Pompeo Lukaşenkoya təcili yardım zəngi
“İstənilən qədər neft göndərməyə hazırıq, yaxşı qiymətə...”
Dünya bazarında neftin kəskin ucuzlaşdığı və Səudiyyə Ərəbistanının öz neftini Avropa bazarında xeyli ucuz təklif edərək Rusiya neftini sıxışdırmağa çalışdığı bir vaxtda ABŞ dövlət katibi Maykl Pompeo Minskə zəng vurub. Virtualaz.org xəbər verir ki, Pompeo Belarus xarici işlər naziri Vladimir Makeylə telefon danışığı zamanı ABŞ-ın bu ölkəyə “istənilən qədər neft göndərməyə hazır olduğunu” bildirib. Özü də rəqabətədavamlı qiymətə...
Məsələ bundadır ki, Belarus yanvar ayından etibarən Rusiyadan güzəştli qiymətə neft ala bilmir. Çünki Rusiya ucuz neftin əvəzində Belarusa “inteqrasiya” təklif edir. Prezident Aleksandr Lukaşenko isə deyir ki, Rusiyanın təklif etdiyi inteqrasiya əslində Belarusun Rusiyaya birləşdirilməsi və onun suverenliyinin əlindən alınması deməkdir. O, heç vaxt ucuz neftə görə ölkəsinin suverenliyini güzəştə getməyəcəyini açıqlayıb və neftə olan tələbatını bazar qiymətləri ilə də olsa, başqa ölkələrdən təmin etməyə başlayıb. İlin əvvəlindən Belarus Norveçdən iki tanker neft alıb. O cümlədən SOCAR Türkiyənin Ceyhan limanından Belarus neftayırma zavodları üçün tankerlərlə neft yola salmağa başlayıb. Artıq 250 min tonluq birinci partiya Belarusa çatmaq üzrədir.
Belə bir vaxtda ABŞ dövlət katibi Maykl Pompeo ötən ay Belarusun müstəqillik tarixində ilk dəfə Minskə səfər etmişdi və Lukaşenko ilə danışıqlarda Vaşinqtonun Belarus neftayırma zavodlarına “istənilən qədər neft verməyə hazır olduğunu” demişdi.
İndi Pompeo Makeylə telefon danışıqlarında bu təklifi bir daha təkrar edib. Bildirib ki, Amerika şirkətləri rəqabətədavamlı qiymətə Belarusa neft təchizatına başlamağa hazırdır. Belarus tərəfinin bu təklifə münasibəti açıqlanmır. Aydındır ki, ABŞ-ın məqsədi Minsklə Moskva arasında hökm sürən gərginlikdən istifadə etmək və Belarusun Rusiyadan asılılığını azaltmaqdır.
KİV-lər xəbər verir ki, indi təkcə ABŞ yox, Səudiyyə Ərəbistanı da Belarusa ucuz neft təklif edib.