Mütaliə rəqabəti...
... Yaxud “Mənim adım Zorbadır”
MÖVZU İLƏ ƏLAQƏLİ
İkimiz də proza nümunələrini, hekayə, novella və romanları sevə-sevə oxuyuruq, yəni bir növ mütaliə azarkeşiyik. “Bu qədər oxumaq olar?!” düşüncəsiylə çoxları mütaliə həvəskarına gülür, başları xarab olub deyirlər. Lakin həqiqi kitabsevərləri bu həvəsdən döndərmək mümkün deyil.
Dostum Ələsgərlə hündürmərtəbəli eyni şüşə binadakı iş mərkəzində çalışsaq da, fərqli mərtəbələrdə otururuq. Məşğul olduğumuz iş sahələri də fərqlidir.
Fəqət, səhər işə tələsərkən də, ofisdən evə gələrkən də yollarımız kəsişir. Bu sanki öz-özünə baş verir. Bir də görürsən, metroya qədər, piyada yerişi ilə iyirmi dəqiqəlik yolu ədəbiyyata dair söhbətlərlə bir göz qırpımı qədər qısaltmışıq. Ədəbiyyata, prozaya, nəsrə olan sonsuz həvəs bizi maqnit kimi bir-birinə çəkir, cəzb edir.
Mütaliə üçün müxtəlif üsullardan, müasir texniki vasitələrdən istifadə edirik. Bəzən bunun üçün internetə baş vururuq. Çünki, bu məkanda ədəbi əsərlərin seçim imkanı geniş, tərcümələr isə nisbətən keyfiyyətlidir. Dostum əsərləri əsasən türk dilində yükləyir. Mən isə rusca oxuyuram. Oxuma tərzimiz də fərqlidir. Gözlərimi yormamaq üçün mən yazını adi kağızdan, o, isə birbaşa “reader”dən oxuyur.
Dostumun mütaliə tempi çox yüksəkdir. Ələsgər ay ərzində 3-4 romanı asanlıqla bitirdiyi halda, mən birini zorla sona çatdırıram. Sürəti artıraraq ona çatmaqla bağlı cəhdlərim, “rəqibimin” mütaliə bacarığına və oxu vərdişinə məğlub həsəd hissindən o tərəfə keçmir.
Əksər əsərlər barədə fikirlərimiz üst-üstdə düşsə də, bəzən aramızda ziddiyyətlər, təbii mübahisələr, ədəbi diskussiyalar yaranır.
Biz kitab kolleksiyası toplayırıq və bu yarışda da mütaliə həmkarıma göz-görəsi uduzuram. Onun ev kitabxanası təxminən minədək cildliklər, müxtəlif yazıçıların A-dan Z-ya qədər seçilmiş əsərlər toplusu ilə doludur. Mənim ixtiyarımda olan kitabların sayı onunkularla müqayisədə təxminən iki dəfə azdır. Lakin, həvəsdən düşmürəm, əksinə, yarışma, rəqabət istəyi məni yeni kitablar almağa, kolleksiyanı zənginləşdirməyə vadar edir.
Birlikdə tez-tez kitab almağa gedirik. Elə ki, o müqəddəs məkana, kitab mağazasına daxil olduq, bizi oradan çıxarmaq qeyri-mümkündür. Bəzən onca dəqiqə üçün gəldiyimiz kitab mağazasında, özümüzü və vaxtı unudur, saatlarla keçən zamanın fərqinə varmırıq. Bir də baxırıq ki, üç əvəzinə beş, beş kitab almalıyıqsa yeddisini götürmüşük.
Aşırı mütaliə, bədii ədəbiyyat həvəskarları bəzən satıcılar tərəfindən aşkar şübhəylə, səbəbsiz qıcıqla, yersiz qısqanclıqla qarşılanırlar. Onlar kitabları, yalnız mütaliə naminə, kolleksiya naminə almağımıza inanmırlar. Onlar bizi özləri kimi, bir kitab alverçisi, bazar dəllalı olaraq görür, “yəqin burdan alıb, başqa yerdə satır” düşüncəsiylə dəyərləndirirlər.
Bir dəfə dostumdan, hal-hazırda nəyi mütaliə etməsi ilə maraqlandım. Üzümə baxıb gülümsündü və kitabın adını göstərdi: “Mənim adım Zorbadır”.
Əsərin adı qəribə səslənirdi və mən yubanmadan “google”a baş vurdum. Axtarış məni aparıb əsərin müəllifinə, Nikos Kazandzakis adlı yunan yazıçısıya çıxardı. O, Avropada kifayət qədər tanınmış ədib, iyirminci əsrin görkəmli ədiblərindən hesab olunsa da, nədənsə onun haqqında çox az bilirdim.
Bu ərəfədə bəzi tərəddüdlər, şübhələr, daxili narahatlıqlar mənə əziyyət verirdi. Əsəri, bu gözəl dostluq hekayətini oxuduqdan sonra orada bir çox həyat suallarına cavab taparaq mənəvi əminlik əldə etdim. Məsələn, əsərin bir yerində əslən Makedoniyadan olan Zorba deyir:
“Dünyada çox patriotlar var. Mən isə qətiyyən vətənpərvər deyiləm. Bir çoxları cənnətin olduğuna inanır və öz eşşəklərini onun zəngin otlaqlarında bəsləməyə çalışırlar. Mənim eşşəyim yoxdur və mən azadam, nə cənnətə, nə də cəhənnəmə inanıram. Ağam, mən savadsızam, nitqim bərbaddır, ancaq sən məni rahatca başa düşürsən. Bir çoxları şöhrətpərəstdir, bəziləri xudbin, Zorba isə belə şeylər barədə fikirləşmir. Mən yaxşılığa sevinmirəm, uğursuzluğa da əsla üzülmürəm. Əgər bilsəydim ki, yunanlar Konstantinopolu zəbt edib, bu məlumat mənə türklərin Afinanı ələ keçirməsindən çox təsir etməzdi.
Fərq etməz - arvadım var ya yoxdur, doğruyam, yaxud əclaf, paşayam, yoxsa hambal, mənim üçün hamısı eyni şeydir. Fərq yalnız mənim ölü, ya da sağ olmağımdadır. Şeytanamı uyacam, ya Allahamı sitayiş edəcəm, istənilən halda gəbərəcəm, iylənmiş cəsədə çeviriləcəm. İnsanların havasını korlayacam və onlar da məni dörd futluq çalaya basdırıb gedəcəklər”.
Əsərin digər yerində isə müəllif romanın qəhrəmanı Zorbaya xitabən söyləyir:
“Yer kürəsində böyük dağlar mövcuddur – mən davam etdim – orada ucadan-uca, hündür, ünyetməz yüksəkliklərdə monastır-məbədlər var. Həmin yerlərdə sarı geyimli zahid-monarxlar yaşayır. Onlar ayaqlarını qatlayıb, gözlərini yumurlar. Onlar həftələrlə, aylarla yalnız bir ideya haqqında düşünüb dərin yuxuya gedirlər. Yalnız bir ideya, eşidirsən?! Onlar bizim kimi qadınlar və kömür yatağı, kitab və iş-güc haqqında düşünmürlər, onlar diqqətlərini yalnız o böyük ideyaya yönəldib möcüzələr yaradırlar. Möcüzələr, tilsimlər, sehrlər məhz belə yaranır.
Zorba sən heç görmüsənmi adi zərrəbinin köməyi ilə günəş şüalarını bir nöqtəyə necə toplamaq olur? Bu zaman həmin yerdə od-alov, atəş əmələ gəlir. Bu proses İnsanın beynində də gedə bilər. Möcüzələri biz özümüz yaratmalıyıq, zehnimizi, diqqətimizi bir nöqtəyə, vahid amala, ali məqsədə yönəltməklə. Sən bunu anlayırsanmı?”
Növbəti gün dostuma, amerikalı yazıçı Uilyam Stayronun “Sofinin seçimi” romanından, onun müharibə illərində Auşvits cəhənnəmindən sağ-salamat qurtularaq Nyu-Yorka gələn və həmin ölüm düşərgəsində etdiyi dəhşətli seçimə görə ömrünün sonunadək əzaba çəkən qəhrəmanından, polşalı qadın Sofinin faciəli taleyindən bəhs etdim.
Gələcəkdə oxuması üçün, lap yaxınlarda bitridiyim digər iki əsəri, Lyosanın “Palomino Moleronu kim oldürüb” və Dmitri Qriqoroviçin “Kənd” povestlərini də Ələsgərə nişan verdim.
O, isə gülümsündü və mənə oxuduğu ən yaxşı əsərlərin top-siyahısını göstərdi. Oxucular üçün də maraqlı olacağını güman edib, siyahıdakı bəzi adları təqdim edirəm: Eji Kosinski “Rənglənmiş quş”, Mo Yan “Qızıl darı tarlaları”, Conni Uillis “Qiyamət kitabı”, Donna Tartt “Qızılı çınqıl quşu”, Sadık Hidayət “Kor bayquş”, Frenk Makkort “Ancelanın külləri”, Entoni Barces “Avtomatik portağal” və Con Fante “Tozdan soruş”, Ayn Rand “Həyatın qaynağı”, Kolett “Dişi pişik”, Tom Beyker “Donuzları təkmələyən uşaq”.
Beləliklə, hamınızı bu maraqlı əsərləri oxumağa səsləyirəm.
Yastığınız kitab olsun.
Vüsal BAĞIRLI