NATO-dan Ankarayla Kremli üz-üzə qoyacaq iddia
“Rusiya ilə barışmaq üçün Ərdoğan Davudoğlunu işdən çıxartmalı idi”
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ildə Suriyada döyüş tapşırığı yerinə yetirən Rusiyanın Su-24 təyyarəsini vurmağı şəxsən əmr edib”.
“Nezavisimaya qazeta” yazır ki, belə bir qənaətə NATO-dakı xüsusi brifinqlərdən sənədləri əldə edən “Nordic Research Monitoring Network” (Stokholm) təşkilatı gəlib.
Türk ekspertləri ddia edirlər ki, Ankara zərbənin kim tərəfindən endirildiyini gizlətməyə cəhd edirdi.
“Suriya sərhədindən Türkiyəyə yaxınlaşan və təhlükəsizliyə təhdid yaradan hər bir hərbi element hərbi təhdid olaraq qiymətləndiriləcək və hərbi hədəf olaraq qəbul ediləcək”, – Türkiyə Baş Qərərgahının hüquq məsləhətçisi Erkin Aginin hesabatında Ərdoğandan sitat gətirilir.
Onun açıqlamasına əsasən, Türkiyə tərəfi zərbə endirməzdən əvvəl azı 10 dəfə təcili rabitə kanalları vasitəsi ilə ruslara xəbərdarlıq edib.
Hesabatda iddia olunur ki, türk komandanlığı rusiyalı həmkarlarına Suriyadakı silahlı qarşıdurmada özlərinin “qırmızı xətlər”i barədə məlumat verib.
“Rusiya Federasiyasının səlahiyyətliləri bütün səviyyələrdə qarşılıqlı fəaliyyət qaydalarımız haqqında lazımi şəkildə dəfələrlə məlumatlandırılmışdı ki, bizim silahlı qüvvədən istifadə qaydalarımız pilotlardan Suriyadan Türkiyə hava məkanına gələn hər hansı bir naməlum aviasiyaya silahlı cavab tələb edir”, – deyə brifinq materiallarında qeyd olunur.
2015-ci ildə Rusiya tərəfinə “ekipajlarına Türkiyə sərhəddinə 5 mil məsafəyə yaxınlaşmamaq barədə” məlumat verilmələri təklif edilmişdi.
2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edildikdən sonra mayor Agin üsyançılara kömək etməkdə günahlandırıldı, Türkiyə hakimiyyətinin iddiasına görə, o, Gülənin göstərişləri ilə hərəkət edirdi.
Hüquq məsləhətçisi ömürlük həbs cəzasına məhkum edildi. Rusiyaya məxsus Su-24-ə hücum edən Türkiyə Hərbi Hava Qüvvələrinin pilotlarının həbs edildiyi bildirildi. Bundan sonra onlar barədə məlumat verilmir.
Qeyri-rəsmi məlumatlara görə, hücumda yalnız bir türk pilot iştirak edib, o da həbs edilməyib, ancaq ciddi nəzarət altında Türkiyə Silahlı Qüvvələrində xidmətini davam etdirib.
2017-ci ildə Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu 2016-cı ildə çevriliş cəhdini araşdıran parlament komissiyasına “təyyarə böhranında” iştirak edən pilotların Türkiyədə qadağan edilmiş hər hansı bir təşkilatla əlaqəli olub-olmadığını araşdırmağı tapşırıb. Davudoğlunun Türkiyə Baş Qərargahı ilə təmasları zamanı belə bir əlaqənin olduğunu ortalığa çıxarmaq mümkün olmayıb.
Türkiyəli politoloq, siyasi elmlər namizədi Kərim Xasın sözlərinə görə, Kreml əvvəl də əmri Ərdoğanın özünün bilirdi. Çünki o, dəfələrlə ölkənin hava məkanı pozulacağı təqdirdə cavabın eyni olacağını söyləmişdi. Davudoğlu da özünün əmr verdiyini söyləyirdi.
“Nezavisimaya qazeta” yazır ki, hər bir halda, 2015-ci ildə baş nazir şəxsən bu cür qərarlar qəbul edə bilməzdi. Lakin Rusiya ilə barışığa nail olmaq üçün Ərdoğan Davudoğlunu işdən çıxartmalı idi.
Analitikin fikrincə, Rusiya Federasiyasının rəhbərliyi Su-24 ətrafındakı böhranda Ərdoğanın rolu barədə məlumatlardan istifadə edə bilər.
“Moskva həm təyyarəyə hücumu, həm 2016-cı ildə çevriliş cəhdi zamanı baş verənlər, həm Türkiyənin siyasi elitasının İŞİD-lə, Suriyadakı digər radikal qruplarla əlaqələri, həm qeyri-qanuni neft ticarəti, həm də 2013-cü ildə Türkiyədəki korrupsiya qalmaqalı barədə daha çox məlumata malikdir”, – Deyə Xas hesab edir.
Təhlilçi eyni zamanda, ABŞ-da saxlanılan və türk elitasının da adının keçdiyi qızıl taciri Rza Zərrabın işini xatırladır: “Bütün bunlar Ankaranın Rusiyadan asılılığını artırır”.
Davudoğluna gəlincə, ekspertin fikrincə, Türkiyə lideri “təyyarə” böhranından yararlanaraq vurulmuş təyyarənin məsuliyyətini rəqibinin üzərinə atmaqla onun öz partiyasını yaratmaq cəhdlərinə zərbə vura bilər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml bu məlumata inanmır.
“Bu məlumatın haradan gəldiyi, nə dərəcədə etibarlı sayıla biləcəyi məlum deyil. Biz digər tərəflərin, o cümlədən Türkiyə tərəfinin açıqlamalarına istinad edirik ki, Rusiya təyyarəsinin məhv edilməsi ilə bağlı əmri başqa adamlar verib”, – İnterfaks Peskovdan sitat gətirir.
Əvvəlcə Türkiyə hadisəyə görə Rusiya rəhbərliyini günahlandırdı, bu da ikitərəfli münasibətləri xeyli gərginləşdirdi. Yeddi aydan sonra Ərdoğan prezident Vladimir Putindən, xilas olmaq istəyərkən silahlılar tərəfindən öldürülən pilot Oleq Peşkovun ailəsindən üzr istəməyə məcbur oldu.
Türkiyə lideri Su-24-ə zərbə endirmək qərarından özünü kənara çəkərək hadisənin arxasında terror təşkilatının lideri Fəthullah Gülən və onu dəstəkləyən qüvvələrin olduğunu söylədi.
Hadisədən dərhal sonra ultra sağçı “Boz qurd” təşkilatının üzvü Alparslan Çelik pilotun ölümünə görə məsuliyyəti öz üzərinə götürdü, lakin sonradan sözlərindən imtina etdi.
2016-cı ilin aprel ayında Türkiyə polisi Alparslan Çeliki qanunsuz silah saxlama və gəzdirmə ittihamı ilə həbs etdi. 2017-ci ilin may ayında İzmir məhkəməsi ona 5 il həbs cəzası verdi. Təqsirləndirilən şəxsin rusiyalı pilotun ölümündə iştirakı iddiasına baxılmadı…