“Mən ədəbiyyatı sevirəm, fikirləri yox”
Soyqırımı inkar edən “Nobel”çi dünyanı ayağa qaldırdı
Nobel mükafatı ətrafında yaranan qalmaqal davam edir. İsveçin paytaxtı Stokholmda Srebrenitsa qətliamını inkar edən Peter Handkeyə ədəbiyyat üzrə Nobel mükafatının verilməsi ciddi etirazlara səbəb olub.
Bosniya-Hersoqovinadakı qətliamı inkar edən avstriyalı yazıçı Peter Handkeyə Nobel mükafatının verilməsi İsveçin paytaxtında etirazla qarşılanıb.
Buna etiraz əlaməti olaraq isveçli jurnalist Kristina Doktar 1988-ci ildə BMT-nin “sülhün gücü sağlamlıq” komandasında yer aldığı üçün verilən Nobel mükafatını geri qaytarmağa qərar verib: “İsveç Akademiyası ilə qürur duyurdum. Ancaq indi hiss etdiyim yeganə şey utanc və günahkarlıqdır. 27 il öncə soyqırıma şahid oldum”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da soyqırım tərəfdarı Peter Handkeyə mükafatın verilməsini rüsvayçılıq adlandırıb: “On minlərlə müsəlmanın qanını tökən qatili müdafiə edib, tərifləyən bir insanı belə bir mükafata layiq görüb, tərifləmək utandırıcıdır, rüsvayçılıqdır”.
Onu da deyək ki, dekabrın 10-da Türkiyə serb Slobodan Miloşeviçi dəstəklədiyi üçün tənqid olunan 2019-cu ilin ədəbiyyat mükafatı laureatı Peter Handkeyə etiraz olaraq Nobel mükafatlandırma mərasimini boykot etmək üçün Albaniya və Kosovoya qoşulduğunu bəyan edib.
Kosovonun vəzifəsindən ayrılan xarici işlər naziri Behgjet Pacolli “Bosniya və Kosovada Miloşeviçin soyqırımını dəstəkləyən bir yazıçının Nobel mükafatına layiq olmadığını” bildirərək qeyd edib ki, o, İsveçdəki səfirinə mükafatlandırma mərasimini boykot etməsi üçün göstəriş verib.
Albaniyanın xarici işlər naziri Gent Çakaj da eyni addımı atıb və “Yuqoslaviyanın parçalanması zamanı müharibə vəhşilikləri mükafatlandırılmamalıdır” yazaraq tvit atıb.
Yüzlərlə insanın Stokholmun mərkəzindəki Norrmalmstorg Meydanında Handke əleyhinə etiraz aksiyası üçün bir araya gələcəyi gözlənilir.
Digər bir nümayişin isə mükafatlandırma mərasiminin keçirildiyi Stokholm konsert salonu xaricində olacağı planlaşdırılır. Handke 2006-cı ildə Miloşeviçin cənazə törənində keçmiş prezidenti mədh etmişdi.
Miloşeviç 1990-cı illərdə Yuqoslaviyanın parçalanmasından sonrakı münaqişələr zamanı törədilən soyqırım və digər müharibə cinayətlərinə görə BMT-nin Hollandiyadakı müharibə cinayətləri məhkəməsi tərəfindən mühakimə edilərkən ölüb.
Handke 6 dekabrda Stokholmdakı mətbuat konfransında Miloşeviçi niyə dəstəkləməsi ilə bağlı sualları cavablandırmayıb - “Mən ədəbiyyatı sevirəm, fikirləri yox”.