çox islahat həyata keçirərək 1920-ci illərdə ölkədə böyük ölçüdə müsbətə doğru dəyişikliklərə imza atmışdı. 1930-cu illərdə isə ölkədə böyük irəliləyişlər nəzərdə tutulurdu. Ancaq 1929-cu ildə meydana çıxan dünya iqtisadi böhranı bu planları pozdu. İqtisadiyyatı yenicə özünə gəlməyə başlayan gənc dövləti bu böhran çox pis vurmuşdu. Xalq səfalət içindəydi. Mustafa Kamal Anadoluya etdiyi səfərlərdə bu vəziyyəti görmüş və Prezident Katibliyinin rəisi Həsən Rzasoya “Dərdliyəm, oğul. Böyük bir iztirab çəkirəm. Görürsənmi, getdiyimiz hər yerdə ancaq dərd, kasıblıq görürük. Hər tərəf dərin bir yoxluq, maddi-mənəvi pərişanlıq içindədir” demişdi. Bu sözlər Atatürkün vəziyyətdən xəbərdar olduğunu və narahatlıq keçirdiyini göstərirdi. Məlum narazılığın böyük sosial partlayışa səbəb olacağından ehtiyat edilərək nəzarət altında olacaq bir müxalifət axtarıldı. Bu məqsədlə Mustafa Kamal 1930-cu ildə iqtidardakı Cumhuriyyət Xalq Partiyası və baş nazir İsmət İnönü hökumətinə müxalif olması üçün yaxın dostu Fatih Okyara yeni bir siyasi partiya – Sərbəst Cumhuriyyət Partiyasını (SCP) qurdurdu. İnönünün siyasətçidən daha çox bürokrat kimi davranmasını və basqıcı rejim qurmasını, buna görə də xalq arasında narazılıq yaratdığı düşünən Mustafa Kamal daha liberal siyasətçi olan Fatih bəyi böyük siyasətə gətirmişdi. 14 oktyabr günü keçirilən seçkilərə qatılan sərbəstçilər iqtidarı qorxuya salacaq bir qalibiyyət qazanmışdılar. 502 mərkəzdə keçirilən seçkilərdə ikisi böyükşəhər olmaqla 40 bələdiyyəni SCP qazanmışdı. Bu qalibiyyətdən sonra SCP üzərinə çox böyük bir böhtan atılmışdı – “Mürtəci qüvvələr partiyada təşkilatlanır”. Nə qədər maraqlı olsa da ilk dəfə SCP-yə atılan bu böhtan cümhuriyyət tarixində millətin etimadını qazanan bir çox partiyaya da atılacaqdı. Prezident Mustafa Kamal da bu iddianı ciddiyə almış və SCP-nin quruluşunun 99-cu günündə özünü buraxmasını istəmişdi. Ancaq Atatürk bu vəziyyətdən də narazı idi. Partiyanın bağlanması ilə bağlı verdiyi müsahibədə buna münasibət bildirərkən “Xalq yenə çöldə qaldı” demişdi. Partiya qurulduğu andan etibarən onun lideri Fatih Okyar vəziyyətdən narazı idi. Çünki onu müxalifət edən partiyanın lideri eyni zamanda dövlətin başıçı idi. Bu narahatlığın 3 aydan sorna partiya bağladılarkən haqlı olduğu ortaya çıxacaqdı.

Prezident olmasına baxmayaraq Mustafa Kamal aktiv siyasətdən heç vaxt əl çəkmədi. Xüsusilə iqtisadiyyat və xarici məsələlərə davamlı olaraq müdaxilələr edirdi. Buna görə də baş nazirliyə gətirdiyi böyük dostu İsmət paşa ilə artıq böyük bir yol ayrılığına doğru gedirdi. Atatürk İnönüdən baş nazir olduğu dönəmdə ancaq icraedici olmasını istədi və gözləntisində yanıldı. Heç vaxt bu qarşılığı görmədi. Atatürk bu işin İnönü ilə olmayacağına tam əmin olduqdan sora yeni namizədlər üzərində fikirləşməyə başladı. 1932-ci ilin avqustunda bir gecə yenə Atatürkün süfrəsində Xalq Evlərinin rəhbəri Rəşid Qalib dövrün təhsil naziri Əsəd bəyi çox sərt bir üslubla tənqid etdi. Atatürkün müəllimi olan Əsəd bəyə qarşı edilən bu çıxış prezidenti əsəbiləşdirdi və onun məclisi tərk etməsinə səbəb oldu.

Bir ay sonra Atatürk təhsil naziri Əsəd bəyi vəzifədən azad edərək yerinə Rəşid Qalibi təyin edir və bunu gecə yarısı teleqrafla İstanbulda yerləşən Dolmabahçe sarayından Ankarada olan baş nazir İsmət İnönüyə bildirir. Baş nazirin prezidentə göndərəcəyi cavab isə bir qədər sərt olur. Gecə qəflətən yuxudan oyandırılaraq ondan xəbərsiz kabinetində vacib dəyişikliyə gedildiyini eşidən baş nazir bu əsəbiliklə prezidentə sərt bir məzmun ifadə edən cavab teleqramı göndərir. Çünki bu, ilk belə hadisə deyildi. Bundan bir neçə gün əvvəl də iqtisadiyyat naziri Mustafa Şərəf Özkan Atatürk tərəfindən İnönüyə bildirilmədən vəzifədən azad edilmişdi. Hökumətin yürütdüyü iqtisadi siyasətdən çox narazı olan Atatürk İnönünün də olduğu bir məclisdə Özkanı ayağa qaldıraraq sərt şəkildə tənqid etmiş və açıq-açığa istefa verməyə məcbur etmişdi.

Ancaq baş nazir buna etiraz etmiş və nazirini prezidentin qarşısında müdafiə etmişdi. Bu məsələ prezidentlə baş nazirin üzbəsurət münaqişəsi ilə nəticələnmişdi. Bir neçə gün sonra isə daha liberal siyasət aparması üçün iqtisadiyyat naziri vəzifəsinə İnönünün də razılığı ilə Atatürkün çox böyük önəm verdiyi İş Bankının rəhbəri Cəlal Bayar gətirildi. 14 sentyabr günü müqavilə təsdiqləndikdən sonra Atatürk dərhal parlamenti növbədənkənar iclasa çağırdı. Atatürk planını etmişdi. Parlamentdən İnönü hökumətinin dəyişdirilməsini istəyəcəkdi. Tərəflərin gərginliyinin artığı bu günlər Atatürkün Ankaraya gəlişi ilə yeni bir dövrə girmiş oldu. 17 sentyabr günü Türkiyə istiqlal savaşının 2 məşhur komandanının gərgin siyasi qarşıdurmasına səhnə oldu.

Nazirləri ilə birlikdə Çankayaya dəvət edilən İnönünün gözü qaralmışdı, o, heç çəkinmədən ürəyini boşaldacaqdı. Atatürkün iradlarına cavab olaraq “Bunları ətrafınızdakı insanlardan soruşun. Bu ölkə daha nə qədər bu sərxoş süfrəsindən idarə ediləcək?” dedi. Bu cümlə bütün ipləri dibindən qoparmışdı. Bir gün sonrakı görüşlərində Atatürk gecəki davanın təsiri ilə İnönüdən bir müddət siyasətdən çəkilməsini istəmiş, İnönü də bu istəyi qəbul etmişdi. İki tərəfin razılığına görə baş nazir öncə xəstəlik bəhanəsi ilə məzuniyyətə çıxmalı, qayıtdıqdan sonra isə tamamilə baş nazirlikdən istefa verməli idi. Atatürkün ağlındakı yeni baş nazir isə İş Bankını Türkiyənin ən böyük bankı edən və iqtisadiyyat naziri olaraq keçirdiyi islahatlarla iqtisadi böhranı müəyyən qədər cilovlamağı bacaran bacarıqlı iqtisadçı və börokrat Cəlal Bayar idi”.

Tarixçi bildirib ki, 20 sentyabr 1937-ci ildə İ.İnönünün yerinə öncə müvəqqəti, 25 oktyabrda isə rəsmi şəkildə C.Bayar baş nazir təyin olunur:

“Atatürk İnönüdən CHP sədrliyindən də istefa verməsini istədi. Beləcə İnönünün partiyada bir vəzifəsi qalmadı. Sadəcə Malatya millət vəkili olaraq məclisdə təmsil olunacaqdı. Siyasətdən xaric edilib Pəmbə Köşkdə ev həyatı yaşamağa məcbur edilən İnönü bu məcburiyyətə boyun əymədi. Əksinə, öz fəaliyyətini daha da gücləndirərək siyasətdəki yerini qoruyub saxlamağa çalışdı. Prezident Atatürkün xəstəliyinin getdikcə dərinləşməsi “yerinə kim gələcək” sualını gündəmə gətirmişdi. İnönü Atatürkün süfrəsində xələf olaraq özünü istəməyənlərə qarşı 13 illik baş nazirlik dövründə qazandığı gücü istifadə etməkdə qərarlı idi. İnönünün prezidentliyi əleyhinə fəaliyyət göstərən qrupun başında isə daim Atatürkün yanında olan daxili işlər naziri Şükrü Kaya vardı.

Ölkə konstitusiyasına görə prezidenti məclis seçir və prezident məclisdə təmsil olunan deputatlardan biri olmalı idi. İqtidardakı prezidentdən başqa məclisdən kənar kiminsə bu vəzifəyə namizəd olması qadağan idi. İnönü də məclisin deputatı idi. Beləliklə, əleyhdarların planı pozulmuşdu. Buna görə də tərəflər “B” planına keçmişdilər. Şükrü Kayanın planı ilə razılaşan xarici işlər naziri Tefik Rüşdü Aras İnönünü ABŞ-a səfir təyin etdirməyə çalışdı. Beləcə deputatlıq mandatına xitam verilən İnönü prezidentliyə namizəd ola bilməyəcəkdi. Atatürkün vəziyyətinin getdikcə ağırlaşmasına görə İnönü İstanbula gedərək Atatürkü son dəfə görmək istədi. Ancaq başda keçmiş nazirlərdən Rafiq Saydman olmaqla İnönünün yaxın ətrafı buna qarşı çıxdı. Saydman İnönünün qarşısında duraraq “Paşam, sizi öldürəcəklər. Ancaq mənim meyidim üzərindən adlayıb gedə bilərsiniz” deyərək İnönüyə əngəl oldu.

Həqiqətən də həmin dövrdə İnönüyə İstanbulda bir sui-qəsd hazırlanmışdı. Bu ərəfədə Prezident Katibliyinin rəisi Həsən Rzasoy da ortalığı qarışdıracaq bir iddia irəli sürmüşdü. Rzasoy bildirmişdi ki, 5 sentyabr günü vəsiyyətini hazırlayan Atatürk prezident kimi görmək istədiyi şəxsin adını çəkib. Bu şəxs İsmət İnönü deyil, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, marşal Fevzi Çakmak paşa idi. Bunu eşidincə İnönünün əleyhdarları Baş Qərargah rəisi Fevzi Çakmak paşanın ətrafında birləşməyə başladılar. Öncə baş nazir Cəlal Bayar Çakmakdan prezident olmağı istəyib-istəmədiyini soruşdu. Bu suala konkret cavab vermək istəməyən marşal ortamın gərgin olduğunu, buna görə ordu olaraq siyasətə müdaxilə etməyərək parlamentin istənilən qərarına tabe olacaqlarını bildirdi. Bu əslində “mübarizə aparmaq istəmirəm, amma məsləhət bilib seçsəniz olaram” demək idi.

Millət noyabrın 10-da dünyasını dəyişən Atatürkün ölumünə ağlarkən paytaxda böyük bir həyəcan var idi. Noyabrın 11-də, saat 09:00-da məclisdə CHP-nin qrup toplantısına baş nazir Cəlal Bayar belə başladı – “Namizədimizi müəyyən etmək üçün gizli bir səsvermə keçirəcəyik. Hər kəs kimi prezident görmək istəyirsə sakitcə yazsın”. İnönünün önündəki son əngəl də artıq aradan qalxmışdı. Bayarın bir namizədin adını çəkəcəyini gözləyənlər üçün bütün ümidlər ölmüşdü. Əslində bu bacarıqlı iqtisadçının düşünülmüş və uzaqgörən siyasi manevri idi. Bayar bu çətin və tarixi yükün altına girmək istəmirdi. Ona görə də şansı olduğu halda yeni prezidenti təkbaşına müəyyən etmədi. Səsverməyə qatılan 323 deputatdan sadəcə Hikmət Bayur İnönüyə səs verməmişdi.

İ.İnönü prezident olduqdan sonra öz əleyhidarlarından başda daxili işlər naziri Şükrü Kaya və xarici işlər naziri Tefik Rüşdü Aras olmaqla bir çox şəxsi nəinki hökumətdən, hətta parlamentdəki yerlərindən belə məhrum etdi.

İsmət İnönü 1942 və 1946-cı illərdə daha 2 dəfə prezident seçildi. Seçimin ən maraqlı izləyicisi isə ordunun başındakı Fevzi Çakmak paşa idi. Könülsüz də olsa İnönünün prezidentliyinə razılıq verən marşal 1946-cı ildə ilk dəfə hərbi formanı əynindən çıxardı və prezident seçkilərində rəqib kimi İnönünün qarşısına çıxdı. Çakmak paşanın digərlərindən fərqli özəlliyi isə dindar çevrələrə yaxın olması idi.

Marşal Türkiyədə köklü təriqət olan nəqşibəndi təriqətinə mənsub idi. 1946-cı ildəki bu seçkilər Türkiyə tarixinə ən gərgin prezident seçkisi kimi düşüb. Prezidentlik üçün açıq siyasi mücadilə gedirdi. Hər nə qədər sərt dövlətçi siyasəti ilə tanınsa da maraqlıdır ki, Türkiyəyə demokratiya gətirəcək çoxpartiyalı sistemi qazandıran yenə də İsmət İnönü özü idi. O, bu şəraitdə daha 25 ilə yaxın bir müddətdə CHP lideri olaraq demokratik Türkiyə siyasi həyatında əsas fiqurlarından biri oldu.

Zeynal ƏMİRƏLİYEV